Deyilənlər, QAİ-nin inzibati binasında keçirilən Hamamlı — Cəlaloğlu — Əştərək — Sərdarabad rayonlarının icma nümayəndələrinin görüşündə xüsusi olaraq vurğulandı
Beynəlxalq aləmdə həssas hesab edilən belə bir dönəmdə, dünyanın əksər aparıcı dövlətləri adından söz demək səlahiyyətləri çatan nüfuzlu beynəlxalq qurumlar tərəfindən də, respublikamızda Qərbi Azərbaycan İcmasının yaradılması, artıq, ölkənin ictimai-siyasi həyatında çox mühüm tarixi hadisə kimi dəyərləndirilir. Elə, buna görədir ki, dövlət rəhbərinin imzaladığı Sərəncamla təməli möhkəm qoyulan Qərbi Azərbaycan İcmasının ölkənin şəhər və rayonları üzrə nümayəndəliklərində təşkilatlanma işləri sürətlə və uğurla davam etdirilir. Ötən şənbə günü, Qərbi Azərbaycan İcmasının inzibati binasında yüksək səviyyədə keçirilən Hamamlı — Cəlaloğlu — Əştərək — Sərdarabad rayonlarının icma nümayəndələrinin yüksək səviyyədə təşkil olunan görüşü də, deyilənlərin daha bir təsdiqi oldu.
Əslən yuxarıda adlarını çəkdiyimiz bölgələrdən olan fəalların, ziyalıların, elm adamlarının, eləcə də ölkənin media vasitələri əməkdaşlarının iştirak etdikləri bu maraqlı tədbiri giriş sözü ilə açıb, qonaqları salamlayan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin üzvü Əziz Ələkbərlinin təklifi ilə, 30 ildən çox yağı düşmən tapdağında inləyən dədə-baba torpaqlarımızın azad edilməsi naminə, eləcə də 44 günlük Vətən Müharibəsində və bu yaxınlarda Qarabağda Azərbaycanın Konstitusiya quruluşunun bərpası məqsədiylə başladılan lokal antiterror tədbirləri zamanı, canları-qanları bahasına xalqımıza möhtəşəm qələbə sevincləri yaşadan Vətənin qəhrəman şəhid övladlarının xatirələri tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edildi. Bundan sonra, qurum rəhbəri öz çıxışında, qərbi azərbaycanlıların Ümummilli Lider Heydər Əliyevə və onun siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev cənablarına daim dəstək olduqlarını xüsusi olaraq qeyd edərək, dövlət başçısının Qərbi Azərbaycanla bağlı siyasətinin, adları yuxarıda çəkilən bölgələrdən olan insanların üzərinə böyük məsuliyyət və vəzifələr qoyduğunu, onların hər birinin bu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün, öz bacarıq və imkanlarından maksimum istifadə edəcəklərinə inamını ifadə etdi. Xüsusi olaraq onu da vurğuladı ki, Qərbi Azərbaycana qayıdış ideyasının təməlini qoyan Ulu Öndərin bu mövzu ilə bağlı məlum yaddaqalan və daim xatırlanan nitqində, həmçinin ölkə başçısı İlham Əliyevin ötən ilin dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasının açılış mərasimindəki çıxışında dediklərini, hər bir soydaşımız, öz gələcək həyat və fəaliyyət amalında əsas prinsipə çevirməlidir.
İcma sədri, millət vəkili öz çıxışı zamanı, qurumun bu günə qədərki fəaliyyəti və burada gedən formalaşma prosesi, Qayıdış Konsepsiyasından irəli gələn və qarşıda duran əsas vacib vəzifələri, eləcə də, bölgə icmalarının bu istiqamətdəki fəaliyyətləri, nəzərdə tutulan önəmli işləri barədə də söz açdı. İcmanın təşkilatlanmasında adları çəkilən rayonların icma nümayəndələrinin fəallığını yüksək qiymətləndirərək, bu fəallığın bundan sonra da davam edəcəyinə əminliyini bildirdi. O, QAİ-nin, şəhər, qəsəbə, rayon və kənd icmalarının təşkilati strukturları haqda məlumat verərək, onların rəhbərlərinin fəaliyyət istiqamətləri, hüquq və vəzifləri barədə də danışdı. Onu da bildirdi ki, əslən Hamamlı (Spitak) rayonunun Qursalı kəndindən olan Bakı Dövlət Universitetinin iqtisadi-təsərrüfat işləri üzrə prorektoru, texnika elmləri namizədi Nəbi Əhməd oğlu Ramazanlı həmin rayonlar üzrə yaradılan İcmanın sədri seçilib.
Bu təqdimatdan sonra, çıxış üçün söz, elə, Nəbi Ramazanlının özünə verildi. O, çıxışı zamanı, öncə, Qərbi Azərbaycan İcması rəhbərliyinə, onlar tərəfindən ona göstərilən bu yüksək etimada görə, öz dərin təşəkkürünü çatdırıb, bundan sonra, sözügedən rayonların tarixi, görkəmli şəxsiyyətləri, əhalisinin keçdiyi çətin yolla bağlı ətraflı danışdı. Onu da bildirdi ki, rəhbəri olduğu İcma tərəfindən, qarşıya qoyulan mühüm işlərin vicdanla yerinə yetirilməsi üçün, əlindən gələni əsirgəməyəcək. Eyni zamanda, o da öz çıxışında, tarixi torpaqlarımıza qayıdış uğrunda gedən çətin mübarizəyə verdiyi böyük dəstəyə görə, Ümumilli Liderin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarına, əslən həmin rayonlardan olan soydaşlarımızın adlarından öz dərin təşəkkürünü çatdırdı.
Bu çıxışdan sonra, həmin rayonlar üzrə icmaların formalaşması məsələsi də müzakirə olundu. Bu istiqamətdə gedən müzakirələr zamanı, rayonların icma nümayəndələri, ətrafında birləşdikləri Qərbi Azərbaycan İcmasına bütün işlərində əllərindən gələn dəstəyi göstərməyə həmişə hazır olduqlarını da bildirdilər. Konkret desək, böyük ruh yüksəkliyində etdikləri çıxışları zamanı, öncə, Nəbi Ramazanlını sədr seçilməsi münasibəti ilə, səmimi qəlbdən təbrik edərək, ona bu vəzifəsində də böyük uğurlar diləyən QAİ-nin paytaxt Bakının Nərimanov rayonu üzrə nümayəndəsi Təmraz Tağıyevin, İcmanın Loru – Pəmbək mahalı üzrə koordinatoru Fərhad Qəmbərovun, telejurnalist, doktorant Fəxriyyə Lilparın, Azərbaycan Dillər Universiteti rektorunun məsləhətçisi, iqtisad üzrə fəlsəfə doktoru Anar Osmanovun, Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin dekanı, dosent Kamandar Yaqubovun, Azərbaycan Tibb Universitetinin Əczaçılıq Texnologiyası və İdarəçiliyi kafedrasının müdiri, əczaçılıq elmləri doktoru, professor, əməkdar müəllim Məhbubə Vəliyevanın, Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının müdiri, dosent Cəlal İsayevin… verdikləri səmərəli təkliflərin, səsləndirdikləri faydalı tövsiyələrin və maraq doğuran fikirlərin də, Qərbi Azərbaycan İcmasının gələcək fəaliyyətinin daha uğurlu olmasına istiqamətləndiyini ortaya qoydu.
Öz çıxışlarında, onlar da, böyük inam və qətiyyətlə bildirdilər ki, öz ata-baba yurdlarına mütləq qayıdacaqlarına heç bir şübhə yoxdur, çünki bu qayıdışın anonsu sıradan bir Prezident tərəfindən yox, “Sözümüz — imzamızdır!” — deyən və dediyini dünyanın gözü qarşısında 44 günlük Vətən Müharibəsi ərzində, ildırım sürətiylə həyata keçirən Müzəffər Ali Baş Komandan tərəfindən verilib. Buna görə də, hamı bu ideya və onun gerçəkləşməsi naminə, bir nəfər kimi birləşməyi və var gücləri ilə çalışmağı qarşıya əsas məqsəd olaraq qoyub. Elə, bu qurumun yaradılmasında əsas məqsəd də, Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla, qərbi azərbaycanlıları öz doğma torpaqlarına qaytarmaqdır.
Çıxışlardan o da məlum oldu ki, Qərbi Azərbaycandan sonuncu deportasiya zamanı – 1987-1991-ci illərdə həmin rayonlardan qovulan qaçqın soydaşlarımızın siyahılarının tərtib olunmasının yekunları və qarşıda duran digər vacib məsələlərin həlli istiqamətində görülən işlər də, həmişə, İcma rəhbərliyinin diqqət mərkəzində olur. Çünki bu və bu kimi vacib işlərlə bağlı yuxarıdan verilən müvafiq ciddi tapşırıqlar, birbaşa, saxta erməni tarixinin ifşa edilməsinə köklənib. Elə, buna görədir ki, daha vacib olan “Qərbi Azərbaycan Ensiklopediyası” da, bu qurumun informasiya dəstəyi ilə, çox yüksək səviyyədə hazırlanır.
Onu da qeyd edək ki, iclas iştirakçılarının erməniləri beynəlxalq hüquqa və insan haqlarına hörmət etməyə səsləyən çağırış xarakterli bütün çıxışları bir daha göstərdi ki, Qərbi Azərbaycan əsilli soydaşlarımız doğma dədə-baba yurdlarına qayıtmaqda israrlıdırlar. Məhz buna görə də, onların öz halal torpaqlarına qayıdışları bu mövzuda olan bütün danışıqların əsas predmeti olmalı, pozucu kənar qüvvələrin bu danışıqların gedişinə müdaxilə etmələri qətiyyətlə rədd edilməlidir. Çünki ABŞ, Fransa, Kanada, Polşa, İspaniya, Almaniya… kimi dövlətlərin Azərbaycanın daxili işlərinə müdaxilələri, yüksək vəzifəli rəsmi şəxslərinin qəbuledilməz qərəzli açıqlamaları davamlı sülhün bərqərar edilməsinə əngəl törədən əlamətlərdi. Bu dövlətlərin hökumət üzvləri Ermənistanın yalanlarına uymamalı, Azərbaycanın daxili işlərinə müdaxilə etməməli, ölkələrin suverenliyinə dini təəssübkeşlik prizmasından baxmamalıdırlar. Konkret desək, mənəviyyatsız əməllərindən utanc hissi keçirməli və riyakarlığa son qoymalıdırlar. Onlar, öncə, Qərbi Azərbaycanla bağlı BMT-nin qəbul etdiyi 5 rəsmi sənədi gözləri önünə gətirməli, bilməlidirlər ki, bunlar, Ermənistanın və onun bəzi havadarlarının azərbaycanofob siyasətlərinin iç üzünü göstərən həqiqətlərdir. Ermənistanın Baş nazirinin son günlər verdiyi açıqlamalar isə, erməni daşnak tör-töküntüsü olan vəzifə sahiblərinin Azərbaycana qarşı ərazi iddiasından əl çəkmədiklərinin daha bir göstəricisidir. Elə, buna görə də, erməni silahlı dəstələri tərksilah edilməli və Ermənistandakı xunta rejimi tamamilə ləğv olunmalıdır.
Sonda, onu da qeyd edək ki, görüş xarakterli bu iclas qurtardıqdan sonra, iştirakçılar, yüksək səviyyədə keçən bu tədbirin daim xatırlanması üçün, İcmanın inzibati binasının girişində xatirə şəkli də çəkdirdilər.
Tahir HÜSEYNOV,
Fərhad MƏMMƏDOV,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.
araz.az xəbər portalı.