bina-660x330.jpg

Nərimanov rayonu ərazisində pilot layihə həyata keçirən “Qarant İnşaat – 2012” MMC ABŞ vətəndaşı Mahir Əliyevin evini yararsız vəziyyətə salıb.

AzToday.az-a şikayət edən ABŞ vətəndaşı bildirir ki, Nərimanov rayonu, M. Sənani küçəsi 39, mənzil 2 ünvanında aparılan söküntü işləri nəticəsində şəxsi mülkiyyətində olan evinin divarı və dam örtüyü bərbad hala salınıb: “Qarşıdan payız və qış ayları gəlir. Yağışlar başlasa su evin içinə dolacaq və ev dha artıq qəzalı vəziyyətə düşəcəkdir”.

 

Mahir Əliyevin sözlərinə görə, “Qarant İnşaat – 2012” MMC-nin iş icraçısı Ruslan Mustafayev adlı şəxs evinin bünövrəsini qazdırıb: “Əvvəllər Ruslan Mustafayev evimə gələrək, özünü Nərimanov rayon İcra Hakimiyyətinin əməkdşı kimi təqdim etmiş və bu söküntü işlərinin Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə aparıldığını bildirmiş, ölkənin birinci xanımının əmri ilə hərəkət etdiyini demişdir. Bu ilin iyul ayında Bakıda olduğum zaman yaşanmaqda olan hərc-mərcliklə maraqlandım. Mənə məlum oldu ki, Mehriban xanım Əliyevanın baş verənlərlərdən heç bir xəbəri yoxmuş. Aldığım məlumata görə, bu özbaşınalığa havadarlıq edənlər özlərini iş adamları kimi təqdim edən Əmiraslan Cəfərov və Vəli Əsədovdur”.

Şikayətçinin sözlərinə görə, qeyd etdiyi ünvanda keçmiş həyat yoldaşı, oğlu və qızı yaşayır: “Bu adamların qanunsuz hərəkətləri nəticəsində keçmiş həyat yoldaşım, uşaqlarımın anası güclü stres və qorxu keçirərək qan xərçəngi (Leykoz) xəstəliyinə tutulmuşdur”.

Mahir Əliyev üzləşdiyi özbaşınalıqla bağlı müvafiq qurumlara şikayət etdiyini, lakin heç bir tədbir görülmədiyini bildirir.

Məlum şikayətlə əlaqədar sözügedən ünvana baş çəkib və “Qarant İnşaat – 2012” MMC-dən şikayətçi olan şəxsləri danışdırdıq. M. Sənani küçəsi 39 ünvanında yaşayan ailələrin əksəriyyəti aparılan söküntü və tikinti işlərinin narazıdırlar. Belə ki, Mahir Əliyevin evi ilə yanaşı başqa iki qonşunun da mənzili aparılan söküntü işləri nəticəsində xəsarət alıb. Həmin evlərin dam örtüyü yararsız vəziyyətə salınıb. Sakinlər “Qarant İnşaat – 2012” MMC-nin əməkdaşlarının özbaşınalıq etdiyini və söküntü işləri nəticəsində yararsız vəziyyətə saldığı evləri divarlarını və dam örtüyünü təmir etmədiklərini bildirdilər.

 

İş icraçısı Ruslan Mustafayev AzToday.az-a açıqlamasında sakinlərin şikayətlərini əsassız sayır. Onun sözlərinə görə, şirkət evlərin xəsarət almaması üçün bütün addımları atıb: “Bu pilot layihədir. Sakinlərə bildirilib ki, yaşadıqları mənzili müqavilə əsasında şirkətə verib, kirayə evlərə köçsünlər. Şirkət onların kirayə pullarını ödəyəcək. İki ilə isə həmin ailələr tikdiyimiz binalarda mənzillə təmin olunacaq…”.

“Qarant İnşaat – 2012” MMC-nin apardığı söküntü işlərindən ziyan görən sakinlərin şikayəti ilə bağlı müvafiq qurumlardan da münasibət öyrənməyə çalışacağıq.

 

Orxan Abbasov

AzToday.az

 

araz.az xəbər portalı.