Derman01

Azərbaycana uzun illər ərzində saxta dərmanlar gətirib satdıran və bu ilin aprel-may aylarında Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində ifşa olunan şəbəkənin əsas fiqurantlarından biri – “Epid Biomed” MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu Səhiyyə Nazirliyinin rəhbərləyinə çox yaxın şəxslərdən biridir. Bunu “AzPolitika.info”ya tibb cameəsinə yaxından bələd olan məlumatlı mənbə bildirib.

Hətta N.Əliyevin səhiyyə naziri Oqtay Şirəliyevlə qohumluq əlaqələrinin olduğu da deyilir. Bir başqa mənbə isə onların qohum deyil, dost olduqlarını iddia edir. İstənilən halda, Namiq Əliyevin qısa müddətdə “Epid Biomed” MMC-ni tibb sahəsində fəaliyyət göstərən ən böyük şirkətlərdən birinə çevirə bilməsi də məhz Oqtay Şirəliyevin himayəsilə əlaqələndirilir.

Bu iddanı təsdiqləyən, daha doğrusu Səhiyyə Nazirliyi ilə qeyri-qanuni dərman alverilə məşğul olan “Epid Biomed” MMC arasında “isti” münasibətləri üzə çıxaran, şirkətin birbaşa nazirliyin himayəsi nəticəsində hər il 10 milyonlarla manat qazanc əldə etməsini göstərən çoxsaylı faktlar var. “AzPolitika.info”ya təqdim olunan məlumatlardan belə görünür ki, məhz Səhyyə Nazirliyinin himayəsi, N.Əliyevin şirkətinə yaradılan özəl şərait nəticəsində “Epid Biomed” MMC ölkəyə peyvənd idxalının 80 faizini əlində cəmləşdirib, necə deyərlər, peyvənd İNHİSARÇISINA çevrilib.

Bundan əlavə, Səhiyyə Nazirliyinin tabeliyində olan çoxlu sayda rayon və şəhər xəstəxanalarının bir sıra dərmanlar, tibbi ləvazimatlarla təminatı bəzən tenderlə, bəzən də tendersiz ölkəyə saxta məhsullar gətirən, insanları zəhərləyən “Epid Biomed” MMC-yə həvalə olunub.

N.Əliyevin səhiyyə naziri Oqtay Şirəliyevə nə qədər yaxın biri olduğunu göstərmək üçün saytımıza verilən məlumatlardan biri xüsusilə diqqəti çəkir.

Belə məlum olur ki, “Epid Biomed” MMC-nin təsisçisi Namiq Əliyev naziri “qorumaq” üçün hətta yeri gələndə jurnalistlərə hücum etməkdən də çəkinmir. Söhbət səhiyyə nazirinin mərhum müavini Abbas Vəlibəyovun dəfn mərasimində baş verən hadisədən gedir.

Xatırladaq ki, səhhətində problemlər olduğunu deyərək Prezident seçkisində səsvermədə iştirak etməyən Oqtay Şirəliyevin bir neçə gün sonra Abbas Vəlibəyovun dəfn mərasiminə qatılması orada olan jurnalist Famil Fərhadoğlunun diqqətini çəkmişdi. Dəfn mərasimindən şəkillər çəkən jurnalistin mobil telefonu nazirin göstərişi ilə əlindən alınmışdı. Hətta müqavimət göstərən jurnalisti döymüşdülər də… Bütün bunları edən isə, bir başqasi deyil, məhz Namiq Əliyev olub. Bunu hələ o zaman jurnalist Famil Fərhadoğlunun özü mediaya açıqlamasında bildirmişdi.

Onun sözlərindən belə məlum olmuşdu ki, səhiyyə naziri fotolarının çəkilməsindən narahat olaraq, işarə ilə Namiq Əliyevə bunun qarşısını almağı tapşırıb, o isə bir neçə nəfərlə jurnalistə təzyiq göstərərək mobil telefonunu əlindən alıb, özünü də “sözə qulaq asmadığı üçün” döyüb…

Bu fakt Azərbaycana saxta dərman gətirən şəbəkənin baş fiqurantlarından biri olan Namiq Əliyevin səhiyyə naziri ilə nə qədər yaxın olduğunu təsəvvür etməyə imkan verir.

Bəs “Epid Biomed” MMC ətrafında aparılan istintaq nə ilə yekunlaşıb? Hələlik bu barədə dəqiq məlumat yoxdur.

araz.az xəbər portalı.