“Hazırda Azərbaycanda elm adamlarının, siyasətçilərin əksəriyyəti beynəlxalq dil olan ingilis dilində sərbəst danışa bilmir. Biz ingilis dilini mükəmməl öyrənməliyik. Çünki beynəlxalq aləmə çıxışımız bu dillədir”.
Araz.az “Ölkə.Az”a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib.
Deputat deyib ki, hazırda Azərbaycanda ingilis dilinin öyrənilməsi ilə bağlı vəziyyət çox acınacaqlıdır:
“Bizim ingilis dilinə ehtiyacımız var. Ona görə də bu dili mükəmməl öyrənməliyik. Vaxtilə mərhum prezident Heydər Əliyev rus dilinin öyrənilməsi üçün təşəbbüslər göstərirdi. Nəticədə də Azərbaycanın bir çox ziyalıları, müxtəlif vəzifəli insanlar rus dilini öyrənirdilər və sərbəst şəkildə bu dildə danışa bilirdilər. Həmin dövrdə bizim beynəlxalq aləmə çıxışımız da məhz rus dilində idi. Ancaq indi Azərbaycanın beynəlxalq aləmə çıxışı ingilis dilindədir. Ona görə də biz ingilis dilini mükəmməl öyrənməliyik”.
Spiker Oqtay Əsədov deputatın təklifinə müsbət yanaşdığını söyləyib:
“Bir neçə il əvvəl mən təşəbbüs göstərdim, deputatlar üçün pulsuz ingilis dili kursları təşkil olundu. Çox təəssüf ki, həmin kurslara deputatlar gəlmədilər, fəallıq göstərmədilər”.
araz.az xəbər portalı.