Sentyabrın 19-da başlayan və 24 saatdan da az davam edən lokal xarakterli antiterror tədbirlərinin yenə qısa zaman kəsiyində uğurla başa çatması bütün dünyanın diqqət mərkəzindədir. Ölkə lokal xarakterli antiterror tədbirlərin keçirilməsində məqsəd olaraq qarşıya qoyduğu bütün hədəflərinə çatdı. 44 günlük müharibədə Azərbaycan ordusunun ortaya qoyduğu döyüş nümunəsi dünyada diqqətlə öyrənildiyi kimi, eyni yanaşma antiterror tədbirləri ilə bağlı da sərgilənir.
Ümumiyyətlə, ordumuzun antiterror tədbirlərinin müddəti dünya üçün rekord hesab olunur. Rusiyalı hərbi politoloq, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko da diqqəti ona yönəldir ki, Azərbaycanın antiterror tədbirləri 24 saatdan az vaxt ərzində tam mənada bütün məqsədlərinə çataraq uğur qazandı: “Antiterror tədbirlərində Azərbaycan Silahlı Qüvvələri yüksək peşəkarlığını və qarşıya qoyulmuş vəzifələri tam həll etmək bacarığını nümayiş etdirdi. Söhbət siyasi aspektdən gedirsə, o zaman istər erməni lobbiçilərinin, istərsə də Azərbaycan əleyhdarlarının Bakıya irimiqyaslı hərbi-siyasi təzyiq göstərməsinin qarşısını almaqda yenə də zaman faktoru əsas rol oynadı, çünki antiterror əməliyyatının ilk günündə bütün əsas məsələlər həll edildi. Nəticədə, hərbi uğurlar Bakıya qarşı genişmiqyaslı təzyiq kampaniyası üçün bütün mümkün siyasi hazırlıqları dəyərdən saldı və bu kimi cəhdlər mənasını itirdi. Bu hallar Bakının son dərəcə uğurlu əməliyyatından xəbər verir”. Korotçenko qeyd edib ki, antiterror tədbirlərinin uğurunda bir neçə amil rol oynadı: “Birincisi, Azərbaycan Silahlı Qüvvələri separatçıların nəzarət etdiyi ərazidə baş verənlərdən çox yaxşı xəbərdar idi, ikincisi, hərbi hədəflərin və obyektlərin cərrahi yolla məhv edilməsi üçün dəqiq silahlardan maksimum istifadə edildi, üçüncüsü, təlim keçmiş xüsusi təyinatlılar irəliləyərək, əməliyyata lazımi dəstəyi təmin edə bildilər, dördüncüsü, bütün hadisələr ildırım sürəti ilə inkişaf etdiyi üçün Qərbin güc mərkəzlərindən separatçılara siyasi dəstək mümkün olmadı.
Bu, əməliyyatın vaxtı və yerinin vəziyyətin aydın təhlili əsasında seçildiyini deməyə əsas verir. Hesab edirəm ki, yaxın günlərdə erməni silahlı birləşmələri Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisini tam tərk edəcəklər. Buna paralel olaraq separatçıların qanunsuz silahlı birləşmələri artıq tərksilah edilir və bu proses davam edir”. Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov da bildirib ki, yaxın günlərdə Azərbaycanın bayraqları Qarabağın bütün şəhərlərində dalğalanacaq: “Erməni hərbi birləşmələri silahlarını təslim edərək Azərbaycan ordusu və Rusiya sülhməramlılarının yaratdığı humanitar dəhlizlər vasitəsilə Qarabağı tərk edirlər. İldırım sürətli lokal antiterror tədbirləri Azərbaycan Prezidenti İlham Əliyev üçün tam uğurla başa çatdı. Azərbaycan sivil və inkişaf etmiş dövlətdir. Qarabağın erməni milliyyətindən olan sakinləri Azərbaycan cəmiyyətinə sakitcə inteqrasiya ola biləcəklər. Təkcə hərbi cinayətlərdə, insanlığa qarşı cinayətlərdə, o cümlədən birinci Qarabağ müharibəsində iştirak edənlərdən başqa… Hesab edirəm ki, onların hamısı çoxdan Qarabağdan qaçıb”.
Başqa bir rus ekspert Aleksey Tokarev Azərbaycanın Qarabağda necə “sürətli və effektiv antiterror tədbirləri keçirdiyi” barədə sualı cavablandırarkən bildirib ki, indi Qarabağ Ermənistan üçün “ideya” olmaqdan çıxıb: “Artıq Qarabağın müdafiəsinin zəruri olması mövqeyi erməni ideologiyasının təməl daşı deyil. Bu, bir amildir. İkinci amil Azərbaycanın uzun illər ərzində güclənməsidir. Azərbaycan bütün bu konstruksiyada ən anlaşılan faktordur. Balakəndən Astaraya qədər hər hansı azərbaycanlının evinə zəng edin və Qarabağın kimə məxsus olduğunu və onunla bağlı nə etmək lazım gəldiyini soruşun. Sizə birmənalı cavab verəcəklər. Ermənistanda isə bununla bağlı vəziyyət dəyişib”. Aleksey Tokarev vurğulayıb ki, Azərbaycan son illər ərzində güclənib: “Ölkə bütün güc mərkəzləri, o cümlədən Türkiyə və Rusiyanın timsalında iki ən mühüm regional aktorlarla münasibətləri bərabər səviyyədə qurmaqla, effektiv xarici siyasət yürüdüb. Bəli, İranla müəyyən problemlər mövcuddur, lakin Azərbaycan regionda əsas aktorlarla razılığa gəlib və bütün bu illər ərzində ordunu gücləndirib. ÜDM-də orduya faizlə ayırmalara baxaraq, Azərbaycanın hərəkətlərini proqnozlaşdırmaq asan idi. Bu, adi hallarda 1-2 faizlik xərclərin yerinə, 10-11 faiz artıq vəsait olub”. Qərb ölkələrinin antiterror tədbirlərinə reaksiyasını təhlil edən Aleksey Tokarev bildirib ki, onun fikrincə, həmin dövlətlərin mövqeyi yetərincə təmkinli olub: “Ciddi söyləsək, Ermənistan bütün dünyada iki ölkəyə – Rusiya və elə Ermənistanın özünə lazımdır. Xarici siyasəti kimin müəyyən edəcəyindən asılı olmayaraq, vaz keçilməsi mümkün olmayan milli maraqlar var. ABŞ və Fransa üçün isə erməni məsələləri az əhəmiyyət kəsb edir. Kim Kardaşyanın və Emmanuel Makronun sosial şəbəkələrdəki postları heç nəyi dəyişmir, sadəcə havadan asılı qalır. Qərb ölkələrindən ötrü postsovet məkanında hər hansı hadisə ya ticarətdir, ya da Rusiyaya münasibətdə nəzarət altında olan gərginlikdir. Rusiyanın sərhədlərində nə qədər çox münaqişə olarsa, Moskvanın diqqəti daha çox yayınır və xarici siyasətdə onlara daha az problem yaradır”. Ekspert əlavə edib ki, əgər Rusiya Ermənistana böyük maraq göstərirsə, onda bu ölkə Qərb dövlətləri üçün Rusiyaya problem yaratmaq aləti kimi istifadə edilir: “Qərb siyasətçiləri tərəfindən müharibə zamanı çoxlu bəyanatlar verilib, amma bu münaqişə onlar üçün Rusiyanın imkanlarını məhdudlaşdırmaqdan başqa bir şey deyil. Bu, xüsusən indi, Ukraynada tammiqyaslı hərbi əməliyyatlar şəraitində baş verir”. Ukraynalı hərbi-siyasi ekspert Taras Berezovets “Report”a açıqlamasında bu xüsusda qeyd edib: “Xatırladım ki, Ermənistan Qarabağı təxminən 30 il ərzində işğal altında saxlayıb. Azərbaycan müttəfiqlərinin dəstəyi ilə öz Silahlı Qüvvələrində islahatlar apardıqdan, yeni silahlar aldıqdan sonra ərazi bütövlüyünün, suverenliyinin bərpası ilə bağlı hərbi əməliyyat keçirə bilib. Əlbəttə ki, Ukrayna Azərbaycan xalqının bu qələbəsini alqışlayır. Belə ki, Ukrayna bunu Krımın Rusiya işğalından azad edilməsinin xəbərçisi hesab edir. Azərbaycan və onun rəhbərliyi adıçəkilən əməliyyatın keçirilməsi üçün uyğun zaman seçib. Belə ki, Rusiya vacib müttəfiqi olan Ermənistanı dəstəkləməkdən imtina edib. Yeri gəlmişkən, Ermənistanı çox çətin günlər gözləyir. Aydındır ki, Qarabağ tez bir zamanda bərpa olunacaq, modernləşdiriləcək və hazırda işğal altında olan Ukrayna ərazilərinin gələcəkdə yenidən qurulması üçün nümunə olacaq”.
Ramil QULİYEV.
araz.az xəbər portalı.