Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanacağına özümüzü inandırmağın artıq mənası qalmadı. Ermənistan baş naziri Nikol Paşinyan BMT-nin yüksək tribunasından ölkəsinin işğalçı siyasətinə haqq qazandıran çıxışı ilə sülh danışıqlarının perspektivini alt-üst etdi.
Paşinyanın saymazyana davranışının qarşılığında beynəlxalq hüquq və normalara, ölkələrin ərazi bütövlüyünün toxunulmazlığına nəzarət funksiyasını, beynəlxalq sülhün və təhlükəsizliyin təminatını 1945-ci ildə qəbul edilən nizamnamənin 51-ci maddəsi ilə öz üzərinə götürən Millətlər Təşkilatının bu gün sadəcə dinləyici rolunda özünü ifadə etməsi acı təəssüf doğurur. Gücsüz və təsirsiz quruma cevrilən təşkilatın böyük dövlətlərin iradəsi altında fəaliyyət göstərməsi onu dünya birliyinin gözündən demək olar ki, büsbütün aşağıya yuvarlatmışdı. Başlıca prinsiplərindən uzaqlaşaraq tamamilə nüfuzunu itirmiş bir hala gəlmişdir. Ona görə də bu gün dünyada güclü gücsüzü, haqsız haqlını, arxalı arxasızı asanlıqla “zərərsizləşdirmək”imkanı əldə edə bilmişdir.
Bu mənada N.Paşinyan kimi məsuliyyətini dərk etməyən, beynəlxalq məsələlər də daxil, bütün dəyərlərə işğalçı nöqteyi-nəzərdən yanaşan təsadüfi bir hökumət başcısından yüksək ağıl və dərrakə nümayiş etdirməyi gözləməyin özü bir cahillikdir. Anlaşılmayan məqamlardan biri də budur ki, nə Millətlər Təşkilatının rəhbərliyindən, nə də Çənubi Qafqazda, eyni zamanda Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ konflikti ilə bağlı cərəyan edən proseslərin tarixini bilən üzv ölkələrdən biri kütlə emosiyaları üzərində hakimiyyətə yiyələnən “demokrat” Paşinyandan soruşmadı ki, kim kimin torpağına girib və ya erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərində nə işi qalıb?
İşğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan silahlı dəstələrinin dərhal geri çəkilməsinə dair BMT Təhlükəsizlik Surasının qəbul etdiyi məlum 4 qətnaməsinin yerinə yetirilməməsini baş nazirə xatırladan olmadı. Qətnamələrin üzərini qalın toz bassa da, BMT öz qərarlarına hörmətsiz münasibəti aradan qaldırmaq barədə düşünmək belə istəmir. İldə iki dəfə geniş yığıncaq keçirməklə işini bitmiş hesab edən təşkilatın hansı regional qarşıdurmanın, hansı müharibənin dayandırılıması üçün göstərdiyi təşəbbüsü reallaşdıra bilib?! Yaxud konflikt tərəflərdən hansı biri bu beynəlxalq qurumun sözü ilə silahı yerə qoymağa məcbur qalıb?! Son 40 il ərzində bu cür hadisəni xatırlamağa cətinlik çəkirəm. O zaman böyük bir sual meydana çıxır: -Bu cür BMT-yə gərək varmı? Əgər Birləşmiş Millətlər Təşkilatı oz fəaliyyətində ciddi reformalara başlamazsa yaxın illərdə onu ağır problemlərin gözləyəcəni heç unutmasın.
Ədalətliliyi, üzv ölkələrin bərabərliyinin təmin edilməsini, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığını, yer üzündə sülhün və təhlükəsizliyin qorunmasını xüsusi prinsiplər olaraq diqqət mərkəzində saxlamağı özünün dəyişməz qayəsi sayan beynəlxalq təşkilat elan etdiyi bəşəri dəyərlərin keşiyini çəkə bildimi? Bəlkə səhv edirəm, amma bəşəriyyət arzu olunanı görə bilmədi.
BMT yaranışından ədalətin və hüquqların bərabərliynin üstünliyinə geniş yol açmaq imkanından məhrum edilmişdir. Bəzi müsbət məsələləri etiraf etməklə yanaşı, qurumun simasında bu günə qədər etirazlarla qarşılanan ayrı-seçkinliyi ləgv etməyi yaxına belə buraxmaq istəmirlər. Hər kəsə məlum olan bir fakt: nəyə görə BMT TŞ-nın 5 daimi üzvündən biri müsəlman ölkəsi deyil? Hətta 11 daimi olmayan üzvlər sırasında da müsəlman ölkəsi yoxdur.
Beynəlxalq dəyər və prinsiplərə qətiyyən uyğun gəlməyən başqa bir fakt da vardır ki, bunun birbaşa Azərbaycan üçün də zərərli olduğunu görməliyik. TŞ-nın 5 daimi üzvündən 3-ü ATƏT-in Minsk Qrupunun üzvüdür: ABŞ, Rusiya, Fransa. İndiyəcən DQ münaqişəsinin acı bağırsaq kimi uzanmasında məhz bu üç dövlətin tərəfkeş mövqe tutduğunu inkar etmək qeyri-mümkündür. Torpaqlarımızın işğalı məsələsində əsgəri qüvvədən tutmuş, yeməyə, içəcəyə, geyəcəyə qədər Ermənistana yardımını əsirgəməyən imperialist Rusiyanın xalqımıza qarşı soyqırım siyasətini unutmaq olduqca çətindir. Bir sözlə, Rusiya konfliktin baş qaldırdığı gündən lövbərini təcavüzkar Ermənistanın yanında salıb. Aldadıcı manevrləri ilə Rusiya xalqımızın başının altına yastıq qoymaga calışsa da, ona qarşı tarixi inamsızlığı geri qaytara bilməyəcək.
Amerika Birləşmiş Ştatları da ondan bir az fərqli görünsə də səmimi olmayıb. 90-cı illərin sərt toqquşmaları, ağır döyüşləri gedən bir vaxtda, müharıbə aparmaq üçün lazım olan silah- sursatın və digər vasitələrin çatışmadığı bir zamanda ABŞ 907-ci düzəlişi kürəyimizə yüklədi. Fransada öz növbəsində milyonlarla maddi yardımı su kimi Ermənistana axıdırdı. BMT-nin ərsəyə gətirdiyi Minsk Qrupundan bundan artığını ummağın özü bir cahillik olardı. Onlar necəydilərsə, o cür də qalacaqlar.
Göründüyü kimi, vəziyyət elə də sadə deyil. Danışıqlar divara dirənib. Düşmən yeni tərəfdaş ovuna çıxıb, Azərbaycanı müharibə ilə hədələyir. Bizim ücün yeganə bir yol qalır: Silaha sarılıb Qarabağı əsirlikdən xilas etmək! Paşinyanın müharibə çağırışlarının mahiyyətində hakimiyyətini saxlamaq üçün hərbi- siyasi-ideoloji gedişlərlə kütlə daxilində baş qaldıran narazı elektrotu sakitləşdirməyə yönəlik hiyləgər addım durur. Digər yandan konfliktin dondurulmuş vəziyyətdə qalması da baş nazirin perespektiv planlarını reallaşdırmaqdan ötrü vaxt qazanmağa hesablanmış variantlardan biridir.
Dünyanın ədalətsizlikləri dayanası deyil. Müsəlman olduğumuzun xristiyan dünyası tərəfindən çətinliklə həzm edilməsini də unutmamalıyıq. Bu faktorun təkcə Azərbaycana yox, bütün müsəlman ölkələrinə ciddi təsiri nəsərdən qaçırılmamalıdır. Baxın Yaxın Şərqə. Uzaq olsun ölkəmizdən, oturuşmuş dövlətləri altını üstünə cevirdilər. Məzhəb savaşını ortaya atıb müsəlmanları bir-birinə qırdırdılar. Misirdə nələr oldu? İraq, Suriya kimi əsrlərin dövlətləri olan ölkələri viran elədilər. Adını da kimyəvi silahlar barədə guya məlumatlar daxil olub deyə hərbi əməliyyatlara başladılar. Tarixi şəhərlər, qədim yaşayış yerləri darmadağın edildi, sonda da heç nə tapmadılar. Amma nefti tapdılar…
22 ərəb dövlətindən 16-sı müsəlman ölkəsidir. Bir-birinə düşmən kəsiliblər. Bu gün Ermənistanın ayaq üstə dayanmasında təkcə Rusiyanın yox, İranın da hərtərəfli köməyini yaxından hiss edirik. O basabasda Azərbaycana mesaj olaraq BMT-də Ağayi Ruhani ilə Paşinyanın sıcaq görüşləri oldu və İran prezidentı onu ölkəsinə rəsmi səfərə dəvət etdi.
İslam Əməkdaşlıq Təşkilatı adında bizim də bir müsəlman qurumumuz var. Maraqlıdır mənim üçün, müsəlman birliyinin təmin ediilməsi ilə bağlı bu təşkilat hansı işləri görüb, bilsəydim şad olardım.
Nobel mükafatı üzrə ilk misirli müsəlman yazıçısından soruşurlar ki, siz möcüzəyə inanırsınızmı? Cavab verir ki, bəli, inanıram və iki müsəlmanın sözünün üst-üstə düşməsini dünyanın ən böyük möcüzəsi hesab edirəm. Bundan o yanası yoxdur. Nə qədər dərin bir hikmət! Bu yerdə Mirzə Ələkbər Sabiri xatırlamamaq böyük günah olardı…
ELDAR SABİROĞLU
araz.az xəbər portalı.