“Ermənistanın yanında bizim ölkə qədər heç bir ölkə yoxdur, siz bunu çox yaxşı bilirsiniz”. Bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna parlamentdə sual-cavab zamanı bildirib. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının diplomatik səviyyədə bütün iclasları istisnasız olaraq Fransanın təşəbbüsü ilə baş tutub:

“Həmçinin, dediyim kimi, Fransanın təşəbbüsü ilə Ermənistanda müşahidə missiyası yerləşdirilib. Bütün bunlar humanitar müstəvidə də belədir. İlin əvvəlindən nazirliyimiz erməni əhalisinə 5 milyon avrodan çox vəsait ayırıb. Mən son günlərdə baş verənləri nəzərə alaraq, bu yardımı daha çox, əlavə olaraq 7 milyon avro artırmaq qərarına gəldim”.
Fransa xarici işlər naziri onu da qeyd edib ki, Fransa Ermənistanla müdafiə sahəsində də əlaqələri gücləndirib: “Müdafiə məsələləri üzrə attaşe Fransanın İrəvandakı səfirliyində olacaq. Bundan sonra biz tezliklə sərhədə yaxın Zəngəzur vilayətində konsulluq açacağıq. Beləliklə, hesab edirəm ki, bunlar Fransanın Ermənistanın yanında olduğunun əyani sübutudur”. Beləliklə, bütün bunlar bir daha Fransanın Ermənistanın yeni hamisi olmaq niyyətini ortaya qoyur. Lakin belə addımla Fransa həm də Ermənistanı geosiyasi çəkişmə mərkəzinə çevirir. Çünki belə vəziyyətdə Rusiya çətin ki, Ermənistan üçün oynadığ rolu Fransaya verməyə razı olsun.  Fransa Ermənistanda hərbi sfera daxil olmaqla bütün istiqamətlər üzrə möhkəmlənməyə çalışır.  Xatırladaq ki, ötən ilin oktyabrında Paris İrəvana daimi hərbi attaşe təyin edib. Bu, Fransa-Ermənistan hərbi tərəfdaşlığını genişləndirməyə xidmət edir. Bu ilin mayında isə Fransa Ermənistana 50 zirehli transportyor “hədiyyə edib”. Hələ iyun ayında 170 fransız parlamentarisi və digər seçkili orqanın üzvü olan şəxslər hökuməti İrəvana daha çox hərbi dəstək verməyə çağırmışdı. İyunun 18-də isə Ermənistanın müdafiə naziri Parisə səfər edib və fransalı həmkarı ilə görüşüb.  Bütün bunlar fonunda “Vestnik Kavkaza” nəşri yazır: “Son zamanlar Cənubi Qafqazdakı vəziyyət Ermənistanla Rusiya arasında münasibətlərin kəskinləşməsinə səbəb olub. 2018-ci ildə baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə başlayan tendensiya İrəvanın Qarabağ müharibəsində məğlubiyyətindən sonra dərinləşdi və bu ilin sentyabrında açıq qarşıdurma ilə nəticələndi. Hələ Azərbaycanın Qarabağ iqtisadi rayonunda antiterror əməliyyatı başlamazdan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Ermənistan səfirinə etiraz notası təqdim edib. Orada Paşinyanın bəyanatlarından,  həyat yoldaşının Kiyevə səfərindən və Ukraynaya humanitar yardım göstərməsindən, İrəvanın Roma Statunua qoşulmaq istəyindən, erməni-amerikan hərbi təlimlərindən narazılıqlar ifadə olunurdu. Azərbaycanın Bakının Qarabağ üzərində suverenliyinin tam bərqərar olması ilə başa çatan antiterror əməliyyatından sonra Moskva ilə İrəvan arasında qarşıdurma zəifləməyib, əksinə, daha da güclənir. Bu fonda Rusiya Xarici İşlər Nazirliyi daha bir sərt bəyanatla çıxış edib. Burada Paşinyanın Moskvaya hücumlarını qəbuledilməz adlandırıblar.

Xatırladaq ki, Paşinyan bundan əvvəl Rusiyanı regionda təhlükəsizliyi təmin edə bilməməkdə ittiham etmişdi. “Təhlükəsizlik vəziyyəti kəskin şəkildə dəyişdi. Bütün bunlar… Rusiya sülhməramlılarının məsuliyyəti olmalı idi və bu məsələlər mövcud olduğu üçün Rusiya sülhməramlıları öz missiyalarını yerinə yetirə bilmədilər”, – o deyib. İki KTMT ölkəsi arasında münasibətlərin soyuması fonunda Fransa Ermənistandakı mövqelərini möhkəmləndirmək üçün şansından istifadə etmək qərarına gəlib. Fransa lideri Emmanuel Makron Qarabağ hadisələrindən sonra İrəvana dəstək verəcəyini vəd edir. “Biz Ermənistana siyasi və humanitar dəstəyi davam etdirəcəyik”, o, TF-1 telekanalında qeyd edib. Makron ermənilərə sübut etmək istəyir ki, Ermənistanın suverenliyinin əsl tərəfdarı Rusiya deyil, özüdür: “Bu gün Fransa Ermənistanın ərazi bütövlüyünü qoruduğunu çox diqqətlə izləyir”. Fransa prezidenti daha əvvəl Rusiyanı Azərbaycanın şəriki olmaqda ittiham edib: “Rusiya Azərbaycanla həmrəydir. Fransa Ermənistan xalqını dəstəkləyəcək”. Görünən odur ki, Makron xoş olmayan işlə məşğuldur və Ermənistan əhalisini razı salmağa çalışır. O, erməni əhalisinin və elitasının müəyyən hissəsinin məyus olmasından istifadə edərək, Fransadakı erməni lobbisini sevindirir və Zaqafqaziya respublikasını Rusiyadan ayırmağa çalışır. Yekun məqsəd aydındır – Ermənistanın Aİİ və KTMT-dən çıxması. Gürcüstan və Ukrayna ssenarisindən sonra Aİ və ABŞ ola bilsin ki, postsovet dövlətlərini NATO və Avropa Birliyinə sürükləməklə hərbi münaqişələrə səbəb olmasını görmür.  Amma Ermənistana gəldikdə, görünür, bu məsələ onları çox da narahat etmir, çünki Ermənistanla Rusiyanın ümumi sərhədləri yoxdur. Amma yeni ərazi münaqişələrindən danışmasaq belə, istənilən halda KTMT üzvü olan ölkənin Avroatlantik strukturları ilə flört etmək Rusiyanın regionda və dünyada maraqlarına zərbə vura bilər. Bu, Avrasiya layihəsinə zərbədir. Və buna görə də Fransa bunu edir. Digər tərəfdən, Fransa Niger və digər Afrika ölkələrində getdikcə özünü büruzə verən alçaqlığını Rusiyanı zəiflətməklə kompensasiya etməyə çalışır. Makron artıq Niameydəki diplomatik missiyasını və Niger torpağından hərbi bazalarını geri çəkir”.

Tahir TAĞIYEV.

araz.az xəbər portalı.