ermenilerin-gelisi.jpg

Araz.az bildirir ki, …XIX əsrin əvvəllərində rusların Qafqaza gəlməsi, Rusiya-İran müharibələri nəticəsində Azərbaycan torpaqlarının parçalanmasında “xüsusi rolu olan” ermənilərin Arazın o tayından İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə köçürülməsi ilə yanaşı həm də Qarabağın Dağlıq hissəsinin səfalı yaylalarına köçürülməsi, ermənilərin, erməni məliklərinin Rusiya imperiyasına “sədaqətlə xidmətlərinə təşəkkürün” bariz nümunəsi idi.

Bu işin general P.Paskeviç tərəfindən bilavasitə Rusiya Ordusunun erməni mənşəli, qatı erməni millətçisi polkovnik G.Lazarevə tapşırılması fikrimizi sübüt üçün kifayətdir. 1 Çoxlu tarixi faktlar G.Lazarevin bu yolda “misilsiz xidmətlərinin”, özü də həmin xidmətlərin kökündə hansı məkrli məqsədlər durduğunu göstərir. G.Lazarevin həyata keçirdiyi tədbirlər onun rus imperiyasına xidmətdən daha çox hələ o vaxtlar ermənilər tərəfindən gündəmə gətirilmiş “Böyük Ermənistan” yaratmaq ideyalarını dirçəltməyə xidmət etməkdən ibarət olmuşdur.

Artıq XIX əsrin əvvəllərindən başlayaraq ermənilər “Böyük Ermənistan” yaratmaq üçün plasdarm məqsədilə Zaqafqaziyada Azərbaycan torpaqlarına göz dikirlər. Həmin əsrin axırlarında yaranan erməni millətçi “Qınçaq”, sonra isə “Daşnaksütyun” partiyaları yarandıqdan sonra bu torpaqlardan azərbaycanlıların təmizlənməsi işinin təşkilinə sisitemli şəkildə başlanılır.lk dəfə belə təmizləmə işi 1905-1907-ci illər erməni – azərbaycanlı münaqişəsi zamanı baş verir. Ermənilər bilərəkdən onların yaşayış məntəqələri ilə qonşu olan azərbaycanlı kəndlərini dağıdıb yerlə yeksan edir. Azərbaycanlıların bir daha həmin kəndlərə qayıtmasının qarşısını almaq üçün müxtəlif hiylələrə əl atır, xüsusilə onları həmişə qorxu altında saxlayaraq azərbaycanlı kəndlərini, onların ətrafındakı torpaqları boş qoymağa, bufer zonaları yaratmağa məcbur edirdilər. Sonra isə çar hakimiyyət orqanlarının əli ilə həmin torpaqlarda Türkiyə, İran və başqa yerlərdən gələn erməniləri yerləşdirməklə bu ərazilərdə ermənilərin sayını – məqsədyönlü şəkildə artırırdılar.

Ermənilərin Azərbaycan torpaqlarını bu yolla ələ keçirmək üçün həmin ərazilərdə olan azərbaycanlılara qarşı soyqırımı siyasətinin həyata keçirilməsində 1914-cü ildə başlamış Birinci Dünya müharibəsi və 1917-ci ildə Rusiyada baş verən inqilablar əsas katalizator rolu oynadı. Ermənilər yaranmış əlverişli şəraitdən öz məqsədləri üçün maksimum dərəcədə istifadə etdilər…

…1918-ci il may ayının axırlarında Zaqafqaziya seymi buraxıldıqdan sonra Cənubi Qafqazda üç müstəqil Respublika – Azərbaycan, Gürcüstan və Ermənistan Respublikaları elan olundu. Yeni yaranmış Ermənistan Respublikası elə ilk gündən öz qonşularına qarşı torpaq iddiası ilə geniş hərbi əməliyyatlara başladı. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyət göstərdiyi 23 ay ərzində özünün Ermənistanla sülh yaratmaq cəhdlərinə baxmayaraq daim Ermənistan Respublikası ilə rəsmən elan edilməmiş müharibə vəziyyətində olmuşdu. Ermənistan 1918-ci ilin dekabrında qədim Azərbaycan torpaqları olan Lori və Borçalı uğrunda Gürcüstana qarşı rəsmi müharibə elan edir. İlk əvvəl yalnız keçmiş İrəvan və Eçmiadzin qəzalarının ərazisində yaranan Ermənistan Respublikası demək olar ki, Cənubi Qafqazın çox hissəsini «tarixi erməni torpaqları» elan edərək imkan var ikən bütün vasitələrdən istifadə edərək həmin torpaqları ələ keçirməyə çalışmışdı.

1919-cu ilin aprelində ingilis missiyasının İrəvandakı rəhbəri polkovnik Temperley Ermənistan hökumətinə müraciət edərək 1914-cü ilə qədər Rusiya dövləti daxilindəki hansı ərazini özlərinin şəriksiz «ayrılmaz hissəsi» hesab edirlər sualına Ermənistan hökuməti belə cavab vermişdi: «Bütün İrəvan quberniyası, bütün Qars vilayəti, Tiflis quberniyasının Axalkalaki və Borçalı qəzaları, Yelizavetpol quberniyasının bir hissəsi daha dəqiq Yelizavetpol qəzasının Cənub hissəsi, Cavanşir qəzasının cənub-qərb hissəsi, Şuşa qəzasının qərb hissəsi, Qaryagin (Cəbrayıl) qəzasının bir hissəsi və Zəngəzur qəzası». Göründüyü kimi Ermənistan hökuməti hətta Azərbaycan Cümhuriyyətinin mübahisəsiz torpaqlarına belə iddia irəli sürürdü.

…O da təsadüfi deyil ki, 1920-ci ilin aprelində XI Ordu Azərbaycanı işğal edərkən Azərbaycan Cümhuriyyəti Ordusunun əsas qüvvələri Dağlıq Qarabağda erməni qiyamçılarına qarşı mübarizə ilə məşğul idi. Ola bilsin ki, bu da təsadüfi deyildi. Bəlkə də onların bu haqda Sovet Rusiyası ilə müəyyən sövdələşmələri var idi. Ermənistanda Sovet hakimiyyəti qurulan kimi Zəngəzur, Naxçıvan və Dağlıq Qarabağın Ermənistana verilməsi haqqında Sovet Rusiyasının cəhdləri bunu sübut etmirmi?

  Nəhayət 1919-cu ilin avqustunda Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ erməniləri arasında saziş imzalanır. Dağlıq Qarabağ məsələsinin sülh konfransında müzakirə ediləcəyi nəzərə alınaraq 1919-cu il avqust ayının 15-də Qarabağ ermənilərinin VII qurultayı Azərbaycan Cümhuriyyəti hökuməti ilə müvəqqəti olaraq müqavilə imzalayaraq aşağıdakı razılığa gəlirlər. Müvəqqəti müqavilə sülh konfransı tərəfindən bu məsələnin həllinə qədər qəbul edilir və konfransın qəbul etdiyi qərar hər iki tərəf üçün eyni dərəcədə məcburidir. Qarabağın Şuşa, Cavanşir, Cəbrayıl qəzalarının dağlıq hissəsinin (Dizak, Varand, Xacen və Carabert) erməni əhalisi özlərini müvəqqəti olaraq Azərbaycan Cümhuriyyəti daxilində hesab edirlər. Şuşa, Cavanşir və Cəbrayıl qəzaları Qarabağ general-qubernatorluğu kimi xüsusi inzibati vahidə ayrılır və qubernatorluq ərazisində erməni əraziləri üçün inzibati idarə orqanları işçiləri azlıqların hüquqlarını nəzərə almaqla ermənilərdən təyin olunur. Qarabağın dağlıq hissəsində (Dizak, Xacen, Varand və Carabert) inzibati vəzifəli şəxslər erməni şurası üzvlərinin təqdimatı ilə Qarabağ general-qubernatoru tərəfindən təyin olunur. Qarabağ general-qubernatoru yanında altı nəfərdən ibarət (üç azırbaycanlı, üç erməni) şura yaradılır. Şuranın erməni üzvləri Dağlıq Qarabağ ermənilərinin qurultayı tərəfindən seçilir. Millətlərarası bütün prinsipial məsələlər əvvəlcədən bu şurada müzakirə edilmədən həyata keçirilə bilməz.

General-qubernatorun mülkü işlər üzrə köməkçisi vəzifəsi müəyyən edilir və həmin vəzifəyə erməni millətindən olan şəxs təyin olunmalı idi. Eyni zamanda həmin müqavilədə göstərilirdi ki, Azərbaycan hökuməti dağıdılmış müsəlman və erməni kəndlərinin tezliklə bərpası işində Qarabağ əhalisinə maddi və mənəvi köməkliklər göstərir. Müqavilə imzalandığı günə qədər millətlərarası toqquşmada iştirakına görə heç bir şəxs təqib olunmur. Qarabağ erməniləri bu hüquqlardan maksimum dərəcədə yararlanmağa çalışırdılar.

 Ermənilərin bütün bu şıltaqlıqlarına baxmayaraq Azərbaycan Cümhuriyyəti hökuməti öz süqutuna qədər daimi mübahisəli ərazi məsələlərini ermənilərlə sülh yolu, danışıqlar yolu ilə həll etməyə çalışmış, əks tərəfdən isə sözdə buna razılıq verilsə də, əslində isə Ermənistan Respublikası öz süqutuna qədər Azərbaycan torpaqlarını ələ keçirmək uğrunda mübarizəni davam etdirmişdi.

Hətta 1920-ci ilin aprel çevrilişindən və XI Ordu tərəfindən Azərbaycanın işğalından sonra da ermənilər bu niyyətlərindən əl çəkməmiş, rus sovet ordusunun hücumu ilə əlaqədar ermənilər Sovet Rusiyası ilə müqavilə bağlamaq barədə çox intensiv danışıqlar aparmışlar. Bununla əlaqədar S.Orconikidze V.Lenin, İ.Stalin və G.Çiçerinə məlumatında bildirirdi: «Bu gün Qabrelyan mənə elan etdi ki, Azərbaycan Şərur-Dərələyəz qəzası və Naxçıvan rayonundan imtina edərsə erməni nümayəndə heyəti Qarabağ və Zəngəzurun Azərbaycana birləşdirilməsi ilə razılaşar».

Elə həmin vaxt Sovet Rusiyasının nümayəndə heyəti Leqran başda olmaqla ermənilərlə danışıqlar aparırdı. Bu danışıqların gedişi ilə əlaqədar S.Orconikidzenin G.Çiçerinə teleqramında deyilirdi: «Mənim fikrimcə Qarabağ və Zəngəzuru təcili Azərbaycanla birləşdirməli. Mən Azərbaycanı məcbur edərəm ki, bu vilayətlərin muxtariyyatını elan etsin. Bu Azərbaycan tərəfindən edilməlidi və heç cürə müqavilədə (Ermənistanla – Sovet Rusiyası arasında bağlanacaq müqavilə nəzərdə tutulur – A.P.) göstərilməməlidir».

 «Azərbaycan» qəzetinin 1920-ci il 2 aprel tarixli nömrəsində dərc olunmuş «Ermənistan birləşir…» başlıqlı məqalədə deyilirdi: «…Qars, İrəvan, Naxçıvan, Zəngəzur və Qarabağ başqalarının sümükləri üzərində «birləşmiş Ermənistan» yaratmaq iddiasına düşən daşnakların mübarizə proqramında yalnız ayrıca məntəqələri təşkil edir. Bu məntəqələr çoxdan Ermənistan xəritəsinə daxil edilib və indi onun rəhbərləri öz niyyətlərini yalnız həyata keçirirlər. Kim bilavasitə İrəvan hadisələrini yaşayıb, kim günün günorta çağı müsəlmanlara (azərbaycanlılara – A.P.) qarşı çəkinmədən ova çıxan erməniləri görüb, kim ki, nə vaxtsa çiçəklənən qəzanın yerlə yeksan edildiyini görübsə, əlbəttə onlar bilirlər ki, erməni hökuməti heç vaxt Qars, Naxçıvan, Zəngəzur və Qarabağı sakit buraxmayacaqlar. Əvvəlcə İrəvan, Eçmiadzin, Sürməli, Novobayazid qəzalarını müsəlmanlardan (azərbaycanlılardan – A.P.) təmizləmək lazım idi. Sözün əsil mənasında bu icra olundu. Bu gün Ermənistanın hakimiyyəti altında olan bu döyüş meydanında bir nəfər də olsun müsəlman yoxdur, onların daşınan və daşınmaz əmlaklarının hamısı Hayastanın toxunulmaz fonduna daxil edilmişdir. Bu qəzalar Ermənistanın qruplaşmalı olduğu mərkəz olmalıdır».

Əvvəlcə Azərbaycanda, sonra isə Ermənistanda Sovet hakimiyyətinin qurulması ermənilərin əsrlərlə qurduqları planlarının həyata keçirmələri üçün hədsiz imkanlar yaratdı.

1920-ci il noyabr ayının 30-da Azərbaycan K(b)P Mərkəzi Komitəsi siyasi və təşkilat bürolarının Q.Kaminski, N.Nərimanov, Y.Stasova, S.Orcenikidze, M.B.Qasımov, Ə.H.Qarayev, Sarkis(S.Ter-Daniselyan) V.Yeqorov, M.D.Hüseynov və A.Serebrovskinin iştirakı ilə keçirilmiş birgə iclasında Ermənistanda Sovet hakimiyyətinin elan edilməsi haqqındakı Ermənistan İnqilab Komitəsinin teleqramı müzakirə edilir.

Siyasi və təşkilat bürosu bu məsələ ilə bağlı deklarasiyanın mətnini təsdiq edir. Deklarasiyada göstərilirdi ki, Ermənistan İnqilab Komitəsinin adına təbrik məktubu göndərilir. Təbrikdə göstərilir ki, «Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasında heç bir sərhəd mövcud deyildir. Naxçıvan və Zəngəzur Ermənistana keçir. Qarabağın Dağlıq hissəsinə isə öz müstəqilliyini təyin etmək hüququ verilir. Sovet Azərbaycanı Sovet Ermənistanı ilə möhkəm hərbi və təsərrüfat ittifaqı bağlayır (o cümlədən neft məsələsi xüsusi qeyd edilsin)».

Qərarda həmin deklarasiyanın elanı N.Nərimanova tapşırılır.

Ertəsi gün yəni dekabrın 1-də, Bakı Sovetinin Ermənistanda Sovet hakimiyyətinin qələbəsinə həsr olunmuş təntənəli iclası keçirilir və burada N.Nərimanov həmin deklarasiya ilə çıxış edir və öz nitqində deyir: «Dağlıq Qarabağın zəhmətkeş kəndlilərinə öz müqəddəratlarının təyini üçün tam hüquq verilir.»

Maraqlıdır Qafqazın keçmiş canişini ilə müqayisədə özünü Qafqazın əsil sahibi kimi daha sərbəst aparan S.Orconikidze elə həmin iclasdakı çıxışında Azərbaycan K(b)P MK-nın siyasi və təşkilat bürosunun N.Nərimanov tərəfindən elan edilmiş deklarasiyasını bilərəkdən təhrif edir. O deyir: «N.Nərimanovun çıxışı çox xarakterikdir… Zəngəzur, Naxçıvan və Qarabağ bu sözlərin mənası ondan xəbəri olmayan ruslar üçün heç bir əhəmiyyəti yoxdur. Hansısa Zəngəzur – məhsulsuz dağlar, suyu yox, çörəyi yox… Orada heç nə yoxdur. Hansısa Dağlıq Qarabağ. Nə var bu Qarabağda? Heç nə yoxdur. Bax yoldaş Nərimanov deyir: «Onları özünüz üçün götürün. Götürün bu məhsul verməyən torpaqları Ermənistan üçün».

Maraqlıdır ki, bundan sonra S.Orconikidzenin Ermənistanın yeni rəhbərləri ilə yazışmalarında, V.Leninə, İ.Stalinə və G.Çiçerinə məktub, teleqram və birbaşa xətlə danışıqlarında deklarasiyada göstərilən «Dağlıq Qarabağın zəhmətkeş kəndlilərinə öz müqəddəratlarının təyini hüququ verilir» sözləri görünür bilərəkdən tamamilə yaddan çıxarılır.

Artıq dekabrın 2-də o, Bakıdan V.Lenin və İ.Stalinə göndərdiyi məlumatda bildirirdi ki, «Azərbaycan artıq dünən Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağın (?) Sovet Ermənistanına verilməsini rəsmən bəyan etmişdir».

Həmin il dekabrın 1-də bu məsələ ilə əlaqədar birbaşa rabitə ilə A.Nazaretyan ilə danışan S.Orconikedze ona yuxarıda göstərilən ərazilərin Azərbaycan tərəfindən ermənistana güzəşt edildiyini, artıq Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında sərhədlərin mövcud olmadığını bildirir və deyir ki, «Azərbaycan özünün var-dövlətini və neftini də hər iki respublikanın sərvəti elan etmişdir». A.Nazaretyan isə ona belə cavab vermişdir: Mətbuatda car çəkməyə başlayacağıq: «Bravo azərbaycanlılar!».

 Təsadüfi deyildir ki, İ.Stalin də 1920-ci il dekabrın əvvəllərində Ermənistana göndərdiyi təbrikində yazırdı: «Dekabrın 1-də Sovet Azərbaycanı mübahisəli vilayətlərdən könüllü olaraq əl çəkir və Zəngəzur, Naxçıvan və Dağlıq Qarabağın (?) Sovet Ermənistanına verilməsini elan edir».

Əlbəttə belə bir imkan əldə etmiş ermənilər bütün vasitələrdən istifadə edərək əsrlərlə arzusunda olduqları Dağlıq Qarabağı imkan var ikən tez bir vaxta ələ keçirməyə çalışırdılar.

 1921-ci il iyunun 27-də Azərbaycan K(b)P MK-nın siyasi və təşkilat bürolarının birgə iclasında Azərbaycanın Ermənistanla sərhəd məsələləri müzakirə edilir və qeyd edilir ki, siyasi və təşkilat büroları Dağlıq Qarabağ məsələsinin yoldaş X.Bekzadyanın təklif etdiyi şəkildə həllini ümumən qəbul edilməz hesab edir, ona görə ki, Dağlıq Qarabağın iqtisadi cəhətdən Azərbaycana yönümü sözsüzdür, bu istiqamətdə də həmin məsələ həll edilməlidir. Ona görə də bu ərazilərin erməni və türk (azərbaycanlı – A.P.) əhalisinə görə müvafiq olaraq Ermənistana və Azərbaycana ayırmaq haqqında təkliflər həm inzibati və həm də iqtisadi nöqteyi-nəzərdən qəbul edilməzdir. Məsələnin gələcəkdə tam həlli yalnız N.Nərimanov tərəfindən siyasi və təşkilat bürosunun fikri haqqında verdiyi məlumata Tiflisdən cavab aldıqdan sonra yenidən baxıla bilər.

 Elə həmin gün Tiflisdə RK(b)P Qafqaz ölkə bürosunun üzvləri S.Orconikidze, S.Kirov, Y.Fiqatner, Gürcüstanın xarici işlər komissarı Savanidze, ASSR-in xarici işlər komissarı M.Hüseynov, Az.MİK-in sədri M.Hacıyev, Gürcüstanın xalq hərbi dəniz komissarı Ş.Eliavanın iştirak etdiyi iclasda M.D.Hüseynovun Dağlıq Qarabağ məsələsi haqqında N.Nərimanovla danışıqlarını müzakirə edərək qərara alır ki, Qafqaz bürosunun təcili plenumunu çağırmaq və N.Nərimanov və A.Myasnikov yoldaşlara aşağıdakı məzmunda məktub göndərmək: «RK(b)P Qafqaz bürosunun rəyasət heyəti təklif edir ki, bunu (məktubu – A.P.) alan kimi təcili olaraq Qafqaz bürosunun təcili iclasına yola düşəsiniz. Gündəlik respublikaların sərhəd məsələləri haqqındadır. Tiflisdə Qafqaz bürosunun 6 üzvü var. Siz gəlmədiyiniz halda da Tiflisdə olan Qafqaz bürosunun 6 üzvünün qərarı məcburi hesab ediləcəkdir. Ona görə də sizin təcili gəlməyinizi təkidlə tələb edirik».

Bu məktubdan da görünür ki, özünü Qafqaz Respublikalarının mütləq hakimi sayan S.Orconikidze xalqımız üçün bu qədər həyati əhəmiyyəti olan məsələləri zor işlətmək yolu ilə Ermənistanın xeyrinə necə də asanlıqla həll etmək istəyirdi. Görünür ki, ermənilər tam əmin idilər ki, artıq Dağlıq Qarabağ Ermənistan SSR-ə veriləcəkdir. Buna görə də Ermənistan nümayəndəsi kimi, A.Muravyanı Dağlıq Qarabağa müvəkkil göndərir. Bu isə azərbaycanlılar arasında böyük narazılığa səbəb olur.

1921-ci il iyun ayının 28-də XKS-in N.Nərimanovun sədrliyi ilə keçən iclasında «Dağlıq Qarabağın Sovet Ermənistanına verilməsi və bununla əlaqədar Azərbaycan Xalq Komissarları Soveti ilə yanaşı Ermənistan tərəfindən A.Muravyanın Qarabağa müvəkkil təyin olunması barədə məsələyə baxılaraq qərara alınır ki, bu məsələnin müzakirəsi ilə bağlı yol. N.Nərimanovun RK(b)P Qafqaz bürosunda iştirakı üçün Tiflisə getməsi ilə əlaqədar olaraq Az.KP MK siyasi və təşkilat bürosunun bu məsələ barədə 1921-ci il 27 iyun tarixli qərarı əsas kimi qəbul edilsin».

1921-ci il iyulun 4-də RK(b)P MK-nın üzvü İ.Stalinin iştirakı ilə Qafqaz bürosunun üzvləri S.Orconikidze, F.Maxaradze, N.Nərimanov, A.Myasnikov, S.Kirov, A.Nazaretyan, M.Oraxelaşvili və Y.Fiqatnerin iştirakı ilə RK(b)P MK Qafqaz bürosunun axşam iclasında Qarabağ ilə əlaqədar məsələyə baxılır. 15 Bu məsələnin müzakirəsi zamanı ciddi fikir ayrılığı ortaya çıxır və onlar səsə qoyularkən aşağıdakı kimi səs qazanır: Qarabağı Azərbaycanın tərkibində saxlamaq lehinə N.Nərimanov, F.Maxaradze və A.Nazaretyan səs verir. Bu təklifin əleyhinə S.Orconikidze, A.Myasnikov, S.Kirov (?!), Y.Fiqatner səs verirlər.   Bu məsələ ilə bağlı bütün Qarabağda yaşayan həm azərbaycanlı, həm də erməni əhalisi arasında rəy sorğusu keçirməyin lehinə yalnız N.Nərimanov və F.Maxaradze səs verirlər.

Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsinin lehinə isə S.Orconikidze, A.Myasnikov, Y.Fiqatner, S.Kirov (?!) səs verirlər.      Rəy sorğusunun yalnız Dağlıq Qarabağın erməni əhalisi arasında keçirmək təklifinə isə S.Orconikidze, A.Myasnikov, Y.Fiqatner, S.Kirov (?!), A.Nazaretyan səs verirlər.

Beləliklə, Qafqaz bürosunun iclasında Dağlıq Qarabağın Ermənistan SSR-ə daxil edilməsi və rəy sorğusunu isə yalnız Dağlıq Qarabağ əhalisi, yəni əsasən ermənilər arasında keçirmək haqqında qərar qəbul edilir. Bu qərarla əlaqədar o vaxt Azərbaycanın mütləq sahibi və hakimi olan, əslində özünün rəhbərlik etdiyi respublikaya qarşı açıqdan-açığa bu qədər təhqiramiz münasibət bəsləyən S.Kirovun hərəkətlərinə heç cür haqq qazandırmaq olmur.

Məsələ bu şəkil aldıqda N.Nərimanov Qarabağın Azərbaycan üçün həyati əhəmiyyətini nəzərə alaraq həmin məsələnin son həllini RK(b)P Mərkəzi Komitəsinin müzakirəsinə təqdim etmək haqqında məsələ qaldırır və bununla əlaqədar olaraq qəbul edilmiş qərarda deyilirdi ki, Qarabağ haqqında məsələ ilə bağlı ciddi fikir ayrılığı yaranması ilə əlaqədar RK(b)P MK Qafqaz bürosu həmin məsələ haqqında son qərar qəbul etmək məsələsini RK(b)P Mərkəzi Komitəsinin müzakirəsinə keçirməyi vacib hesab edir.

Lakin görünür ki, İ.Stalinin təsiri ilə yaxud hansısa başqa səbəbdən bu məsələ RK(b)P MK-nın müzakirəsinə verilməyərək ertəsi gün yəni 1921-ci il iyulun 5-də İ.Stalinin və RK(b)P MK Zaqafqaziya bürosunun yuxarıda göstərilən üzvlərinin tam heyətində keçirilən iclasında yenidən baxılır. S.Orconikidze və A.Nazaretyan Qarabağ haqqında keçən gün baxılmış məsələyə yenidən baxmağı təklif edirlər. Müzakirələr nəticəsində plenum bu məsələ barədə aşağıdakı məzmunda qərar qəbul edir: «Müsəlmanlar (azərbaycanlılar – A.P.) və ermənilər arasında milli sülhün vacibliyi mövqeindən çıxış edərək, Yuxarı və Aşağı Qarabağın iqtisadi əlaqələrini, onun Azərbaycanla daimi əlaqəsini nəzərə alaraq Dağlıq Qarabağı Azərbaycan SSR hüdudlarında saxlayaraq ona Muxtar vilayətin tərkibinə daxil olan Şuşa şəhəri Mərkəz olmaqla geniş vilayət muxtariyyatı hüququ verilsin».

Bu qərarın lehinə 4 nəfər səs verir, 3 nəfər isə bitərəf qalır. Həmin iclasda Dağlıq Qarabağa Muxtariyyat verilməsi haqqında qəbul edilmiş qərarda deyilirdi: «a) Azərbaycan [K(b)P] Mərkəzi Komitəsinə tapşırılsın ki, Muxtar vilayətin sərhədlərini müəyyən etsin və təsdiq üçün RK(b)P Mərkəzi Komitəsi Qafqaz bürosunun təsdiqinə versin; b)[RK(b)P] Mərkəzi Komitəsi Qafqaz bürosu Rəyasət Heyətinə tapşırılsın ki, Ermənistan K(b)P Mərkəzi Komitəsi və Azərbaycan [K(b)P] Mərkəzi Komitəsi ilə Dağlıq Qarabağ Fövqəladə Komissiyasına namizədlər haqqında danışıqlar aparsın; v) Azərbaycan [K(b)P] Mərkəzi Komitəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisini müəyyən etsin və təsdiq üçün [RK(b)P] Mərkəzi Komitəsi Qafqaz bürosuna təqdim etsin» 1921-ci il iyul ayının 19-da Azərbaycan MİK-in rəyasət heyətinin iclasında N.Nərimanov Tiflisdə Sovet respublikaları Azərbaycan, Gürcüstan və Ermənistan arasında sərhəd məsələlərinin müəyyənləşdirilməsinə həsr edilmiş yığıncaqda iştirakı barədə mə’lumat verir. O deyir: «Sovet Konstitusiyası çərçivəsində vilayət icraiyyə komitəsi başda olmaqla daxili özünüidarə hüququ verilməklə Dağlıq Qarabağ Sovet Azərbaycanının ayrılmaz hissəsi kimi qalacaq».

 Həmin il iyulun 20-də Az.K(b)P MK-nın siyasi və təşkilat bürosu Qarabağın «Konstitusiyasını hazırlamaq üçün» Xalq Daxili İşlər Komissarlığı, Xalq Ədliyyə Komissarlığı və Xalq Xarici İşlər Komissarlığının nümayəndələrindən ibarət komissiya yaradır.

L.Mirzoyan başda olmaqla Azərbaycanda məsul rəhbər vəzifələrdə olan ermənilər Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi sahəsində gizli fəaliyyət göstərərək Qarabağ məsələsinin səngiməsinə heç cür yol vermək istəmirdilər. Belə ki, 1921-ci il avqust ayının 1-də Dağlıq Qarabağın Kendxurt kəndində qırx yeddi nümayəndənin, Xalq Komissarlar Sovetinin nümayəndəsi L.Mirzoyanın, Şuşa qəzası daxili işlər şöbəsi müdirinin və ikinci sahə icraiyyə komitəsi üzvlərinin iştirakı ilə qurultay keçirilərək burada Qarabağ məsələsi müzakirə olunur. Demək olar ki, bu dövrdə əvvəllər ermənilərin bütün dünyada qloballaşdırdıqları «erməni məsələsi», indi SSRİ daxilində Ermənistan Sovet Respublikası yarandığı bir şəraitdə, onun ərazilərini genişləndirmək üçün «Qarabağ məsələsi» kimi yeni qondarma bir məsələ də gündəliyə gətirilir. Sonrakı tarixi hadisələr göstərdi ki, bu heç də təsadüfi deyilmiş. Bu Qarabağın Ermənistana birləşdirilməsi yolunda Daşnaksütyun partiyasının çoxdan məqsədyönlü şəkildə hazırlayaraq həyata keçirmək istədiyi proqramın ayrılmaz tərkib hissəsi idi. Fərq orda idi ki, bu ideya kommunist cildinə girmiş daşnaq xislətli ermənilər tərəfindən Sovet beynəlmiləlçiliyi bayrağı altında irəli atılır və həyata keçirilirdi. Özü də çox müvəffəqiyyətlə həyata keçirilirdi.

Həmin qurultayda məruzəçi kimi çıxış edən L.Mirzoyan elan edir ki, bu məsələ rəsmən müzakirəyə qoyulmur. Bu müzakirə yalnız kəndlilərin bu haqda fikirlərini öyrənmək məqsədi daşıyır. O, sübut edir ki, «iqtisadi, mənəvi, siyasi və milli nöqteyi nəzərdən Qarabağ sıx surətdə Azərbaycanın mərkəzi (Bakı) ilə bağlıdır. Artıq bu faktorlar məsələni müəyyən edir ki, biz Qarabağı hansı siyasi quruma aid edək».

 Beləliklə, L.Mirzoyan Dağlıq Qarabağa Muxtariyyat verilməsi haqqında Zaqafqaziya ölkə partiya təşkilatının qərarını özü bildiyi və ermənilərə sərfəli şəkildə izah edir. O, keçid şəraitində dağlıq hissəsinin əhalisinə (yəni ermənilərə – A.P.) milli zülm ediləcəyinin mümkünlüyünü də istisna etmirdi, lakin erməniləri müvəqqəti «dözümlülüyə» çağırırdı.

 Eyni zamanda o, elə həmin il avqust ayının 8-də Azərbaycan K(b)P MK-ya və surətini RK(b)P MK Qafqaz bürosuna göndərdiyi məktubunda Dağlıq Qarabağda vəziyyəti tənzimləmək üçün bir sıra konkret tədbirlərin müəyyən edildiyini göstərərək qeyd edir ki, o cümlədən də «Bütün Dağlıq Qarabağın müstəqil inzibati vahid kimi ayıraraq Mərkəzə – Az.MİK-ə və Xalq Komissarları Sovetinə, partiya xətti ilə Az.K(b)P MK-ya tabe edilsin». N.Nərimanov sonralar bu məsələ ilə bağlı «Ucqarlarda inqilabımızın tarixinə dair İ.V.Stalinə məktubunda yazırdı. «Dağlıq Qarabağ Mirzoyanın güclü təsiri altında Muxtar Vilayət elan edilmişdir. Mənim vaxtımda bu mümkün olmamışdı, ona görə yox ki, mən bu muxtariyyatın əleyhinə idim, sadəcə olaraq ona görə ki, erməni kəndlilərinin özləri bunu istəmirdilər. L.Mirzoyan bu müddət ərzində erməni daşnak müəllimlərinin köməyi ilə zəmin hazırladı və məsələni Zaqafqaziya Diyar Komitəsində keçirdi».

1921-ci il sentyabrın 26-da Az.K(b)P MK-nın siyasi və təşkilat bürosu yenidən «Qarabağ işi» deyilən məsələni müzakirə edərək qərar qəbul edir ki: «Qafqaz bürosundan xahiş edilsin ki, Dağlıq Qarabağın ayrılması haqqında qərarına yenidən baxsın, buna qədər muxtariyyat elan olunmasın».

Siyasi və təşkilat bürosunun qəbul etdiyi həmin qərarın başqa maddəsində deyilirdi ki, bu məsələ haqqında materiallar toplamaq üçün Ə.H.Qarayev, S.M.Əfəndiyev, Stukalov və L.Mirzoyandan ibarət xüsusi komissiya yaradılsın və onlara tapşırılsın ki, Az.MİK-in sessiyası qurtaran kimi təcili olaraq Qarabağa getsinlər.

1921-ci il oktyabr ayının 21-də Qarabağ bölgəsinin (Şuşa, Cavanşir, Qubadlı və Qaryagin qəzaları) məsul işçilərinin Az.K(b)P Mərkəzi Komitəsi təşkilat bürosu üzvləri D.Bünyadzadə, L.Mirzoyan və Ə.H.Qarayevin iştirakı ilə keçirilən konfransda çıxış edənlər belə fikir söyləyirlər ki, «Dağlıq Qarabağın ayrıca muxtar vilayətə ayrılması məqsədə müvafiq hesab edilməsin».

 1921-ci il dekabrın 10-da Az.K(b)P MK-nın xəbərlərində «Qarabağ məsələsi» başlığı ilə dərc olunmuş yazıda deyilirdi ki, bu məsələ ilə bağlı keçirilən konfransda müəyyən olunmuşdur ki, «Qarabağ məsələsi» deyilən hər hansı bir ayrıca məsələ yoxdur, o Qarabağ partiya və sovet orqanlarının ümumi zəifliyindən doğan fikirdi».

Lakin L.Mirzoyan başda olmaqla kommunist cildinə girmiş erməni daşnakları heç cür öz niyyətlərindən əl çəkmək istəmirdilər. Zaqafqaziya Federasiyasının təşkili ilə əlaqədar müəyyən müddət həlli ikinci plana keçirilmiş Dağlıq Qarabağa Muxtariyyat verilməsi məsələsi 1922-ci ilin oktyabrında SSRİ-nin yaradılmasına hazırlıq getdiyi bir zamanda yenidən gündəliyə gətirilir. 1922-ci il oktyabr ayının 27-də RK(b)P Zaqafqaziya Diyar Komitəsi rəyasət heyətinin A.Myasnikov, M.Oraxelaşvili, S.Orconikidze, S.Kirov və S.Yaqubovun Ermənistan K(b)P MK katibi İonesyanın iştirakı ilə keçirilən iclası A.Karakozovun məruzəsi əsasında bu məsələyə yenidən baxaraq qərara alır ki, «RK(b)P MK Qafqaz bürosunun 5 iyul 1921-ci il tarixli Qarabağa muxtariyyat verilməsi haqqındakı qərarını icra etmək üçün Az.K(b)P MK-ya təklif edilsin ki, bu qərarı həyata keçirsin».

Həmin il oktyabrın 30-da keçirilən Az.K(b)P MK Rəyasət Heyətinin Qarabağa Muxtariyyat verilməsi məsələsini hazırlamaq üçün komissiya yaradılması haqqında məsələyə baxır və S.Ağamalı oğlunun sədrliyi ilə A.Karakozov və Sviridovdan ibarət komissiya yaradır. 26 Maraqlıdır ki, elə həmin gün Az.K(b)P Mərkəzi və Bakı Komitələrinin məsul işçilərinin iştirakı ilə keçirdiyi plenumda müzakirə olunan birinci məsələ Azərbaycanın Zaqafqaziya Federasiyası vasitəsi ilə Sosialist Sovet Respublikaları İttifaqına daxil olmaq, ikinci məsələ isə «Dağlıq Qarabağın Muxtariyyatı haqqında» idi.

     Daşnak ideologiyasına məharətlə yiyələnmiş ciblərində kommunist partiyasının üzvlük biletləri olan ermənilər harda necə hərəkət etməyi gözəl bacarırdılar. 1922-ci il dekabrın 15-də Az.K(b)P MK rəyasət heyətinin S.Kirov, M.Xanbudaqov, R.Axundov Ə.H. Qarayev, M.C.Bağırov və M.B.Qasımovun (tərkibə fikir verin bu işin əsas təşəbbüskarı L.Mirzoyan yoxdur – A.P.) iştirakı ilə keçirilən iclasında yenidən Qarabağ haqqında məsələyə baxılır. Bu dəfə məsələ RK(b)P Zaqafqaziya diyar komitəsinin qərarı əsasında Az.MİK və XKS-nin kommunist fraksiyaları və A.Karakozov tərəfindən qaldırılırdı. Görünür tapşırıq artıq çox ciddi olduğu üçün iclas 11 maddədən ibarət geniş qərar qəbul edir. Qərarda deyilirdi: a) RK(b)P Zaqafqaziya Diyar Komitəsinin qərarı icra üçün qəbul edilsin; b) Azərbaycan SSR XKS-i yanında Kirov, Mirzabekyants və Karakozovdan ibarət tərkibdə Dağlıq Qarabağ işləri üzrə Komissiya təsdiq edilsin; v) 7 nəfərdən ibarət Dağlıq Qarabağ işləri üzrə komitə təsdiq edilsin; Karakozov sədr, 3 qəza icraiyyə komitələrinin – (Şuşa, Cəbrayıl və Cavanşir) sədrləri və 3 nəfər üzvünü isə yoldaş A.Karakozov MK Katibi ilə birlikdə müəyyən edərək Rəyasət heyəti tərəfindən təsdiq olunur və Sovet orqanları tərəfindən həyata keçirilir; q) Az.MİK-ə və XKS-nə təklif edilsin ki, Dağlıq Qarabağ işləri üzrə Komissiya və Komitənin təşkili haqqında dekret elan etsinlər».

Bu qərarın yerinə yetirilməsi ilə bağlı dekabrın 16-da Az.MİK və XKS-i M.B.Qasımov, D.Bünyatzadə və M.Xanbudaqovun imzası ilə Dağlıq Qarabağ haqqında qərar elan edilir. Qərarda deyilirdi: «Dağlıq Qarabağda bütün sahələrdə – Sovet, təsərrüfat və mədəni quruculuq sahəsində əhalinin ehtiyaclarını aşkar etmək, onları tezliklə və tam şəkildə təmin etmək məqsədilə Az.MİK-i və ASSR Xalq Komissarları Soveti qərara alır: 1) Az. SSR Xalq Komissarları Soveti yanında S.Kirov, A.Karakozov və Mirzabekyantsdan ibarət Dağlıq Qarabağ işləri üzrə Mərkəzi Komissiya yaradılsın; 2) Eyni zamanda Şuşa şəhərində 7 nəfərdən ibarət Qarabağ işləri üzrə komitə yaradılsın. Buraya A.Karakozov (sədr), Şadunts, Tavakelyan, Parziyan və Şuşa, Cəbrayıl və Qaryagin qəzalarının sədrləri, üzvlər təyin edilsinlər; 3) Komitəyə hüquq verilir ki, bilavasitə və müstəqil şəkildə Azərb. SSR-in bütün Mərkəzi idarələri ilə əlaqə yaratsın; 4) Komitə texniki işləri yerli icraiyyə komitələri vasitəsilə həyata keçirir».

1922-ci il dekabrın 17-də Azərb.SSR Xalq Komissarları Sovetində Dağlıq Qarabağ haqqında Az.MİK və XKS-nin qərarının layihəsinə baxılaraq qərara alınır ki, komissiyaya təklif edilsin ki, iki həftə müddətində smeta tərtib etsin və Xalq Komissarları Sovetinə təqdim etsin.  1923-cü il yanvarın 2-də Xalq Komissarları Soveti tərəfindən Dağlıq Qarabağ işləri üzrə Komitənin üç nəfərdən ibarət ştatı təsdiq edilir.

 L.Mirzoyan başda olmaqla ermənilər Dağlıq Qarabağla əlaqədar işləri çox məharətlə düzüb qoşurdular. Guya Dağlıq Qarabağda kadr çatışmadığı üzündən 1923-cü il yanvarın 22-də S.Kirov və A.Karakozovun imzası ilə Ermənistan K(b)P MK katibi İonesyana teleqram göndərilərək Qarabağda işləmək üçün Tavakelyanı, Akopyanı, Aydınyanı, Vartanyanı, Axtınskini və Sero Manutsyanı ezam etmək xahiş olunurdu.  Həmin il yanvarın 30-da S.Kirov RK(b)P Zaqafqaziya Diyar Komitəsinə A.Myasnikovun adına göndərdiyi gizli və təcili teleqramda yuxarıda göstərilən teleqramı təkrarlayaraq yazırdı: «Xahiş edirik Qarabağda işləmək üçün Ermənistandan Tavakelyanı, Akopyanı, Aydınyanı, Vartanyanı, Axtınskini və Sero Manukyanı ezam edəsiniz. Kadrlarla işi möhkəmləndirmədən Qarabağda işləri nizamlamaq mümkün deyil».

 Həmin il aprelin 21-də Az. K(b)P MK Rəyasət Heyəti Tavakelyan və Parizyanın əvəzinə Çalyan və Manutsyanı Qarabağ Komitəsi tərkibinə əlavə etməyi qərara alır və bu işi sovetlər xətti ilə həyata keçirmək vəzifəsini XKS-nə tapşırır.      Həmin il aprelin 25-də Az.SSR XKS-i Tavakelyan və Parizyanın əvəzinə Qarabağ Komitəsinin tərkibinə Çalyan və Manutsyanı keçirmək haqqında qərar qəbul edir.

 «Erməni daşnak müəllimlərinin köməyi» (N.Nərimanov) və Azərbaycanın «böyük hamisi» S.M.Kirovun xeyir-duası ilə L.Mirzoyanın Dağlıq Qarabağ Muxtar vilayəti elan etmək yolundakı təşəbbüsü 1922-ci ilin dekabrında N.Nərimanov «təntənəli surətdə» Moskvaya «yüksək vəzifəyə» yola salındıqdan sonra daha rəvan gedir.

1923-cü il iyun ayının 27-28-də keçirilən RK(b)P Zaqafqaziya Diyar Komitəsinin plenumu yenidən bu məsələni geniş müzakirə edir. Ən acınacaqlı cəhət o idi ki, axı o vaxtlar Ermənistan SSR-də azərbaycanlıların kompakt yaşadığı ərazilər daha çox idi. Bu iclaslarda iştirak edən heç olmasa bir nəfər də olsun azərbaycanlı tapılmır ki, Ermənistanda yaşayan azərbaycanlılar üçün də belə bir muxtariyyat verilməsi məsələsini qaldırsın. Görünür onlar üçün tutduqları vəzifə milli məsələ və vətən torpaqlarından daha şirin idi.

RK(b)P Zaqafqaziya Diyar Komitəsinin üzvləri – Ginzburq M.D.Hüseynov, Kaxiani, Ə.H.Qarayev, M.B.Qasımov, S.M.Kirov Lukaşin, F.Maxaradze, L.Mirzoyan, Mixaylov, Q.Musabəyov, A.Myasnikov, M.Oraxelaşvili, S.Orconikidze, M.Pleşakov, V.Strua, M.Tsxakaya, Eliava və S.Yaqubovun iştirak etdiyi həmin plenumda Qarabağ komitəsinin üzvləri S.Şatunts və A.Karakozovun məruzələri əsasında iki gün davam edən müzakirələr nəticəsində plenum qərara alır: «Az.K(b)P MK-ya tapşırılsın ki, bir ay müddətində Dağlıq Qarabağı Muxtar vilayətə ayırsın, ayrılan rayonların kəndliləri üçün torpaq və suyun bölünməsi işi həyata keçirilsin». 34 Elə həmin il iyulun 1-də AK(b)P MK Rəyasət hey’ətinin S.Kirov, L.Mirzoyan, Ə.Qarayev, Q.Musabəyov, R.Axundovun iştirakı ilə keçən iclası «Qarabağ haqqında» məsələyə baxaraq bu haqda çox geniş qərar qəbul edir. Qərarda Az.MİK-ə təklif olunurdu ki, rəyasət heyəti adından Xankəndi Mərkəz olmaqla Dağlıq Qarabağda İcraiyyə komitəsinin başçılığı ilə «Qarabağ Muxtar vilayəti yaradılsın. Həmin dekretdə göstərilsin ki, sərhəd və s. məsələlər xüsusi komissiya tərəfindən müəyyən ediləcək. Gələcəkdə İcraiyyə Komitəsi yaradılana qədər Qarabağı idarə etmək üçün A.Karakozovun sədrliyi ilə 5 nəfərdən ibarət İnqilab Komitəsi yaradılsın. İnqilab Komitəsinə tapşırılsın ki, iki aydan gec olmayaraq Sovetlər qurultayını çağırsın. Ə.H.Qarayevin sədrliyi ilə A.Karakozov, Sviridov, Ç.İldırım və D.Bünyatzadədən ibarət komissiya yaradılsın. Komissiyaya tapşırılırdı ki, 1) Muxtar vilayətin sərhədlərini; 2) Kürdüstanın Əsasnaməsini; 3) Aran Qarabağın inzibati bölgüsünü müəyyən etsin və bir həftə müddətində bu barədə öz rəyini bildirsin. Mərkəzi Komitənin təbliğat şöbəsinə isə tapşırılırdı ki, bu məsələ barədə istər azərbaycanlı, istərsə də erməni əhalisi arasında geniş izahat işləri aparsın.

 Nəhayət həmin il iyul ayının 7-də ermənilərin uzun illərdən bəri arzularında olduqları «Dağlıq Qarabağ Muxtar vilayətinin yaradılması haqqında» Azərbaycan MKİ-i dekret elan edir. Dekretdə deyilirdi: «1) Dağlıq Qarabağın erməni hissəsindən Az.SSR-in tərkib hissəsi kimi Xankəndi mərkəz olmaqla Muxtar vilayət yaradılsın; 2) Muxtar vilayətin idarə orqanları Vilayət İcraiyyə Komitəsi və yerli Sovetlərdi; 3) Vilayət İcraiyyə Komitəsi təşkil olunana qədər müvəqqəti İnqilab Komitəsi yaradılsın və ona tapşırılsın ki, iki aydan gec olmayaraq daimi icraiyyə orqanı seçmək üçün Sovetlər qurultayı çağırsın».

Həmin dekretin 4-cü maddəsinə əsasən vilayətin Əsasnaməsini hazırlamaq və Qarabağ Muxtar vilayətinin inzibati vahidlərini və sərhədlərini müəyyən etmək üçün hakimiyyət orqanları nümayəndələrindən ibarət qarışıq komissiya yaratmaq və həmin komissiyaya öz işini avqustun 15-nə qədər başa çatdırmaq işi tapşırılırdı.

 Maraqlıdır ki, «Bakinski raboçi» qəzeti özünün 1923-cü il iyulun 19-zu nömrəsində dərc etdiyi «Qarabağ Muxtariyyatı» məqaləsində deyilirdi: «Dağlıq Qarabağın Muxtariyyatı haqqında Az.MİK-in dekreti Zaqafqaziya xalqları arasında qardaşcasına həmrəliyin müəyyən edilməsi tarixində böyük əhəmiyyət kəsb edir».

Lakin tarixi hadisələr tamamilə bunun əksini sübut etdi. Sübut etdi ki, Azərbaycan rəhbərliyində özlərinə isti yuva tapmış L.Mirzoyan və onun kimi daşnak xislətli ermənilərin Dağlıq Qarabağı Ermənistan SSR-ə birləşdirmək niyyətləri baş tutmadıqda, bu əraziyə Muxtar vilayət statusu verdirməklə gələcəkdə həmin torpaqları Ermənistana birləşdirmək üçün zəmin hazırlayırdılar…

…Bütün bu müzakirələri diqqətlə izlədikdə görürük ki, bu məsələnin belə təkidlə və təcili surətdə həll edilməsinə çalışılmanın arxasında hansısa çox nüfuzlu qüvvələr dayanaraq onu istiqamətləndirirdilər. Bütün bu istinad etdiyimiz sənəd və materiallardan göründüyu kimi bu işin arxasında S.M.Kirovun əziz xələfi olan L.Mirzoyan və onun əlaltıları durduğu halda iş elə təşkil edilirdi ki, heç yerdə onun izi görünmür, kölgədə qalırdı. Əslən qarabağlı olan bu adam hər şeyi çox məharətlə istiqamətləndirirdi. Əlbəttə burada o vaxt Zaqafqaziya ölkə partiya komitəsində xüsusilə İ.Stalin və S.Orcenikidzenin yanında əsas nüfuz sahibləri olan A.Myasnikov, A.Nazaretyan Moskvada A.Mikoyan, L.Karaxanyan və başqa bu kimi ermənilərin fəaliyyətini də yaddan çıxartmaq olmaz. N.Nərimanov yazırdı: «Mənim zərrə qədər də şübhəm yoxdur ki, Serqo və Stalinin simasında AKP MK biz türklərə etibar etmir və Azərbaycanın taleyini erməni daşnaklarına tapşırır».

1923-cü il oktyabrın 18-də Dağlıq Qarabağ Muxtar Vilayətinin vilayət Sovetlər qurultayı və İcraiyyə Komitəsinin Əsasnaməsinə baxan komissiyanın iclası keçirilir. İclasda Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri haqqında Əsasnamədə dəyişikliklər haqqında məsələlərə baxılır.  Burada bir məsələyə də xüsusi diqqət yetirmək lazımdır. O da Şuşa şəhərinin hər vasitə ilə Dağlıq Qarabağda faktiki Mərkəzi olmaq statusunun getdikcə heçə endirilməsi idi. 1921-ci il iyul ayının 5-də RK(b)P MK Zaqafqaziya bürosu Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaq haqqında qərar qəbul edərkən Şuşa şəhəri mərkəz olmaqla belə bir qurumun yaradılmasını tövsiyyə etmişdi. Maraqlıdır ki, sonralar bu qərar unudularaq Xankəndi mərkəz olmaqla muxtar vilayət yaratmaq ideyası ortaya atılır. Bu da təsadüfi deyildi. Görünür Şuşada azərbaycanlılar çoxluq təşkil etdiyi üçün ermənilərin öz millətçilik planlarını istədikləri kimi həyata keçirməyə imkan verilməyəcəyini duyurdular. Ona görə də Muxtar Vilayətin Mərkəzini bilərəkdən kiçicik bir qəsəbəyə köçürürdülər ki, burada erməniləri məqsədyönlü şəkildə yerləşdirərək gələcəkdə öz çirkin niyyətlərini həyata keçirmək üçün zəmin hazırlasınlar. Sonrakı hadisələr bunu bir daha sübut etdi.

 … Beləliklə də Azərbaycanın dilbər guşəsi olan Yuxarı Qarabağda muxtariyyat şəklində yeni bir erməni qurumu meydana gəldi. Ola bilsin ki, o vaxt bəzi azərbaycanlılar bununlada ərazimizdə erməni məsələsinin həll olunduğunu düşünürdülər.

 Lakin «Böyük Ermənistan» yaratmaq azarına tutulmuş ermənilər bu torpaqların Ermənistana birləşdirilməsi iddiasından heç vaxt əl çəkməmişdilər. Onlar marığa yataraq əlverişli məqam gözləyirdilər. Azərbaycan hökumətinin Dağlıq Qarabağ Muxtar Vilayəti üçün lazım olan bütün güzəştlərə getməsinə baxmayaraq ermənilər yenədə razı qalmırdılar. Onlar bütün vasitələrdən istifadə edərək Dağlıq Qarabağda ermənilərin sıxışdırıldığını, hüquqlarının pozulduğunu nəzərə çarpdırmaq istəyirdilər. Muxtar vilayətdə isə erməni əhalisi arasında Ermənistanla birləşmək ideyası daim diqqətdə saxlanılır və gizli şəkildə öz təbliğatlarını davam etdirirdilər.

Təsadüfi deyildir ki, zaman-zaman ermənilər Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi ideyasını rəsmi və qeyri-rəsmi şəkildə qaldırır, bu ideyanı heç vaxt yaddan çıxmağa qoymurdular. Məsələn, 1945-ci ilin noyabrında Ermənistan Kommunist partiyası Mərkəzi Komitəsinin katibi H.Arutyunov Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında rəsmi məktubla İ.Stalinə müraciət edir. Öz xahişini o belə bir yalan məlumatla əsaslandırmağa çalışırdı ki, guya Dağlıq Qarabağ Ermənistan SSR-lə həmsərhəddir və onun iqtisadiyyatı Ermənistanın iqtisadiyyatı ilə sıx bağlıdır. Həyasızlıq o yerə çatır ki, əgər həmin məsələ müsbət həll olunarsa, onda Ermənistan hökumətinin Qarabağın keçmiş mərkəzi və 1920-ci il hadisələri zamanı dağıdılmış Şuşa şəhərinin bərpası haqqında hazırlanmış əlavə təkliflərinin də mərkəzi hökumətə təqdim edəcəyini bildirirdi. Həmin məktubu İ.Stalin G.Malenkova ünvanlayır. G.Malenkov isə öz növbəsində onu cavab üçün Azərbaycan SSR rəhbərliyinə göndərir. Dağlıq Qarabağın tarixi və onun əzəli Azərbaycan torpaqları olması barədə ətraflı və əsaslandırılmış arayış hazırlatdıran M.C.Bağırov G.Malenkova məktubunun sonunda bildirirdi ki, Şuşa rayonunu çıxmaq şərtilə Azərbaycan hökuməti təklifə etiraz etmir. Bu şərtlə ki, Ermənistan SSR, Gürcüstan SSR və Dağıstan MSSR-də əsasən azərbaycanlıların yığcam yaşadığı, Azərbaycanla sərhəd olan və tarixən Azərbaycanın ayrılmaz hissəsi olmuş ərazilər də Azərbaycan SSR-ə qaytarılsın. Vəziyyətin bu cür mürəkkəbləşdiyini görən «ulu rəhbər» bu təklifin gələcək inkişafına nöqtə qoyur. Ermənilərin bu yolda atdıqları bir ox da daşa dəyir.

Ancaq erməniləri tanıyan və onların tarixinə yaxından bələd olan hər bir kəs bilir ki, erməni erməni olmazdı əgər bir oxu daşa dəydikdə ikincini, üçüncünü və s. atmasın. Onlar N.Xruşşovun vaxtında da bu məsələni qaldırsalar da bir nəticə əldə edə bilmədilər. Nəhayət tək Azərbaycan xalqını deyil, keçmiş Sovetlər İttifaqında yaşayan bir çox xalqları qanlı mübarizə girdabına yuvarlamış avantürist M.Qorbaçovun hakimiyyəti dövründə onun köməyindən və bədnam «yenidənqurma» siyasətindən istifadə edən ermənilər öz istəklərinə nail oldular…

Ataxan Paşayev

http://www.milliarxiv.gov.az

araz.az xəbər portalı.