“Muğan Bank” ASC-nin səhmdarı bankın rəhbərliyindən kənarlaşıb.

araz.az xəbər verir ki, Elmir Mehdiyev bankın Müşahidə Şurasının (MŞ) üzvlüyündən ayrılıb. Bununla da, bankın MŞ-nin üzvlərinin sayı 3-ə (MŞ-nin digər üzvləri Ramiz Dadaşov, Amil Vəliyev və Teymur Məmmədovdur) enib.

Qeyd edək ki, Elmir Mehdiyev 2023-cü ilin aprel ayına qədər “Muğan Bank”ın əsas səhmdarı və Müşahidə Şurasının sədri olub. Aprel ayında isə onun bankdakı payı 67,74 %-dən 0,78 %-dək azaldılıb və MŞ-nin üzvü seçilmişdi.

Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 162,5 milyon manatdır.

Bildirək ki, son vaxtlar ölkədə bağlanacaq bankların sırasında məhz “Muğan Bank”ın da adı çəkilir. Hazırda səhmdarın rəhbərlikdən ayrılması da bununla bağlı müəyyən fikirlərin yaranmasına səbəb olub.

Onu da xatırladaq ki, ölkədə hansısa bankın bağlanması qeyri-adi hadisə deyil. Bir neçə ay öncə anidən “Günay Bank”ın bağlanmasının şahidi olduq.

Ümumiyyətlə, ilin sonuan kimi ölkədə hansısa bankın bağlanması gözlənilirmi və vətəndaşlar üçün təhlükə yaradacaqmı?

İqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, bank səhmdarlarının rəhbərlikdən ayrılması müxtəlif səbəblərdən ola bilər:

“Belə ki, səhmləri başqa şəxsə sata bilər. Ola bilər ki, səhmdara pul lazımdır, ona görə səhmlərini satır. Ancaq Azərbaycanda çox nadir hallarda kimsə öz bankını könüllü satır. Əksər hallarda bu ona dəlalət edir ki, bankın vəziyyəti pisdir.

Məsələn, “Muğan Bank”da vəziyyətin necə olduğunu demək mümkün deyil. Ancaq müxtəlif vaxtlarda məhz “Muğan Bank”la bağlı məlumarlar yayılır. Bu hələ də öz təsdiqini tapmayıb. Ola bilər ki, hazırda bankın vəziyyəti pisdir, yaxud da səhmdara pul lazımdır”.

Ekspert deyir ki, cari ildə hansısa bankın bağlanması istisna deyil:

“Son dövrlər məhz “Muğan Bank”la bağlı daha çox mənfi məlumatlar gəlir. Bağlanmadan danışdıqda əgər bankın səhmdarı dəyişibsə, demək bağlanma riski də azalır. Yəni vəziyyəti bağlanacaq olan bankı heç kim almaz.

Azərbaycanda elə bir hal olmayıb ki, bank bağlanmazdan əvvəl səhmdarı dəyişsin. Adətən bank vəziyyəti ilə öhdəlikləri yerinə yetirə bilmirsə, kapitalı çatmır və buna görə də bankın yiyəsi istəyir ki, onu satsın. Elə bir adama satır ki, o vəsait qoyub bankı vəziyyətdən çıxaracağını deyir.

Son vaxtlar da bağlanan banklardan olan “Günay Bank”ı bağlamaq asan idi. Çünki o bankın elə bir öhdəlikləri yoxdur. Böyük ehtimalla “Günay Bank” Azərbaycanda ilk bağlanmış bank olacaq ki, qısa müddətdə hamıya olan borclarını verəcək. Məndə olan məlumata görə, 4 ay ərzində öhdəliklərinin 60 faizdən çoxunu ödəyib. Ancaq ölkədə bağlanan elə banklar var ki, 10 ildir hələ də öhdəliyini yerinə yetirə bilmir. Çünki “Günay Bank” elə bir böyük bank deyildi, öhdəlikləri az idi.

Ümumiyyətlə, o bankı bağlamağın da heç bir əsası yox idi. Ancaq “Muğan Bank”ın öhdəlikləri çoxdur. Əgər “Muğan Bank”ı bağlasalar Əmanətlərin Sığortalanması Fondu da çox çətin vəziyyətə düşə bilər. Bu, bank sistemi üçün ciddi problem yarada bilər. Əgər səhmdar dəyişibsə yəqin ki, bağlanmaz”.

Ümumilikdə ölkədə hansısa bankın bağlanmasına gədikdə, ekspert bunun ola biləcəyini deyir:

“Prinsipcə, ilin əvvəlində elə Mərkəzi Bankın sədri bəyanat vermişdi ki, biz bankları bağlayacağıq. Əgər ilin əvvəlində deyibsə, bu o deməkdir ki, bunu istisna etmək olmaz.

Nəzərə alaq ki, Mərkəzi Bankın yeni rəhbərliyi bu problemləri qısa müddətdə həll etməlidir. Əgər bağlayacaqsa, bu ilin sonu, yeni ilin ilk yarısında bağlanmalı hesab etdiyi bankları bağlayacaq. Müəyyən ehtimallar var.

Ancaq bağlanacaq bankın adını desək təşvişə səbəb ola bilər. Hər bir halda vətəndaşların əmanətləri sığortalıdır. Buna görə də vətəndaşlar narahat olmamalıdır. Əsas problem sahibkarlarla bağlıdır.

Bağlanan banklarda əsasən sahibkarların pulları batır. Çünki Əmanətlərin Sığortalanması Fondu ləğvedici kimi adekvat tədbirlər görmür, qeyri-şəffaf fəaliyyət göstərir. Orada qalan pulların qayıtması üçün tədbir görmür. Xeyli qanunsuzluqlar edir. Əlimdə kifayət qədər faktlar da var.

Bu barədə aidiyyəti dövlət orqanlarına da müraciət edəcəyəm ki, bankları necə idarə edirlər və bunun nəticəsində pullar da geri qayıtmır. Buna görə sahibkarlar narahatdır, ancaq vətəndaşlar üçün o qədər də əhəmiyyəti yoxdur.

Ümumiyyətlə, bankların bəzilərinin bağlanması gözlənilir. Hansısa bank bağlansa, təəccüblənmərəm”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.