“The Guardian” agentliyinin əməkdaşı Ermənistanın Vanadzor və Gümrü rayonlarında qoca ermənilərin səfalət içində yaşaması ilə bağlı reportaj hazırlayıb. Jurnalist yazır ki, heç bir şəraiti olmayan evlərdə yaşayan qocalara mütəmadi olaraq Qırmızı Xaç Komitəsi tərəfindən yardımlar edilir.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az-a açıqlamasında ermənilərin səfalət içində yaşadıqlarının inandırıcı olmadığını bildirdi:
“Ermənilər necə acından ölürlər ki, bizim işğal altındakı rayonlarımızda quruculuq işləri aparırlar. Biz bəzən istəyirik ki, hər şeyi sadələşdirək, amma elə deyil. Bu gün dünyada erməniləri himayə edən böyük dövlətlər var və o dövlətlər onları hər şeylə təmin edirlər. Biz fikirləşməliyik ki, torpaqlarımızı necə azad edək. Gəlin özümüzü aldatmayaq, səmimi olaq. İyirmi beş ildir özümüzü aldada-aldada gedirik. Hər halda acından ölən 5-10 erməni tapmaq olar. Onlar bizim Dağlıq Qarabağla yanaşı yeddi rayonumuzu işğal ediblər, İrəvanımızı əlimizdən alıblar. Bunların hamısı böyük faktlardır. Xaricdə olan erməni diasporları, milyarderləri Ermənistana böyük pullar ayırırlar. Bəs hardadı bizim qarabağlı milyarderlərimiz, qarabağlı qəhrəmanlarımız? Yoxsa Cəbrayıldan olan Orduxanımız?! Niyə bunlar Qarabağla bağlı bir dəfə çağırış edib, dövlət başçısına dəstək olmadılar. Onların bir xəstəliyi var və o da ölkənin birinci şəxsinə qara yaxmaqdır. Amma baxın görün bəyənmədiyimiz ermənilər dünyanın hansısa ölkəsində Ermənistan rəhbərliyinə qarşı böhtan, şəryaxma kampnaiyasında yer alırlarmı? İşğalçı olanda nə olar, heç olmasa onlardan öyrənək milli mənafeyi təmənnasız qorumağı.
Bütün bunlar bizi vadar edir ki, torpaqlarımızın azad edilməsi üçün səfərbər olaq və ölkənin Ali Baş Komandanına dəstək olaq. Ölkə başçısı da bilsin ki, xalqına arxayındır və Dağlıq Qarabağda antiterror əməliyyatı başlanılsın. Ermənilər bizim ən gözəl, bənzərsiz təbiət mənzərəsi olan yerlərimizdə yaşayırlar. Düşünürəm ki, biz xarici siyasətimizi gücləndirməliyik. Amma çox təəssüflər olsun ki, ölkə başçısının ətrafında olanlar onun ayağının altını qazırlar. Bunu dəfələrlə demişəm, yenə də sözümdə qalıram ki, bəlalardan qurtulmaq üçün ilk olaraq hakimiyyəti, cəmiyyəti içimizdəki ermənilərdən təmizləməliyik və bundan sonra Qarabağa hücum edərək terrorçuları ordan çıxarmalıyıq”.
Vasif Əlihüseyn
araz.az xəbər portalı.