Şəmsəddin Əliyev: “Bizə qarşı ikili standartlar olsa da, qarşı tərəfin iddiasını təmin etmək üçün əsaslı faktlar olmalıdır”

araz.az baki-xeber.com-a istinadən xəbər verir ki, Ermənistan Qarabağın erməni əhalisinə qarşı irqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın müddəalarının “pozulması” iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı iddia qaldırıb.Bildirilib ki, İrəvan nizamnamənin 41-ci maddəsinə və Məhkəmə Reqlamentinin 73-cü maddəsinə əsaslanaraq məhkəməyə sorğu göndərib. Ermənistan məhkəməni Azərbaycanın “birbaşa və ya dolayısı ilə Qarabağda qalan etnik ermənilərin köçürülməsinə yönəlmiş hər hansı hərəkətlərdən çəkinmək” öhdəliyini təsdiq etməyə çağırır.

Nəzərə alsaq ki, Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarından ibarət işçi qrupu Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən Qarabağ ermənilərindən sənədlərin qəbuluna başlayıb, o zaman Ermənistan tərəfinin bu yalançı iddiası təmin olunacaqmı?

  • “Bu faktlar olmadığı üçün erməni tərəfinin iddiaları hüquqi dəlillərə söykənmir və onun təmin olunacağı real deyil”

Sözügedən məsələyə aydınlıq gətirən hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, erməni tərəfinin iddialarının hüquqi baxımdan perspektivi yoxdu: “Ermənistanın Azərbaycana qarşı bu iddiası təmin oluna bilməz. İnanmıram ki, sosial ədalətin bərpası uğrunda çalışan hakim korpusu qondarma, sübutsuz, dəlilsiz iddianı təmin etsin. Niyə? Ona görə ki, Azərbaycanın Qarabağdakı ermənilərlə davranışı göz qabağındadır. Azərbaycan polisi könüllü olaraq Qarabağı tərk edən ermənilərə hər cür yardım edir. Onlara su,  çörək verir. Bizim həkimlər erməni sakinlərə tibbi yardım edir. Ermənilərin tərk etdiyi evlər yağmalanmır, yandırılmır. Xankəndidə vətəndaşlıqla bağlı müraciət edən ermənilərin sənədlərinə baxılır. Azərbaycan hökuməti onları ərzaqla, yanacaqla təmin edir. Artıq BMT missiyası da Qarabağda fəaliyyətə başlayıb. Bütün bunlardan sonra Beynəlxalq Məhkəmənin Ermənistanın iddiasını qəbul edəcəyi real deyil. Bir dənə erməni sakinlərə yönəlik milli, irqi ayrıseçkiliklə zəminində ədavət faktı yoxdu. Əgər belə bir fakt olsaydı, heç şübhəsiz ki, ermənilər bunu məharətlə bizə qarşı istifadə edərdilər. Ancaq Azərbaycan əraziləri işğal edilərkən nəinki Avropa konvensiyaları, heç bir beynəlxalq hüquq nəzərə alınmadı. Azərbaycanlılar ayaqyalın ərazilərini tərk etməli oldular. O zaman heç bir beynəlxalq qurum bunun hesabını Ermənistandan tələb etmədi. Qarabağın ətrafında işğal edilən 7 rayonun bütün yaşayış məntəqələri məhv edildi. 44 günlük müharibədə, bir sutkalıq lokal xarakterli antiterror tədbirlərində Azərbaycan hansı yaşayış məntəqəsini məhv edib? Bununla bağlı bir dənə fakt yoxdu. Belə olan halda nə əsasla Beynəlxalq Məhkəmə Ermənistanın şikayətini qəbul edəcək? Deməyim odur ki, hamıya bəlli olan faktların sübuta ehtiyacı yoxdur. Biz müharibədə mülki ermənilərə qarşı yox, öz suverenliyimiz üçün mübarizə apardıq. Biz qanunsuz erməni silahlı birləşmələrinə, hərbi xuntaya qarşı mübarizə apardıq. Nəticədə mülki ermənilərin burnu qanamadan antiterror tədbirləri həyata keçirildi. Hətta Paşinyan belə etiraf etməyə məcbur oldu ki, mülki ermənilərə yönəlik kütləvi təhlükə yoxdu. Bu isə Ararat Mirzoyanın BMT kürsüsündə Azərbaycan əleyhinə səsləndirdiyi böhtan xarakterli fikirlərin təkzib olunması demək idi. Nə yaxşı ki, BMT müzakirələrində bizim xarici işlər naziri bunu çox uğurla istifadə etdi. Bütün bunlardan çıxış edərək hesab edirəm ki, erməni tərəfinin iddialarının hüquqi perspektivi yoxdur. Bizə qarşı ikili standartlar olsa da, qarşı tərəfin iddiasını təmin etmək üçün əsaslı faktlar olmalıdır. Bu faktlar olmadığı üçün erməni tərəfinin iddiaları hüquqi dəlillərə söykənmir. Ona görə də burada prosessual lüzum da yoxdu. Ermənilər artıq baxıb görürlər ki, Azərbaycana qarşı güc dili ilə danışmaq mümkün deyil, ona görə də belə vasitələrə əl atırlar. Ancaq bu, vəziyyəti onların xeyrinə dəyişə bilməyəcək”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.