Əlbəttə, Rusiya Qarabağdan çıxmaq fikrində deyil. Ancaq proseslərin regionda surətli inkişafı isə, müxtəlif ssenarilərin mümkünlüyünü göstərir.

Ümumiyyətlə, separatçı rejimin təslim olmasından sonra, rus sülhməramlılarının taleyi təkcə Azərbaycandan asılı vəziyyətdədir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı separtçı rejimin təslim və tərksilah olmasından sonra, bəyan etdi ki, 2020-ci ilin noyabr ayının 9-dan ortada olan üçtərəfli Moskva Bəyannaməsi də qüvvəsini itirib. Bu açıqlama isə, birbaşa, Ermənistanın artıq bu üçtərəfli Moskva Bəyannaməsindən çıxdığı və tərəf olmadığı deməkdir.

Rusiya Prezidentinin sözçüsü Peskov isə, mövzu ilə bağlı rus sülhməramlılarının Qarabağdakı taleyinin, ancaq, Azərbaycanla müzakirə ediləcəyini deyib. Qarabağdakı separatçı rejimin özünü buraxmasından sonra, ermənilərin könüllü olaraq Qarabağı tərk etməsi, əlbəttə ki, rus sülhməramlılarının qalmasına böyük ehtiyacı saxlamır.

Ermənistanın Qarabağ yükündən azad olması, Qarabağ ermənilərinin Ermənistana yerləşdirilməsi, sözsüz, onun siyasi rəhbərliyinin Rusiyadan uzaqlaşmasının praktik mərhələ keçdiyi deməkdir. Bir də, Rusiyanın Ermənistana iqtisadi təsir rıçaqlarından başqa, əhəmiyyətli təzyiq vasitəsi yoxdur. Əgər Putin hakimiyyəti qısa müddətdə Paşinyanı devirib, yerinə rus meyilli lider gətirə bilməzsə, Ermənistanın Rusiya orbitindən tam çıxması reallaşa bilər. Bir daha qeyd edim ki, Rusiyanın Ermənistanı öz təsirində saxlamaq üçün, ən radikal addımlar atacağını da istisna etmək olmaz. İndiki Ermənistanla bağlı proseslər onu göstərir ki, Rusiyanın Ermənistandan çıxarılması zaman məsəlidir.

Vəziyyət dəyişməzsə, Rusiyanın Cənubi Qafqazda mövcudluğunu təmin etmək üçün, ancaq, Azərbaycanla razılaşmasına ehtiyacı qalır. Bu razılaşma isə, olduqca çox böyük, qiymətli sövdələşməyə bağlıdır. Rusiya sülhməramlılarının Qarabağda daha artıq müddətdə qalması ehtimalı, Rusiyanın Qarabağa siyasi məqsədləri üçün, ezam etdiyi Ruben Vardanyanın Azərbaycan tərəfindən həbsindən sonra, sıfıra bərabərdir. Sözsüz ki, Vardanyan Rusiyanın Qarabağla və eləcə də, regionla bağlı planlarının icraçısı kimi, geniş informasiyaya malikdir. Təbii ki, əldə olunacaq məlumatlar Rusiyanın Azərbaycanla danışıqlarda əlini-qolunu bağlayacaq. Deməli, Rusiya Qarabağdan çıxmaq məcburiyyətində qalır — əlbəttə ki, əgər tarixi əhəmiyyətli təklifi olarsa, Azərbaycan onu dəyərləndirə də bilər!..

Vüqar DADAŞOV,
politoloq, hüquqşünas, Milli Cəbhə Partiyası Siyasi Şurasının üzvü, Qarabağ qazisi.

araz.az xəbər portalı.