“Rus sülhməramlılarının olduğu avtomobilin atəşə tutulması Ermənistandakı anti-Rusiya ovqatlı qüvvələrin əməlidir”.
araz.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev sentyabrın 20-də Canyataqda avtomobillə hərəkət edən Qarabağdakı rus sülhməramlılarının atəşə tutularaq, öldürülməsi hadisəsini şərh edərkən deyib.
“Xatırlayırsınızsa, Vətən müharibəsi zamanı Naxçıvan istiqamətində Rusiyaya məxsus hərbi vertolyotun vurulması ilə Moskvanın proseslərə aktiv müdaxiləsi baş verdi. İndiki halda terrorçu rejimin ağ bayraq qaldırmasına baxmayaraq, oradakı bəzi başıpozuq qüvvələrin ümumi qərara tabe olmayaraq, müəyyən pozuculuq hərəkətlərinə yol vermələri gözlənilən idi. Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror tədbirləri Ermənistanda mitinqlərin başlamasına da rəvac verib”, deyə Taleh Əliyev bildirib.
Politoloq qeyd edib ki, bir tərəfdən, Rusiyayönümlü müxalifət Paşinyanın devrilməsi üçün aksiyalar təşkil edir, digər tərəfdən Paşinyana yaxın qüvvələr Rusiya səfirliyini müasirəyə alaraq, Moskvaya etiraz edirlər:
“Hətta bir sıra Rusiya vətəndaşı olan ermənilər rus pasportunu cıraraq, “Rusiya düşməndir” şüarlarını səsləndirir. Rusiya sülhməramlılarının olduğu avtomobilin atəşə tutulması hadisəsi Ermənistandakı belə qüvvələrin əməli ola bilər. Bilirsiniz ki, əməliyyatın başlandığı ilk andan Rusiya XİN-in Qarabağdakı sülhməramlıların prosesə müdaxilə etməyəcəyilə bağlı məlum açıqlaması oldu. Yekun razılaşmada Azərbaycanın Qarabağdakı terrorçu rejimin tərksilah olunmasında Rusiya sülhməramlıları ilə kordinasiya olunmuş formada hərəkət etməsi də onu göstərir ki, ərazidə bundan sonrakı proseslərdə də Bakı yenə də sülhməramlılarla birgə hərəkət edəcək. Ona görə də rus hərbçilərinə qarşı baş verən təxribatın arxasında erməni pozucu qüvvələrin dayandığı qənaətindəyəm. Bu həmin pozucu qüvvələrin Moskvaya münasibətdə sadəcə olaraq, qisas aksiyasıdır. Onlar Qarabağdakı ermənilərə dəstək vermədiyinə görə, ruslardan qisas alırlar. Gələcəkdə ermənilər tərəfindən edilən bu sayaq hərəkətlər təkcə Qarabağdakı sülhməramlılara qarşı deyil, eyni zamanda, İrəvan və dünyanın başqa şəhərlərində olan ruslara qarşı edilməsi ehtimalını da gözardı etmirəm”.
Qeyd edək ki, sentyabrın 20-si Canyataq yaşayış məntəqəsi yaxınlığında Rusiya sülhməramlı kontingentinə məxsus UAZ Patriot avtomobilinin atəşə tutulması nəticəsində sülhməramlı kontingentin 4 hərbi qulluqçusu həlak olub. Məlumata görə, Rusiya sülhməramlılarının olduğu avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.