“Pul kütləsinin azalmasının əsas səbəblərindən biri əhalinin real gəlirlərinin tam kompensasiya edilməməsidir”.
araz.az xəbər verir ki, bunu Valyuta.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Azərbaycanda pul bazasında azalmanın səbəblərini izah edərkən deyib.
Ekspertin sözlərinə görə, hökumət hər il pensiyaları indeksiyası edir, ona uyğun dövlət müəssisələrində çalışan işçilərin əmək haqqını, müavinətləri və digər ödənişləri artırır:
“Özəl sektor da buna uyğun olaraq öz reaksiyasını verir, yəni orada da artımlar gedir. Hökumət əhalinin real itkilərini tam kompensasiya eləmir. 20% infliyasiya gedibsə, əmək haqqını 10-15% artırır, pensiyanı 12-13% artırır. Əhalinin itmiş gəlirlərinin tamamiylə kompensasiya edilməməsi də pul kütləsinin azalmasına gətirib çıxaran amillərdən biridir”.
Akif Nəsirlinin fikirincə, pul bazasının artıb-azalmasının müəyyən təsirlər altında baş verir:
“Pul bazasının azalmasının müsbət tərəflərini qeyd edək. Mərkəzi Bankın son bir ildə apardığı əməliyyatlar pul bazasının azalmasına müəyyən təsirlər göstərib. Pul bazasının idarəetməsində səmərələşdirici, effektivləşdirici tədbirlər, ineksiya və müdaxilələr artıq öz bəhrəsini verir. Ölkədə nə vaxt pul bazası azalır, o zaman infliyasiyanın azalması və qiymətlərin aşağı düşməsi gözlənilir. Amma biz pul bazasının azalması ilə yanaşı, infliyasiyanın azalmasını, qiymət artımının sabitləşməsini müşahidə eləmirik. Əslində pul bazası azalada biz bunları müşahidə etməliyik. Pul bazası genişlənəndə infliyasiya, qiymət artımı, iş yerlərinin çoxalmasını gözləyirik. Pul bazası azalanda da iş yerləri ixtisara düşür, yəni işsizliyin sayı artır”.
Ekspertin sözlərinə görə, Azərbaycanda pul bazasının azalması ilə bərabər infliyasiya, qiymət artımı, işsizliyin artması da gedir:
“Azərbaycanda pul bazasının azalmasının əsas səbəbi heç də pul dövriyyəsinin effektivliyinin təsiri deyil. Əsas təsir iqtisadiyyatın kiçilməsidir. Son 3 ildə ölkə iqtisadiyyatı durmadan kiçilməkdədir, daxili istehsal azalmaqdadır. Buna bağlı da pul kütləsi azalmalıdır. Azərbaycanda pul kütləsini artıran amillər əsasən kredit potfelidir. Azərbaycanda kredit götürüb hər hansı iş görüb ondan qazanc götürmək mümkünsüz hala gəlib. Ona görə də kredit götürən yoxdur, ölkə iqtisadiyyatına hökumətdən başqa investisiya qoyan yoxdur.
Pul kütləsinin azalması, pul bazasının aşağı düşməsi müsbət tendensiya o zaman sayıla bilər ki, onunla bərabər infliyasiya dayansın, qiymətlər aşağı ensin. Mənfi səbəb isə iqtisadiyyatın kiçilməsidir. Hər ay manatın qorunması üçün bazara 200 milyon dollar üzərindən vəsait atılıb, müdaxilələr olunur. Belə bir şəraitdə pul kütləsinin azalması heç də müsbət deyil, mənfi tendensiyaların təsiri altında baş verir”.
Qeyd edək ki, Azərbaycanda pul bazasında ardıcıl ikinci ay azalma qeydə alınıb. Belə ki, 1 sentyabr tarixinə ölkədə pul bazası 18 milyard 116 milyon manat olub. Bu əvvəlki ay il müqayisədə 146 milyon manat azdır. Son 2 ayda isə pul bazası 285 milyon manat azalıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.