araz.az turkdunyasi.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl “Dəryaz” qəzeti redaksiyasına daxil olan məlumat və ona əlavə olunan video-foto görüntülər əsasında “Deryaz.az” saytında “Quba meşələri belə məhv edilir” sərlövhəli məqalə dərc olundu. Təqdim edilən materialda Quba meşəsinin 11-ci və 5-ci dolayında 300-dən çox ağacın kəsilməsindən və başqa nahiyələrdə də minlərlə ağacın məhv edilməsindən bəhs olunurdu.

Məqalədə ehtiva olunan məlumatları, video-foto faktları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul şəxslərinin, o cümlədən, ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın vatsap nömrələrinə mesaj kimi göndərdik. Araşdırma aparılacağını vəd etsələr də, nəticə olmadı.

Məlum məqalə dərc olunmazdan əvvəl stasionar telefonla əlaqə yaratmaq cəhdimiz baş tutmayan Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Elvin Baxışovun mobil nömrəsini əldə edərək qeyd olunan faktlarla bağlı münasibət bildirməsini xahiş etmişdik. Elvin Baxışov məsələlərə münasibət bildirmək əvəzinə «Verə bilərsiniz, buraxın mətbuata, onu hüquqi cəhətdən araşdıracağam, özüm hüquqşünasam. Amma, bu şantajla bağlı arxasında dayanarsan» cavabını vermişdi.

Redaksiyamıza daxil olmuş məlumatların izi ilə Qubada ağacların məhv edildiyi ünvanlardan birinə — Amsar kəndinə getdik. Şikayətlənən sakinlər xahiş etdilər ki, gecəni kənddə keçirək, çünki “yaşıl soyqırım” daha çox məhz gecələr baş verir. Həqiqətən də gecə yarısı, saat 12-01radələrində ağac doğrayan motorlu mişarların səsi qulaq batırırdı. Düzü, gecə ikən meşəyə yollanıb cinayətkarları fakt üstündə yaxalamağa ürək eləmədik. Çünki əllərindən nə desən, gələ bilərdi. Səhər açılandan sonra getdik, torpaq üzərində qalmış “Qaz-66” yük maşınının təkərlərinin izinə düşüb irəlilədik və ağacların qırıldığı sahəyə çatdıq.

Sağlam ağacların doğranılmasının məhz gecə həyata keçirilməsi onun göstəricisi idi ki, kəsinti qanunsuzdur, necə deyərlər, “gecəni xəlvət görən tülkülərin işidir”. “Sanitar qırma” adı ilə doğranıb əldə olunan material son iki ildə Amsar kəndində fəaliyyət göstərən Abduləzizin və digər şəxslərin işlətdiyi taxta və parket sexlərinə təhvil verilir ki, onların da birbaşa ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə məxsus olduğu deyilir. Beləliklə, Elvin Baxışov Muxtar Babayevdən “meşələri qorumaq” tapşırığı deyil, onun regiondakı qanunsuz ağac biznesini idarə etmək tapşırığı alıb. Odur ki, Mərkəz rəisini nazirə şikayət etmək sadəlövhlükdür.

Mövzunu davam etdirəcəyik…

araz.az xəbər portalı.

araz.az xəbər portalı.