Cənubi Qafqaz geosiyasi dönüş edir. Həqiqətən də regional münaqişələr, böyük güc mübarizələri və enerji məsələləri daha çox sayda siyasətçi və politoloqu bu geostrateji region haqqında biliklərini artırmağa təşviq edir.
Cənubi Qafqazın geosiyasətinə gəlincə, Qarabağ məsələsi, şübhəsiz ki, ən aktual mövzudur. 1990-cı illərdən bu günə qədər Qarabağ uğrunda iki müharibə aparılıb və sentyabrın 19-da separatçıların nəzarətində olan sonuncu ərazilərin qaytarılması üçün Azərbaycan lokal xarakterli antiterror tədbirləri başladıb.
Qərbi Azərbaycan İcmasından araz.az-a bildirilib ki, İtaliyanın “InsideOver” nəşri Bakı ilə İrəvan arasında fikir ayrılıqlarının səbəblərini və mənşəyini, xüsusən də “Qərbi azərbaycanlılar” məsələsini daha yaxşı dərk etmək üçün Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərovla əlaqə saxlayıb.
Cənab Ələkbərov, Qərbi Azərbaycan İcmasının sədri olaraq oxucularımıza və İtaliya ictimaiyyətinə bu İcmanın üzvləri barədə nə deyə bilərsiniz?
Qərbi Azərbaycan İcması Ermənistandan zorla qovulmuş azərbaycanlıları təmsil edən təşkilatdır. Təşkilatımız 1989-cu ildə yaradılıb. Həmin vaxtdan etibarən İcma Ermənistandan zorla qovulmuş şəxslərin hüquqlarının müdafiəsi ilə məşğuldur və əsas diqqəti həmin şəxslərin indiki Ermənistan ərazisində yerləşən öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin olunmasına yönəldir.
1950-1980-ci illərdə Ermənistanın ümumi əhalisinin 10 faizini, yəni 250 mindən çox insanı azərbaycanlılar təşkil edirdi. İndi onlar demək olar ki, yoxdur. Qərbi azərbaycanlılar nə istəyir?
Qovulana qədər azərbaycanlıların Ermənistan əhalisinin tərkibində əhəmiyyətli sayda olmasını doğru vurğuladınız. Əslində, əvvəlki dövrlərdə azərbaycanlıların faizi daha yüksək olub.
Azərbaycanlılara qarşı aparılan etnik təmizləmə əksər hallarda dövlət orqanları tərəfindən zorakılıq, soyqırımı, kütləvi qırğınlar və insanlığa qarşı digər cinayətlər və insan hüquqlarının kobud şəkildə pozulması ilə həyata keçirilib. Bu proses 1905–1906-cı, 1918–1921-ci, 1948–1953-cü və 1987–1991-ci illərdə xüsusilə şiddətli və qəddar olmuşdur. Ermənistanda Azərbaycanın tarixi-mədəni irsi, o cümlədən məscidləri və qəbiristanlıqları kütləvi şəkildə dağıdılıb, toponimlər dəyişdirilib, azərbaycanlılara qarşı sistemli irqi ayrı-seçkilik həyata keçirilib.
Bizə qarşı edilən haqsızlığı qəbul etmirik və onun nəticələrini rədd edirik. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktda və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geri qayıtmaq hüququna əsaslanaraq, biz Ermənistandakı evlərimizə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmağa və qayıtdıqdan sonra fərdi və kollektiv hüquqlarımızın bərpa olunmasına səy göstəririk.
Bu məqsədə necə nail olmaq istəyirsiniz?
Bizim sırf sülhpərvər gündəmimiz var. Biz beynəlxalq ictimaiyyətə, müvafiq hökumətlərə və vətəndaş cəmiyyətlərinə müraciət etdik. “İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geriyə qayıtmasının təmin edilməsi barədə Konsepsiya”nı hazırladıq, bu sənəd Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının və Baş Assambleyasının rəsmi sənədi kimi dərc olundu. Biz Birləşmiş Millətlər Təşkilatından və onun ixtisaslaşmış təşkilatlarından, xüsusilə də UNESCO-dan bizə, ata–baba yurdlarımıza geri qayıtmaq istiqamətində hüququmuzu təmin etməyə kömək etmələrini və repatriasiya prosesinə töhfə vermək məqsədilə Ermənistana missiyalar göndərmələrini xahiş etdik.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, xüsusi prosedur mandat sahibləri ilə dialoq, BMT-nin İnsan Hüquqları Şurası və digər müqavilə təşkilatları ilə qarşılıqlı əlaqə insan hüquqlarına əsaslanan gündəliyimizin əhəmiyyətli hissəsini təşkil edir. Biz, həmçinin geri qayıdış hüququmuzla bağlı apardığımız işə dəstək olmaları ümidi ilə “Human Rights Watch” və “Amnesty İnternational” kimi insan hüquqları sahəsində aparıcı qeyri-hökumət təşkilatları ilə dialoqa başladıq.
Şübhəsiz ki, Ermənistanla dialoq bizim qayıdış məsələmizi sülh yolu ilə həll etmək səylərimizin əsas aspektini təşkil edir. Qərbi azərbaycanlılar olaraq yaddaşlarımızda qalan kədərli tarixi etiraf etsək də əminik ki, sülh və tərəqqiyə aparan yol dialoq və barışıqdan keçir. Biz öz doğma torpaqlarımıza qayıtdıqdan sonra Ermənistanla sülh şəraitində yanaşı yaşamağa tam hazırıq.
Bu yanaşmayla və beynəlxalq hüquqa, xüsusilə dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipinə birmənalı sadiqlik göstərməklə Ermənistan hökumətinə dialoq təklifi ilə müraciət etdik. Təəssüf ki, müraciətlərimiz hələ də cavabsız qalmaqdadır. Hətta nəzərə alsaq ki, bu dialoq təklifi məhz Ermənistanın siyasəti nəticəsində kütləvi şəkildə hüquqları pozulmuş bir icmadan gəlir, Ermənistan hökumətinin bu təklifə məhəl qoymaması ağılsızlıqdır.
Hazırda Azərbaycanda yaşayan etnik ermənilərin hüquqlarına dair spekulyasiyalar etməklə özlərini insan hüquqlarının müdafiəçisi kimi göstərmək cəhdlərini nəzərə aldıqda, Ermənistanın hüquqlarımızı bərpa etməkdən davamlı şəkildə imtina etməsi ikiüzlülükdür. Buna baxmayaraq, ümid edirik ki, məntiq qalib gələcək və Ermənistan hökuməti bizimlə konstruktiv dialoqa gələcək.
Qərbi azərbaycanlılar məsələsi İrəvanla Bakı arasında davam edən sülh danışıqlarının tərkib hissəsidirmi?
Biz iki ölkə arasında imzalanacaq sülh sazişində azərbaycanlıların geri qayıtmaq hüququnun bəyan olunmasının sülhün davamlı olması baxımından əhəmiyyət kəsb edəcəyinə qəti şəkildə inanırıq.
Biz, İcma olaraq Azərbaycan hökumətinin Ermənistanla sülh danışıqlarında bu məsələni qaldırması barədə bəyanatını qeydə aldıq. Bu məsələdə tutduğu prinsipial və ardıcıl mövqeyə görə Prezident İlham Əliyevə son dərəcə minnətdarıq.
İtaliya kimi ölkələr bu müharibənin tez-tez gözdən qaçan qurbanları haqqında beynəlxalq ictimaiyyət arasında məlumatlılığı artırmaq üçün nə edə bilər?
Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yaratmaq insan hüquqlarının qlobal səviyyədə qorunmasına töhfə verəcəkdir. Üstəlik, bu, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması baxımından aktual məsələdir. Bu fundamental aspektləri qeyd etmək sözügedən məsələyə beynəlxalq ictimaiyyətin diqqətinin cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
İtaliya kimi ölkələr, insan haqları və beynəlxalq təhlükəsizliklə məşğul olan beynəlxalq təşkilatlar çərçivəsində bu məsələni qaldırmaqla Ermənistandan qovulmuş azərbaycanlılar haqqında məlumatlılığın artırılmasına kömək edə bilər. Bundan əlavə, Ermənistanla bu məsələnin ikitərəfli qaydada qaldırılması qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına əhəmiyyətli ölçüdə töhfə verə bilər.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.