Lokal antiterror hərəkətindən sonra Xankəndidə həyatın axarı müəyyən qədər dəyişib. Biz bunu şəhərdən yayılan görüntülərdən izləyə bilirik. Görüntülərdə maraqlı və diqqətçəkən məqamlar əks olunub. Görüntülərə baxamda görürük ki,  bəzi sakinlər artıq 44 günlük müharibədə bizə qarşı döyüşüb həlak olanların şəkillərini Xankəndi küçələrindən sökürlər. Başqa görüntülərdə isə yanğınlar müşahidə olunur. Məlumatlara görə, ermənilər, xüsusən də separatçı xunta mənsubları Xankəndidə öz arxivlərini, sənədləri kütləvi şəkildə yandırırlar.

Xunta mənsubları arxiv sənədlərini niyə yandırırlar? Səbəb nədir?

“Elə zənn edirlər ki, arxivləri məhv edib sənədləri yandırmaqla özlərini cinayət məsuliyyətindən xilas edə biləcəklər”

Azərbaycanın Qarabağ bölgəsindən olan ermənilərin arxiv sənədlərini yandırmağa başlaması səbəbsiz və təsadüfi deyil. araz.az xəbər verir ki, bu barədə baki-xeber.com-a Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru, ermənişünas İsmayıl Tanrıverdi bildirib. Onun sözlərinə görə, yandırmaq, məhv etmək, toplum olaraq, ermənilərə xas xüsusiyyətdir: “Ermənilər yanğın  törətməyə meylli toplumdur. Bu da onunla bağlıdır ki, onlar yandırmaqla izləri itirmək istəyirlər. Bəli,  Xankəndidə də arxivləri, sənədləri yandırıb, yox edirlər. Bununla da, öz cinayətlərini ört-basdır etmək istəyirlər. 30 ildən çox bir müddətdə separatçılar orada elə qanlı cinayətlər törədiblər ki, onları sözlə ifadə etmək çətindir”, — deyə, İ. Tanrıverdi xüsusi vurğulayıb.

İ.Tanrıverdi əlavə etdi ki, lokal antiterror hərəkətinə qədər olan böyük bir dövrdə Xankəndidə  çox oyunlar oyananılıb, onlara külli miqdarda yardımlar gəlib, bu yardımların müqabilində separatçıların da əcnəbi ağalarına “xidmətləri” olub. “Separatçılar o qədər cinayətlər işləyiblər ki, onların hamısı da görünür sənədlərdə qeyd edilib. Görünür, yandırılan sənədlərdə təkcə orada yaşayan ermənilərin gerçək sayı və sair göstərilməyib, eyni zamanda onların qara əməllərini ifadə edən faktlar da çox olub. İndi cinayətlərinin ifşa olunmaması üçün bu yola əl atırlar. Elə zənn edirlər ki, arxivləri məhv edib sənədləri yandırmaqla özlərini cinayət məsuliyyətindən xilas edə biləcəklər. Xeyr. Hesab edirəm ki, arxivlərdə saxlanılan sənədlərin Azərbaycanın mərkəzi hakimiyyətini təmsil edən rəsmilərin, aidiyyəti qurumların əllərinə keçməməsi üçün belə edirlər. Amma heç bir separatçı canını  qurtara bilməyəcək, hamısı əməllərinə görə cavab verəcək. Separatçılar məsuliyyətdən bu cür yayına bilməzlər”-deyə İ.Tanrıverdi bildirdi.

İradə SARIYEVA.

araz.az xəbər portalı.