imza prez

“Bütün işlərini müavini İlham Məmmədov görür”

Bərdə rayonunda qanunsuzluqlar, məmur özbaşınalığı günü-gündən artır. Demək olar ki, bütün rayon əhalisi 7 ildir bu rayona rəhbərlik edən Vidadi İsayevin idarəçiliyindən cana doyub”.

Bunu Bərdədən olan bir qrup sakin AzToday.Az-a ünvanladığı şikayətdə qeyd edib.

Sakinlər iddia edirlər ki, Tərtərdən Bərdəyə göndərilən və 2011-ci ildən bu rayona rəhbərlik edən Vidadi İsayevin fəaliyyəti ancaq keçirdiyi tədbirlər və icra hakimiyyətinin rəəsmi saytında yerləşdirilən məlumatlardan ibarətdir: “Praktik heç bir iş ortdada yoxdur. Dövlət büdcəsindən ayrılan o qədər vəsaitlə Bərdəni bölgənin ən inkişaf etmiş rayonuna çevirmək, çoxsaylı iş yerləri açmaq olardı. Əgər bunlar olsaydı, gənclər kütləvi şəkildə rayonu tərk etməz, Bakının daş karxanalaına üz tutmazdılar. Amma təəssüf ki, rayon ciddi şəkildə boşalır, demək olar ki, gənc nəsil rayonda iş tapa bilmədiyindən paytaxta və xarici ölkələrə üz tutur”.

Sakinlər ölkə başçısından xahiş edirlər ki, Vidadi İsayevi vəzifəsindən azad etsin, onun fəaliyyəti ciddi şəkildə araşdırılsın: “Son vaxtlar bəzi rayonların icra başçıları vəzifəsindən çıxarılır və ya yerləri dəyişdirilir. Ümid edirik ki, bu dalğa Vidadi İsayevdən də yan keçməyəcək və ölkə başçısı onunla bağlı müvafiq sərəncam imzalayacaq. Çünki Vidadi İsayev azsaylı icra başçılarındandır ki, adı ən müxtəlif maliyyə maxinasiyalarından tutmuş, iri korrupsiya əməllərinə qədər çeşidli iddialarda hallanıb. Eyni zamanda Bərdə rayonu yuxarı instansiyalara edilən şikayətlərə görə də “öncül” cərgələrdə qərarlaşıb. Hələ unutmayaq ki, bu şikayət və müraciətlərin böyük əksəriyyətinin qarşısı rayon rəhbərliyinin adminstrativ üsullarıyla alınır, əks halda mənzərə daha utancverici ola bilərdi. Bütün bunlar isə Vidadi İsayevin ölkə prezidentinin yüksək etimadına layiq olmayan kadr olduğunu bir daha təsdiqləyir”.

 

Sakinlər bildirirlər ki, Vidadi İsayev ölkə başçısının etimadından sui-istifadə edir, yuxarı dairələrə yalan məlumatlar ötürür. Onun bu işdə müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlham Məmmədovdan da istifadə etdiyi iddia olunur: “Rayondakı durum bəllidir, əhalinin də vəziyyəti ortadadır. Yalan məlumatlar yazıb Prezident Adminstrasiyasına göndərməklə yalanları, uğursuzluqları gizlətmək olmaz. Öyrədilmiş adamlarla heç bir uğur əldə etmək olmaz. Bərdədə hamı bilir ki, başçının müavini İlham Məmmədov rayonda fəaliyyət göstərən fermer təsərrüfat rəhbərlərinə rayon rəhbərliyinin sahibkarlara yaratdığı yüksək şəraitə görə yuxarı instansiyalara təşəkkür məktubu yazdırtdırır. Bu məktubun hər ay yazılmağına və göndərilməyinə isə başçının müavini İlham Məmmədov nəzarət edir. Bunu neçə dəfə mətbuatda işıqlandırmışıq. Hətta ölkə başçısına rəsmi müraciətlərimizdə də qeyd eləmişik. Büdcədə çalışan şəxslərə, müəllim və həkimlərə, məktəb direktorlarına yalandan təşəkkür məktubları yazdırmaqla nə əldə etmək olar axı? Guya elə bilirlər, dövlət başçısının bunların zərərli əməllərindən xəbəri yoxdur? Var və nəticəsini də görəcəklər”.

“Fəaliyyətləri o qədər biabırçıdır ki, ölkə başçısının 2018-ci ildə rayona səfəri belə icra hakimiyyətinin rəsmi saytına yerləşdirilməyib. Halbuki qanunla o sayt hər gün yenilənməlidir. Ona dövlət büdcəsindən vəsait ayrılıb, elektoron hökumətlə bağlı qanun qəbul edilib. Baxın, prezident 25 mart 2018-ci ildə Bərdədə olub, geniş müşavirə keçirib, amma İcra hakimiyyətinin rəsmi saytının “Ölkə başçısı Bərdədə” bölməsinə son səfər 2015-ci ildə qeyd olunub. Bəs bu üç ildəki fəaliyyət necə oldu? Hanı ayrılan pullar?”, – sakinlər bildiriblər.

 

Onların sözlərinə görə, son 10 ildə ölkə başçısı 8 dəfədən çox Bərdədə olub və bu illər ərzində rayona 20 milyondan artıq vəsait ayırıb: “Ümumilikdə isə son 15 ildə Bərdəyə ayrılan vəsait ətraf rayonlardan dəfələrlə çox olub. Bu vəsaitlərin isə səmərəli xərclənmədiyi Hesablama Palatasının yoxlamalarında da əksini tapıb. Prezidentin 2018-ci ildə Bərdədə pambıqçılığın inkişafı ilə bağlı keçirdiyi müşavirədə verdiyi tapşırıqlar da yerinə yetirilməyib. Bəs o zaman bu məmurları vəzifədə saxlamağın nə mənası və anlamı var? Təbii ki, yoxdur. Odur ki, biz ölkə başçısından Bərdənin icra başçısı və müavini ilə bağlı ölçü götürməyi xahiş edirik. Vidadi İsayev iş görmək əvəzinə siyasi açıqlamalar verir. Yaxşı olardı ki, ayrılan vəsaitlərin hesabını versin. Biz o hesabatların siyahısını və vəsaitlərin miqdarını da ölkə başçısına göndərəcəyik”.

Yazıdakı iddialarla bağlı Bərdə Rayon İcra Hakimiyyətinin də mövqeyini dərc etməyə hazırıq.

Orxan Abbasov

AzToday.az

araz.az xəbər portalı.