“Rusiya həm də ona görə susdu ki, burada genişmiqyaslı savaş başlasaydı, Moskva nəinki Cənubi Qafqazı, Şimali Qafqazı da itirəcəkdi…”
Deyirik ki, bu gün Rusiya 44 günlük savaş zamanı olduğu kimi, susur, hətta öz bəyanatlarıyla dolayısıyla Azərbaycanın mövqeyini dəstəkləyir və bunu dövlətimizə, xalqımıza qarşı müsbət addım kimi qiymətləndiririk. Halbuki, bu o Rusiyadır ki, hələ 1988-1994-cü illərdən bəri baş verənləri demirik, 10 noyabr üçtərəfli bəyanatın imzalanmasından ötən son təxminən 3 ildə həmin sənədin müddəalarını yerinə yetirmək əvəzinə, erməni birləşmələrinə gizli yollarla silah-sursat daşınmasına dəstək verib, onların bir sıra təxribatlarına göz yumub. Və s. və i.a. Bəs əgər sonunda Azərbaycanın həmin separatçı-terrorçulara qarşı haqlı əməliyyatına qarşı susacaqdısa, Kreml bütün bunları nə üçün edirdi, bunlardan nə qazandı?
araz.az xəbər verir ki, mövzu ilə bağlı Moderator.az-a açıqlamasında müdafiə nazirinin sabiq müavini Mehman Səlimov bunları söyləyib:
“Bilirsiz, hesab edirəm ki, artıq Rusiya rəhbərliyində də reallıqla hesablaşmağa başlayan qüvvələr var. Azərbaycanın keçirdiyi son lokal əməliyyatla burada, regionda genişmiqyaslı toqquşmaların, Azərbaycan-Ermənistan, İran-Türkiyə müharibələrinin qarşısı alındı. Rusiya həm də ona görə susdu ki, burada genişmiqyaslı savaş başlasaydı, Moskva nəinki Cənubi Qafqazı, Şimali Qafqazı da itirəcəkdi. Çünki bu gün bu imperiyanı hər tərəfdən sıxırlar, vururlar… Burada yeni genişmiqyaslı müharibə başlasa, bu dəfə avtomatik olaraq ABŞ da, Fransa da işə qarışacaqdı. Artıq Gürcüstan vasitəsi ilə Ermənistan ərazisinə qoşun gətirməyin yolunu da cızmışdılar. Artıq Amerika Birləşmiş Ştatları Ermənistanda, Gürcüstan da olduğu kimi, kiçikmiqyaslı olsa da hərbi təlimlər keçirdi və Ermənistanda tədricən hərbi baza qurmağa hazırlaşırdı Amerika… Gürcüstandakı hakimiyyət də xeyli dərəcədə Rusiyayönlü olduğu üçün Qərb orada qısa müddətdə dövlət çevrilişi təşkil edəcəkdi… Bir sözlə, Cənubi Qafqaz alovlanacaqdı…”
araz.az xəbər portalı.
araz.az xəbər portalı.