Son bir neçə ildə rus bölməsində təhsil almaq dəb halını alıb. Ümumiyyətlə bəzi valideynlər övladlarını tədrisin xarici dildə aparıldığı məktəblərdə oxumalarına üstünlük verirlər. Onlar övladlarının daha savadlı, bilikli ola biləcəklərini düşünərəkdən bu addımı atdıqlarını bildirirlər.
Ötən günlərdə Elm və Təhsil Nazirliyinin yeni tədris ili ilə bağlı keçirdiyi birifinqdə şagirdlərin dil biliyi məsələsi də müzakirə edilib.
“Bəzi məktəblərin rus bölməsində təhsil alan yuxarı sinif şagirdləri arasında Azərbaycan dili bilikləri yetərli deyil”.- elm və təhsil naziri Emin Əmrullayev deyib. Buna baxmayaraq nazir məktəblərdə 90% şagirdin Azərbaycan dilində tədrisə üstünlük verdiyini bildirib.
araz.az xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin deputatı Ceyhun Məmmədov Modern.az-a açıqlamsında bu mövzuda valideynlərin böyük məsuliyyət daşıdığını bildirib:
“Təəssüf ki, bu gün bir sıra Azərbaycan ailəsində əsas dil kimi rus dili öyrədilir. Valideynlər övladlarının rus dilində danışması ilə fəxr edirlər, öyünürlər. Bu da gənclərin öz ana dilində təhsil almasına, danışmasına maneə olur. Bunun əsas səbələrindən biri onların valideynlərinin milli şüurunun zəif olmasıdır. Dil sadə bir məsələ deyil, həm də təhlükəsizlik məsələsidir. Hansı dildə danışırsansa həmin dövlətin, ölkənin məsuliyyətini daşımış olursan. O anlamda insanların bu reallığı nəzərə almasına ehtiyac var. Biz bəzən bu reallığı nəzərə almayanda əziyyəti, çətinliyi özünü açıq şəkildə göstərir. Valideynlər çalışmalıdırlar ki, bu prosesdə daha diqqətli olsunlar”.
Deputat məktəblərin də bu məsələdə məsuliyyət daşıdığını düşünür:
“Məktəblərimiz də bu məsələdə diqqətli və həssas olmalıdır. Bir sıra hallarda kifayət qədər həssas olmamaları, diqqətli olmamaları prosesə öz mənfi təsirini birmənalı göstərir. Biz bu məsələyə ciddi yanaşmalıyıq. Bunun səbələrindən biri də valideynlərdə olan yanlış düşüncə və stereotipdir. Sanki Azərbaycan dilində yox, rus dilində təhsil övladlarını daha savadlı, bilikli, güclü, bacarıqlı edəcək. Hesab edirəm ki, bu düşüncə kökündən yanlış olan məsələdir. Valideynlərə tövsiyə edirəm ki, onlar bu kimi məsələlərdə diqqətli olsunlar. Övladlarının şikəst yetişməsinə səbəb olmasınlar”.
Ceyhun Məmmədov xarici dil bilyinin önəmli olduğunu diqqətə çatdırıb.
“Rus dilində də biz bilməliyik, təhsil almalıyıq. Amma bu kütləvi olmalı deyil. Bizim vətəndaşlar həm ana dilini yaxşı bilməlidir, həm də hansısa dil öyrənməlidir. Rus dilinin önəmini artıran məsələlərdən biri bu gün gedən informasiya müharibəsidir. Bu gün ermənilər rus dilini bildiyinə görə rus mediasında çox fəal iş aparırlar. Söhbət dilin savadlı şəkildə bilinməsindən gedir. Rus dilində danışsalar da, bu dildə savadlı yazan, fikrini ifadə edən o qədər də çox deyil. Biz bu məqamı da nəzərə almalıyıq”.- deputat əlavə edib.
Milli Məclisin Elm və Təhsil komitəsinin digər deputatı Etibar Əliyev bu məsələni ciddi qüsur saydığını vurğulayıb.
“Bu məsələ ilə ciddi məşğul olmaq lazımdır. Azərbaycan dili, tarixi ciddi tədris olunmalıdır. Konstitusiyamıza görə, dövlət dili Azərbaycan dilidir. Şagirdlər hansı dildə oxusalar da, Azərbaycan dilini mükəmməl bilməlidirlər. Məktəbin buna marağı yoxdursa bunun özü də bir qəbahətdir. Məktəb özü də buna maraq göstərməlidir. Bəzi valideynlər uşaqları ibtidai təhsil pilləsində xarici dilli məktəblərə qoyurlar, sonra digər təhsil pilləsinə keçəndə müəllim tapılmır. Sonra yenidən Azərbaycan bölməsi axtarırlar. Qarışıq sistem olmaz. Bu uşaq təfəkkürünə təsir edən məsələdir. Dəyərlərimiz, mentalitetimizlə bağlı məsələlərdir. Hansı dildə təhsil alır alsın, Azərbaycan dilini mükəmməl bilməlidir. Digər tərəfdən rus bölməsində məktəblərin direktorları var ki, onlar da Azərbaycan dilini yaxşı bilmir. Olmaz belə, Azərbaycan dili dövlət dilidir, zəngin dildir. Bu dilin potensialını bilmirlərsə, nəyi bilirlər bəs?”
araz.az xəbər portalı.
araz.az xəbər portalı.