ILham IsmayilPutin gəlib getdi. Paşinyan BMT-də bizi hədələyib Düşənbəyə yol aldı, orada çox şad olub sevincini “Feysbuk”da paylaşdı. Düşmən Qarabağ cəbhəsindəki durumdan razıdırsa və şad olduğunu deyirsə, deməli, bizim işimiz yaxşı deyil.

Paşinyan niyə də sevinməsin: Qarabağı işğal ediblər, indi də tutduqları torpaqlarda rahat qurub-yaratmaqla məşğuldurlar. Hərdən Azərbaycan tərəfdən atılan bir-iki güllə müəyyən narahatlıqlar yaradırdı. Yalnız narahatlıq. İşğal zonasında həyat davam edir, obyektlər, yaşayış yerləri tikilir, məskunlaşma şıdırğı sürətindən qalmır. Paşinyan sevincini onunla izah etdi ki, daha o narahatlığa da əsas yoxdur.

Yaponiyanın “İomiuri” qəzeti əhali arasında yeni sorğu keçirib. Sorğuda iştirak edənlərin 75%-i Rusiya ilə sülh müqaviləsi bağlamağın əleyhinə çıxıb. İkinci Dünya müharibəsi bitəndə SSRİ və Yaponiya arasında sülh müqaviləsi imzalanmayıb və bu günədək məsələ açıq qalır.

Deyə bilərsiniz ki, Paşinyanın sevincinin, bizim bədbəxtliyimizin Yaponiyaya nə dəxli var, Yaponiyada gün çıxanda biz yatmağa hazırlaşırıq, qonşu da deyilik.

Yeri gəlmişkən, qonşuluq məsələsi barədə. Məşhur Norveç səyyah-etnoqrafı, alim Tur Heyerdal Bakıda olanda demişdi biz faktiki olaraq qonşu dövlətlərik, aramızda cəmi bir ölkə var, amma nə edək ki, bu ölkə çox böyükdür. Heyerdalın sözü olmasın, Yaponiya ilə aramızda cəmi bir dövlət var…

Qayıdaq Yaponiyaya və izah etməyə çalışaq ki, Rusiya prezidentinin Bakıya ayaqüstü dəyməsinin, Paşinyanın şad olmasının Yaponiya ilə nə əlaqəsi?

Yaponiya 1855-ci ildə Rusiya ilə bağladığı ticarət və sərhədlər haqqında traktata əsaslanaraq Kunaşir, Şikotan, İturup və Habomai adalarına iddialıdır və onları geri tələb edir.

1956-cı ildə SSRİ və Yaponiya bəyannamə imzalayaraq Moskvanın Habomai və Şikotan adalarının Yaponiyaya verilməsinə baxa biləcəyinə razılaşıblar. Vladimir Putin deyir ki, əvvəl sülh müqaviləsi imzalansın, sonra adaların məsələsinə baxaq. Yaponiya isə əvvəl adaları tələb edir.

Əvvəl adaları ver! 63 ildir Yaponiya adaları tələb edir və Rusiya ilə sülh müqaviləsi imzalamır. Biz Yaponiya kimi güclü dövlət deyilik, amma bizə atom bombası da atılmayıb, müharibədən sonra kapitulyasiya etməmişik. Yaponiya tarixinin ən fəlakətli dövründə də tarixi adalarının geri qaytarılmasını tələb edib, işğalçı ilə sülh müqaviləsi bağlamayıb. Biz tariximizə Bişkek protokolu kimi düşən təslimçi atəşkəs rejimini aprel döyüşlərindən sonra yenidən imzalayıb uzatdıq. Bu günlərdə isə Düşənbədə şifahi də olsa atəşkəsin daha da möhkəmləndirilməsi baş verdi. Əvəzində biz nəyə nail oluruq? Siyasi təhlillərin birində yazıblar ki, bu bizim sülhpərvər olduğumuzu göstərir, dünya qarşısında bizi müharibə istəyən dövlət kimi təqdim edən düşmənə cavabdır. Sual olunur: torpağı işğal olunan dövlət 24 ildir müharibə etmirsə, bu, Azərbaycanın sülhpərvər obrazının yaranması üçün yetərli olmadı?

Biabırçılıqdır! Atəşkəs yalnız və yalnız düşmənə xeyirdir, status-kvonun qalması Ermənistanın qələbəsidir. Düşmən bizə hər gün meydan oxuyur. Hərbçiləri təlim keçir, qırıcıları səmamızda dolaşır, biz heç bir cavab verə bilmirik. Xalq bu vəziyyətə alışdırılıb, onun qürur hissi zədələnib.

Azərbaycan Dağlıq Qarabağ ətrafındakı rayonların ən azı yarısını öz gücü ilə azad etməsə, bizə daim Qarabağı güzəştə getməyi təklif edəcəklər. Əvvəl ətraf rayonları hərb yolu ilə almaq, sonra Dağlıq Qarabağın Azərbaycanın tərkibində statusunu müzakirə edib sülh müqaviləsi imzalamaq. Budur yolumuz.

Moskva yeddi rayonun mərhələ-mərhələ (?!) qaytarılması müqabilində Dağlıq Qarabağa müstəqillik verilməsi ideyasını yavaş-yavaş burdakı beşinci kolon vasitəsilə xalqın beyninə yeridir. Məqsəd də sülhməramlı qoşun adı altında hərbi hissələrini aran Qarabağla dağ Qarabağ arasında yerləşdirib Cənubi Qafqazda möhkəmlənməkdir. Rusiya prezidentinin Azərbaycana səfərindən əsas gözlənti Qarabağ məsələsi idi, amma Qarabağı heç yada salan olmadı. Ən azı rəsmi məlumatlara görə. Halbuki yalan təbliğat “Rusiya prezidenti sülh missiyası ilə” gəlir deyirdi, iddia edirdi ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Avrasiya İttifaqına, hətta Şanxay Əməkdaşlıq Təşkilatına yolu açılır.

Qarabağı güzəşt predmeti etməmək üçün ilkin mərhələdə hərbi gücümüzü göstərməsək, Qərb də, Rusiya da daim bizə güzəştdən danışacaqlar, necə ki, hər gün danışırlar. İndi təklif edirlər, sabah tələb edəcəklər. Təəssüf ki, indiyədək aparılan dişsiz diplomatiyanın ağır nəticələri artıq bütün ağırlığı ilə millətin üzərinə çöküb. Nəticəsi də zaman keçdikcə erməniləri Dağlıq Qarabağ ətrafında məskunlaşdırıb bizi reallıqla barışmağa vadar eləmək ola bilər. O zaman gec olacaq və günahkar axtarmaq fayda verməyəcək.

Xof-qorxu altında yaşayan millətin torpaqları hər zaman düşmən üçün yeni hədəf olacaq. Necə ki, Paşinyan BMT sessiyasında Naxçıvandan, Gəncə ətrafından danışır. Qarabağda güzəşt olsa, başqa bölgələrimizdə separatçılar baş qaldıracaqlar. Qorxduqca, “başını aşağı sal” prinsipini həyat tərzi etdikcə Azərbaycanın qalan torpaqlarını da əlindən almağa hazırlaşan qüvvələr güdükdə durublar. Separatçılar, onları dəstəkləyənlər diş qıcayıblar. Qarabağı azad etməsək, başqa torpaqlarımız da əldən gedə bilər.

Başımızın üstündə yeni qara yellər əsir və qara yellərin Qarabağı birdəfəlik aparmaması üçün dövlət və millət bütün iradəsini dünyaya göstərməlidir. Hərbi müstəviyə keçməzdən öncə sərt diplomatik addımlar atılmalı və səmərəli beynəlxalq təbliğat başlanmalıdır. Daxildə vətəndaş həmrəyliyinə nail olmaq üçün imitasiya xarakteri daşımayan ciddi islahatlara start vermək məqsədəuyğundur. Bu istiqamətdə çox iş görülməlidir, ən zəruri olanlar önə çəkilib növbəti fəlakətlərin qarşısı alınmalıdır.

İlham İsmayıl

araz.az xəbər portalı.