necmeddin.jpg

Sentyabrın 22-də Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, hazırda həbsdə olan general-mayor Nizami Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

araz.az musavat.com-a istinadən bildirir ki, Azərbaycanın müdafiə xərcləri üçün dövlət büdcəsindən ayrılan külli miqdarda vəsaiti ələ keçirməkdə ittiham olunan general məhkəmə qarşısında tək deyil. O, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin keçmiş rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinə rəhbərlik etmiş Bayram Bayramov və bu idarənin zabiti Vüsal Əlizadə ilə birlikdə mühakimə olunur.

İttihama görə müttəhimlər 5 il ərzində Müdafiə Nazirliyinə dövlət büdcəsindən ayrılan 143 milyon manat yeyintiyə yol veriblər. Söhbət hərbi hissələrə, hospitala, hərbi liseyə, ali hərbi məktəbə və başqa qurumlara ərzaq və avadanlıq alınarkən yol verilən yeyintilərdən gedir. Bu məsələlər Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor Nizami Məmmədov haqqında ittiham aktında öz əksini tapıb.

Prosesdə prokuror ittiham aktını açıqlayarkən bilinib ki, Müdafiə Nazirliyinin tabeliyindəki qurumlar üçün ərzaq və avadanlıqların alınmasından ötrü şirkətlərlə öncədən qiymət şişirtməsi ilə bağlı razılaşma olub. Şirkətlərin hesabına da ona uyğun vəsait köçürülüb. Şirkət sonradan artıq məbləği razılaşmaya uyğun şəkildə nağdlaşdıraraq geri qaytarıb.

İttihama görə, təkcə Müdafiə Nazirliyinə daxil qurumların azuqə ehtiyaclarının ödənilməsindən ötrü bir şirkətdən ərzaq alışı zamanı qiymət şişirdilməsi nəticəsində 20 milyon manatlıq yeyinti olub. Ali Hərbi Məktəbə ərzaq və başqa avadanlıqlar alınarkən, qiymət şişirdilməsi ilə 8 milyon manatlıq mənimsəməyə yol verilib.

İttihamda Mərkəzi Hərbi Hospital, 20-dən çox hərbi hissə və başqa qurumlara ərzaq, avtomobil ehtiyat hissələri, kompüter və s. alışında qiymətlərin artıq göstərilməsindən bəhs olunur.

Cinayət işinin materiallarında iddia edilir ki, şirkətlərlə müqavilə bağlanarkən məbləğlərin yuxarı göstərilməsi, sonradan artıq pulların geri alınması və o vəsaitlərin mənimsənilməsi prosesi ovaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıkovun göstərişi ilə baş verib.

General Nizami Məmmədov və digər 3 nəfər ittihama münasibət bildirərkən, özlərini qismən təqsirli bildiklərini deyiblər.

“Mən satınalmalar məsələsində özümü təqsirli bilmirəm. O məsələyə mənim aidiyyətim olmayıb. İşlədiyim dövrdə 12 milyon mənimsəməyə yol verilib, bu məsələdə özümü təqsirli bilirəm, onu da ödəmişəm”, – general Nizami Məmmədov məhkəmədə belə deyib.

Müttəhim Cəlal Kazımov deyib ki, baş verənlərin birbaşa deyil, dolayısı ilə iştirakçısı olub. O, cinayəti birbaşa törədənin kənarda qaldığı halda, məsuliyyətə cəlb edilməsindən narazılığını dilə gətirib.

Təqsirləndirilən Vüsal Əlizadənin vəkili işdə dövlət sirri sayılacaq bilgilər ola biləcəyini əsas gətirərək, məhkəmənin qapalı keçirilməsini istəyib.

Müdafiəçi mümkün dövlət sirrinin sosial şəbəkələrdə yayılmaması üçün təqsirləndirilən şəxslərin ifadə verdiyi məhkəmə iclaslarının qapalı keçirilməsinin məqsədəuyğunluğunu diqqətə yetirib.

Hakim Fikrət Əliyev hazırlıq iclasında bu fikrin səsləndiyini söyləyərək, vəsatəti müzakirəyə çıxarmadan məhkəmənin qapalı keçirilməsinə qərar verib.

General Nizami Məmmədov da daxil, Müdafiə Nazirliyinin bir sıra yüksək vəzifəli şəxsi ötən ilin əvvəlində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatlarla həbs olunublar. Bu cinayət işi üzrə araşdırmalar da DTX-nın İstintaq Baş İdarəsində aparılıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulub.

Həbs olunanlar arasında Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi olmuş Fikrət Mirzəyev, Satınalmalar və Təchizat İdarəsinin keçmiş rəhbəri Məlikməmməd Qurbanov, ondan əvvəl bu qurumun rəisi olmuş Mahir Şirvanov da var. Onların da məhkəməsi hazırda Bakı Hərbi Məhkəməsində davam edir.

Məlikməmməd Qurbanov məhkəmədə deyib ki, o, şirkətlərdən qaytarılan pulları aparıb Nəcməddin Sadıkova verib. General Sadıkov ünvanına səslənən bu ittihamlara heç bir cavab verməyib.

Cinayət işinin materiallarında da Nəcməddin Sadıkovla bağlı ittihamlar yer alıb.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.