Hökumət qərarını verdi, bəs kommersiya maraqları qiymətlərə təsir edəcəkmi?
Tarif (qiymət) Şurası iclasda hazırkı vaxtadək təsdiq edilmiş bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərar qəbul edib.
araz.az xəbər verir ki, bu qərar qəbul olunanadək dərman vasitələri üçün vahid qiymət tətbiq olunurdu və bütün apteklərdə dərman vasitələri həmin vahid qiymətə satılırdı. İndi isə həmin vahid qiymətlər yuxarı hədd olaraq təsdiq edilib, yəni dərmanlar təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satıla bilər. Qərar sentyabrın 15-dən qüvvəyə minib.
Son illərdə ölkədə bir çox dərman preparatlarının qiymətinin bahalaşması, üstəlik, keyfiyyətinin aşağı düşməsi, bu azmış kimi, bəzi əczaçılıq məhsullarının yoxa çıxması, qıtlığının yaranması ilə bağlı narazılıqlar yaranıb. Tarif (qiymət) Şurası dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə qərarlar qəbul etsə də, problemlər hələ də var. İnzibati tədbirlərə baxmayaraq, bəzi dərman preparatlarının qiyməti az qala 2-3 dəfə artıb. Belə ki, bəzi işbazlar ölkəyə gətirdikləri dərman vasitələrini və digər əczaçılıq mallarını istədikləri qiymətə təklif edirlər. Bəzi hallarda isə süni qıtlıq yaratmaqla dərmanların bahalaşmasına nail olurlar.
Qeyd edək ki, Azərbaycanda əczaçılıq sənayesinin inkişafı üçün dövlət tərəfindən zəruri infrastruktura (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) malik Pirallahı Sənaye Parkı yaradılıb. Artıq 5 sahibkarlıq subyekti ixtisaslaşmış Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.
Artıq bir şirkət tərəfindən göbələk əleyhinə, şəkərli diabet, qan-damar sistemi və digər xəstəliklərin müalicəsində istifadə olunan 11 dərman vasitəsinin (“Fungipar”, “Diasmet”, “Rosapar” və s.) istehsalına başlanıb və hazırda həmin dərman vasitələri satışdadır.
Bəs yeni qərarın əhali üçün konkret əhəmiyyəti nə olacaq? Bəlkə aptek sahibləri qiymətləri heç yuxarı həddən aşağı salmayacaq? Ümumi bahalaşma fonunda kommersiya maraqları imkan verəcəkmi? Ümumiyyətlə, apteklər yeni qərardan xəbərdardırmı, ucuzlaşan dərman varmı?
“Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən bir neçə aptekdə olduq. Bəzi aptek işçiləri bu haqda məlumatlı olduqlarını, lakin hələlik hansısa dərmanın qiymətində yenilik olmadığını bildirdilər. Alıcılar isə hələ də apteklərdə vahid qiymət olmadığını, ayrı-ayrı apteklərdə xüsusən də soyuqdəyməyə qarşı olan dərmanların qiymətində nisbi də olsa fərqlilik olduğunu, bunun üçün də daha ucuz qiymət təklif edən apteklərə üz tutduqlarını dedilər.
“Artıq payız gəlir, havalar soyuyur, havalar soyuyan kimi də adətən qrip və soyuqdəymə əleyhinə olan dərmanların qiyməti artır. Məsələn, soyuq havalarda “Teraflyu” dərmanından çox istifadə edirik. Bu qış mövsümündə onun qiyməti anidən bahalaşdı. Amma hələ ki qiymət artımı yoxdur, ümid edirik də ki, olmayacaq”, – deyə satıcılardan biri qeyd etdi.
Millət vəkili Rəşad Mahmudov vurğulayıb ki, daha əvvəllər dərmanların qiyməti Tarif Şurası tərəfindən təsdiqlənsə də, burada vahid qiymət var idi: “Bu gün isə bu vahid qiymətlər orijinal dərman şirkətlərinin qəbul etdiyi optimal qiymət səviyyəsində tutularaq aşağı həddə hər hansı bir sədd qoyulmayıb. Bu da zaman içərisində fərqli dünya istehsalçılarının ölkəmizdə rahat şəkildə, daha uyğun qiymətə dərmanlarının satılması, qeydiyyatdan keçmələri üçün imkan yaradır.
Tarif Şurasının əvvəlki qərarı dərmanlarda yuxarı hədlə birlikdə aşağı həddə də bir əngəl yaradırdı. Amma bugünkü qərarda yuxarı hədd limiti qoyulub, aşağıda isə ucuzlaşdırma ilə əlaqədar daha yumşaq hərəkət olunması üçün şərait yaradır. Bundan əlavə, bu, dərman vasitələri haqqındakı qanunun yaratmış olduğu imkanlardan biridir. Bu, ölkədə qeydiyyat sisteminin əvvəlki illərə görə dəfələrlə rahatlaşdırılması, müddətin qısaldılması, lazım olan bürokratik sənədləşmənin beynəlxalq standartlara uyğunlaşdırılması və sürətli şəkildə həyata keçirilməsini də özündə ehtiva edir. Fərqli ölkələrdən ölkəmizə dərman vasitələrinin gətirilməsinin rahatlaşdırılması, Avropada və ölkəmiz tərəfindən qəbul olumuş bir çox ölkələrdə qeydiyyatdan keçmiş dərman vasitələrinin ölkəmizdə qeydiyyatının daha sürətli aparılmasına imkan yaradır. Bunlar keyfiyyətli, uyğun qiymətə dərmanlara əlçatanlığın təmin edilməsinə xidmət edir”.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli isə qeyd edib ki, Tarif Şurasının qərarı ilə dərmanları təsdiq olunmuş qiymətlərdən aşağı almaq mümkün olacaq: “Bu qərar qəbul olunana qədər dərman vasitələri üçün vahid qiymət tətbiq olunurdu və bütün apteklərdə dərman vasitələri həmin vahid qiymətə satılırdı. Məsələn, hər hansı bir dərman vasitəsinin qiyməti 10 manat olaraq təsdiqlənərdisə, bu, vahid qiymət hesab olunurdu və bütün apteklərdə 20 manata satılmalı idi. Yeni qərardan sonra isə təsdiq olunmuş satış qiymətləri yuxarı hədd hesab olunur. Yəni artıq 10 manat həmin dərman vasitəsinin maksimal qiyməti sayılır və aptekdə onu 20 manatdan aşağı qiymətə almaq olar. Hesab edirəm ki, bu qərar dərman vasitələrinə əlçatanlığın yaxşılaşdırılmasına, bu sahədə daha əlverişli rəqabət mühitinin yaradılmasına və əhali tərəfindən dərman vasitələrinin tənzimlənmiş qiymətlərdən aşağı alınmasına imkan verəcək”.
Səhiyyə komitəsinin üzvü qeyd edib ki, bu qərarla həm də əczaçılıq şirkətləri ölkə ərazisində qeydiyyata alınmış dərman preparatlarını rahatlıqla sata biləcəklər: “Ölkəyə daxil olmuş dərman preparatlarının satışı ilə məşğul olan şirkətlər bir-biri ilə rəqabət aparacaqlar. Nəticədə isə daha ucuz və qeydiyyatdan keçmiş, dövlətin keyfiyyətinə nəzarət etdiyi dərmanların idxalı daha da stimullaşacaq. Bu isə nəticədə əhalinin daha ucuz və keyfiyyətli dərman preparatına əlçatanlığını təmin edəcək. Əvvəl konkret olaraq qiymət var idi. Bu, əhali üçün deyil, əczaçılıq şirkətləri üçün əlverişli idi. Təsdiq olunmuş dəyişikliklər fərqli bir rəqabət mühitinin formalaşmasına gətirib çıxaracaq”.
“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov açıqlamasında qeyd edib ki, qiymətlərin stabil qalması biznes şəraiti üçün müəyyən əngəllər törədirdi: “Sahibkarlar yeni qərarla azad sahibkarlıq şəraitində keyfiyyət, xidmətlə yanaşı, həm də qiymət siyasətini də cəlbedici edə biləcəklər. Təbii ki, yeni qərar qiymətlərin bahalaşmasına əsas vermir, bununla bağlı narahatçılığa dəyməz. Çünki məlum olduğu kimi, yuxarı hədd müəyyənləşib. Aptek sahibləri də yəqin ki, qiymət siyasətindən doğru istifadə edərək, öz məhsullarını müştərilər üçün daha əlverişli olmasına çalışacaqlar. Hesab edirəm ki, sonda bu rəqabət böyük ehtimalla vətəndaşın faydasına xidmət edəcək. Hər halda, bu qərar haqqında yaxın gələcəkdə daha doğru fikir söyləməyə imkan verəcək. Amma bazarın stimullaşması baxımından hesab edirəm ki, maraqlı və təqdirəlayiq qərardır”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə qeyd edib ki, Tarif Şurasının yeni qərarı ondan ibarətdir ki, konkret olaraq dərman preparatlarının maksimum qiyməti nəzərdə tutulub. Yəni heç bir halda, heç bir şəraitdə dərmanların qiyməti göstərilən maksimum həddən baha qiymətə satıla bilməz: “Məlum olduğu kimi, ayrı-ayrı apteklər yerləşdiyi yerdən asılı olaraq fərqli arenada xərcləri ödəyirlər ki, bu da dərmanların qiymətində özünü göstərir. Burada sui-istifadə halları da ola bilir. Beləliklə, yeni qərar həm də aptek işçilərinin və yaxud dərman firmalarının süni şəkildə qiymətləri artırmasının qarşısını almaq üçün nəzərdə tutulan tədbirdir”. /Mənbə: “Yeni Müsavat”/
araz.az xəbər portalı.
araz.az xəbər portalı.