109612.jpg
“Paşinyanın əldə etdiyi razılıqlar işğalın davam etməsinə xidmət edir…”
Ermənistanın baş naziri N. Paşinyanla Düşənbə görüşündən ortaya çıxan razılıqlar erməni işğalının uzanmasına xidmət edir. Faktiki olaraq bəyan edilən bu razılıqlar son zamanlar Paşinyanın gündəmə gətirdiyi məsələləri əhatə edir.

Ermənistanda aprel ayından bəri siyasi xaosdur, daxildə siyasi mübarizə və qarşıdurma davam edir və dərinləşir. Hərbi birləşmələrin komandanlıqları Paşinyanı tanımaq istəmir və hər an ona qarşı Koçaryan və Sarkisyanın tərəfində olmağa hazırdırlar. Paşinyanın isə Azərbaycanla ən azı indiki zamanda danışa biləcəyi bir mövzu yoxdur. Onun Azərbaycan tərəfinin düşündüyü kimi torpaqlardan çıxıb DQ-ın statusunun da Azərbaycan daxilində müzakirə etməyə nə fikri,nə planı,nı cürəti, nə iradəsi, nə də istəyi yoxdur. Ermənistanda elə psixoz vəziyyət yaradılıb ki, bir rayonun belə geri qaytarılması artıq “vətənə” xəyanət kimi yozulur və Paşinyan bunu edərsə bütün cəmiyyətin Qarabag klanl tərəfindən ona qarşı ayağa qaldırılması istisna edilmir. O da bunu yaxşı bilir və bu cür gediş də ona lazım deyil və digər tərəfdən,o, “Azərbaycanla sülh” şüarları ilə də hakimiyyətə gəlməyib.

Onun fikiri indiki zamanda vaxt udub parlament seçkilərini udmaq və o zamana qədər atəşkəsi saxlamaq və ondan sonra qalib gələrsə Kocaryan və S. Sarkisyan kimi danışıqları sürüməkdir. Bu günə qədər Paşinyan -“Azərbaycanla sülh əldə etməliyik” sözünü işlətməyib və Ermənistanda inqilabi dəyişikliklər aparmaq istəyən bu şəxs Ermənistanı bu cür duruma salan əsas məsələdə heç bir addım atmayıb və əksinə mövcud S. Sarkisyan zehniyyətinin önündə gedir. Bilavasitə oğlunu ön cəbhəyə göndərməsi bunun bariz nümunəsidir. Bu baxımdan Düşənbə razılıqları Paşinyanın möhkəmlənməsinə və nəticədə Azərbaycanın isə onun arxasınca sürünməsinə aparır.

Səlahiyyətli rəsmilər arasında qaynar xəttin yaradılması daha da dərinə gedən bir məsələdir ve işğalın daha da sakitcə davam etməsinə xidmət edən bir addımdır. Bir zamanlar 1999-cu ildə Cenevre görüşlərindən sonra Səfər Əbiyev və Serj Sarkisyan arasında da qaynar xətt yaradılmışdı,sonrası hamıya məlumdur.

Bu cür addımlar real danışıqlar və onların mövzusu məlum olduğu hallarda atıla bilər. Ortada heç bir razılığa gedən niyyətin olmadığı halda və Ermənistanda mühitin zərrə qədər dəyişmədiyi bir zamanda atılan bu addım hiyləgər Pasinyanın nağılına qulaq asmağa aparır. Altyapısı olmadan atılan bu cür addımlar, diplomatik baximdan, zamanın yaxın bir intervalında 2016 Vyana ve S. Peterburg razılıqları kimi Azərbaycanı daha da çətin vəziyyətdə qoyacaqdır….

Həm Azərbaycan tərəfi və həm də erməni tərəfi (onlar bunu deməklə hec nə itirmir) həmişə bu məsələnin sülh yolu ilə həllinə çalışdığını bildirib. İkincisi, hər iki tərəf həmişə atəşkəsi qorumağa vəd verib və öhdəlik götürüb. Üçüncüsü, əvvəllər də ikitərəfli qaynar xətt olub və bunların hamısı son 25 ildə göstərdi ki, heç bir irəliləyişə xidmət etməyib. Niyə? Çünki ermənilərin dinc yolla işğal etdikləri torpaglardan çıxmaq fikirləri yoxdur.Məqsədləri bu işi uzatmaq və uzatmaq və sonucda ən maksimuma nail olmaqdır. Bunu Azərbaycan tərəfi də ən yüksək səviyyədə dəfərlərlə bildirib…

İndiki zamanda, ermənilər Şuşanı söküb erməniləşdirir,işğal ərazilərini məskunlaşdırır,Zəngilanı bir şəhərə çevririr, Qubadlı və Cəbrayılı məskunlaşdırır,Kəlbəcərdən yol çəkir. Çünki,onların torpaqlardan çıxmaq fikri yoxdur. Azərbaycan nə edir?

Bütün bunları görə-görə, aprel döyüşlərində olduğu kimi və ondan sonrakı aylar kimi düşmənə vaxt verilməsi və ona hərbi balans yaratmağa imkan yaradılması və indi də yenə eyni yolun təkrar edilməsi heç kimin cavab tapmadığı suallardır. İndiki anda Paşinyanın siyasəti və bununla nə etmək istədiyi həm daxildəki və həm də xaricdəki bütün dairələrə məlumdur. Bu işdə bəs Azərbaycanın planı,fikri və ya niyyəti nədir? Mən bilmirəm. Bəlkə Paşinyan “sülh yolu ilə” torpaqlardan çıxacaq? Türkiyədə deyilən kimi, qarğalar bu fikrə gülər.

Elxan Mehdiyev
Konfiliktoloq

P.S. İndi də məlum olur ki, Azərbaycanın əsas qayəsi “imitasiya danışıqlarının” formatının saxlanmasıdır. Saxla formatı. Erməni də bu formatda 200 il də davam etməyə hazırdır…

araz.az xəbər portalı.