Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi “Qərbi Azərbaycana Qayıdış: hüquqi aspektlər” mövzusunda ictimai dinləmə keçirib.
araz.az xəbər verir ki, iclasda millət vəkilləri, hüquqşünaslar, QAİ rəhbərliyi, vətəndaş cəmiyyətinin təmsilçiləri və digər şəxslər iştirak edib.
Birinci vitse-spiker, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli öncə sözügedən mövzuda keçirilən dinləmələrin əhəmiyyətindən bəhs edib. Deputat, Qərbi Azərbaycan İcmasının (QAİ) sədri Əziz Ələkbərli “Qərbi Azərbaycana Qayıdış: hüquqi aspektlər” mövzusunda məruzə edib.
Qərbi Azərbaycan İcması adından hər kəsi salamlayan və Qərbi Azərbaycana Qayıdışın hüquqi aspektlərinə həsr olunmuş ictimai dinləməyə görə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə, Milli Məclisin sədri Sahibə xanım Qafarovaya təşəkkürünü bildirən Ə.Ələkbərli daha sonra mühüm məqamlardan bəhs edib:
“2022-ci il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasına gəlişi və buradakı tarixi çıxışı ilə dövlətimizin və xalqımızın 2-ci Qarabağ müharibəsində qazandığımız möhtəşəm Zəfərdən sonrakı yeni hədəfini açıqladı. Cənab Prezident qəti şəkildə bildirdi ki, tarixi ədalət qələbə çalmalı, bölgəyə sülh, əmin-amanlıq gəlməli, bunun üçün isə mütləq soydaşlarımız Qərbi Azərbaycandakı ata-baba yurdlarına qayıtmalıdırlar. Və bu qayıdış mütləq beynəlxalq hüquqa söykənməlidir. Cənab Prezidentin tövsiyəsi ilə Qərbi Azərbaycan İcmasında müvafiq sənəd hazırlandı. Bu, indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivə sənədi olan və soydaşlarımızın doğma yurdlarına qayıdışının bütün detallarını özündə ehtiva edən Qərbi Azərbaycana Qayıdış Konsepsiyasıdır. Və Konsepsiyanın Giriş hissəsində biz elan etdik ki, bu Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. Ermənistan bizim doğma yurdlarımıza bu qayıdış istəyimizi Ermənistan dövlətinin suverenliyinə təhlükə kimi qələmə versə də, bu, növbəti erməni riyakarlığından başqa bir şey deyildir. Çünki bu insanlar 35 il əvvəl, Qarabağ münaqişəsinin ilk mərhələsində və Qarabağ münaqişəsinin tərkib hissəsi kimi zərər görmüş və isti ocaqlarından qovulub. Üstəlik, bu insanlar 35 il əvvələ qədər Ermənistan vətəndaşı olmuşlar və onların Ermənistan vətəndaşlığından çıxarılması haqqında heç bir hüquqi sənəd – nə vətəndaşlıqdan çıxmaq haqqında vətəndaşların ərizəsi, nə də onların Ermənistan vətəndaşlığını ləğv edən məhkəmə qərarı yoxdur. O insanların bir çoxu hətta pasport qeydiyyatından çıxmadan ölkəni tərk etməyə məcbur ediliblər”.
QAİ rəhbəri deyib ki, ermənilərin Qərbi Azərbaycanda soydaşlarımıza qarşı fərdi və kollektiv cinayətləri 200 il əvvəldən başlasa da, son 100 il ərzindəki cinayətləri bütün hüdudları aşıb və bu cinayətlərlə bağlı saysız-hesabsız faktlar, sənədlər, sübutlar mövcuddur:
“İstər 1905-1906, istərsə də 1918-1920-ci illər soyqırımları ilə bağlı çoxlu sübutlar var ki, onların hüquqi müstəvidə araşdırılmasına çox böyük ehtiyac var. Xüsusilə, 1918-ci il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən yaradılmış və 1919-cu il noyabrın 1-ə qədər fəaliyyət göstərmiş Fövqəladə Təhqiqat Komissiyasının 36 cilddən (3500 vərəqdən) ibarət istintaq materialları masa üzərinə yatırılmalıdır. Bu cildlərdə ermənilər tərəfindən Bakıda və Azərbaycanın digər bölgələrində, o cümlədən Qərbi Azərbaycanın Zəngəzur və digər ərazilərində müsəlman əhaliyə qarşı törədilmiş zorakılıq hallarını əks etdirən çoxlu materiallar toplanıb. 1948-1953-cü illər deportasiyasına isə hələ də hüquqi qiymət verilməyib. Ulu Öndər Heydər Əliyev 1997-ci il dekabrın 18-də imzaladığı “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” tarixi fərmanında bu deportasiyaya hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Dövlət komissiyası da yaratmışdı. Elə hesab edirəm ki, Ulu Öndərin tövsiyəsi mütləq həyata keçirilməlidir. 1930-1940-cı illərdə keçmiş SSRİ məkanında repressiya və deportasiyaya məruz qalan bütün şəxslər və bütün xalqlar Stalinin ölümündən sonra respublika Ali Məhkəmələrinin qərarı ilə bəraət alsalar da, təkcə 1948-1953-cü illər deportasiyasından zərər çəkənlərə hüquqi müstəvidə bəraət verilmədi, deportasiya olunanların və onların varislərinin ata-baba yurdlarına qayıtmaq hüququ tanınmadı. 1987-1991-ci illərdə baş vermiş sonuncu deportasiya isə öz amansızlığı və qəddarlığı ilə əvvəlkilərdən bir o qədər də fərqlənmədi. Ermənilərə xas eyni vəhşi üsul və metodlarla soydaşlarımız sonuncu nəfərinə qədər Qərbi Azərbaycandakı ata-baba yurdlarından qovuldular.
Bu prosesdə 200 nəfərdən çox soydaşımız ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi, 400-dən artıq insanımız bədən xəsarəti aldı. 300-ə yaxın yaşayış məntəqəsindən azərbaycanlılar qovuldular və bu zaman onlara fərdi təsərrüfatlar üzrə 2,5 milyard, ictimai təsərrüfatlar üzrə 17,5 milyard ABŞ dolları həcmində maddi ziyan vuruldu. Beynəlxalq qiymətləndirmə standartlarına görə, bu gün həmin ziyanın məbləği 700 milyard ABŞ dolları həcmindədir. Yeraltı-yerüstü sərvətləri, tarixi-mədəni abidələrə vurulan ziyanı da bura əlavə etsək, yəqin ki, bu ziyan bir neçə dəfə artar. Mənəvi ziyanı isə heç bir məbləğlə əvəz etmək olmaz”.
Deputat ardınca bildirib: “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına diqqət yetirsəniz, görərsiniz ki, Qərbi Azərbaycan İcması nəinki son 100 ildə, bütövlükdə ötən iki əsr ərzində Qərbi azərbaycanlılara qarşı törədilmiş ədalətsizliyi qəbul etmir və bu ədalətsizliyin nəticələrini rədd edir. İcma Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılmasını və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsini özünün əsas hədəfi kimi bəyan edir”.
Əziz Ələkbərli ardınca qeyd edib: “Qərbi Azərbaycan İcması adından danışmaq səlahiyyəti olan şəxs kimi bir daha bəyan edirəm ki, Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisi son qarışına qədər tarixi Azərbaycan torpaqlarıdır və bu torpaqların son qarışına qayıdana qədər mübarizəmiz davam edəcəkdir. Bu tarixi vəzifənin həyata keçirilməsinin hüquqi aspektlərinin müəyyən edilməsində və həyata keçirilməsində hüquqşünaslarımızın bilik və təcrübəsinə böyük ehtiyac var. Bu məqsədlə Qərbi Azərbaycan İcmasında Hüquq Komissiyasının formalaşdırılması istiqamətində iş gedir, o komissiyanın bəzi üzvləri bu gün bu tədbirdə də iştirak edir və fürsətdən istifadə edərək bütün hüquqşünaslarımızdan xahiş edirəm ki, bu komissiya ilə əlaqə saxlasınlar, əməkdaşlıq etsinlər”.
QAİ rəhbəri bir vacib məsələyə də diqqət çəkib: “Bildiyiniz kimi, Qaçqınların və məcburi köçkünlərin statusu haqqında Azərbaycan Respublikasının Qanunu mövcuddur, bu Qanun 1999-cu il mayın 21-də Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmışdır. Artıq bu gün “məcburi köçkün” anlayışı Azərbaycan üçün tarixin arxivinə gömülməkdədir. Həm bu səbəbdən, həm də Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına uyğunlaşdırmaq baxımından, elə hesab edirəm ki, bu Qanuna yenidən baxılmalı, “Qərbi Azərbaycan qaçqınlarının statusu haqqında ” ayrıca Qanun qəbul edilməlidir”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.