Ekspert: “Yeni struktur yaradılmalı, bu struktur da sürücülərin işə götürülməsini həyata keçirməlidir”
Oktyabrın 1-də Xəzər rayonunun Binə qəsəbəsində qatarla avtobusun toqquşması nəticəsində baş verən ağır qəza günlərdir ictimaiyyətin müzakirəsindədir. 160 saylı marşrut avtobusunun qatarla toqquşması nəticəsində 2 nəfər ölüb, 41 nəfər yaralanıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, 3 saylı Şəhər Kliniki Xəstəxanasında hazırda 2 nəfər reanimasiya şöbəsindədir, həmin şəxslərin vəziyyəti ağır stabildir. Bildirilib ki, Kliniki Tibbi Mərkəzdə 3 nəfər var ki, onlardan da 2-si evə buraxılacaq. 1 nəfər isə reanimasiyadadır, vəziyyəti ağır stabildir.
Qəzanın videosu yayıldıqdan sonra açıq şəkildə göründü ki, avtobusun sürücüsü sağa-sola baxmadan, idarə etdiyi nəqliyyat vasitəsini sürətlə gələn qatarın altına sürür. Hadisənin əsas günahkarı olan sürücü Əlixan Şirəliyev bundan əvvəl də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyi üçün məhkumluq həyatı yaşayıb. Məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov təsdiqləyib və bu barədə ötən sayımızda geniş məlumat dərc olunub.
Məsələ burasındadır ki, avtobus sürücülərinin qaydalara məhəl qoymaması, sərnişinin həyatını düşünməyib avtobusu necə gəldi sürməsi ilə bağlı dəfələrlə sosial şəbəkələrdə, mətbuatda videolar yayılıb. Eyni zamanda avtobus sürücülərinin diqqətsizliyi, qeyri-peşəkarlıqları nəticəsində baş verən qəza hadisələrinin də sayı az deyil. Bəs nə üçün “avtobus terroristləri”nin fəaliyyətinə son qoyulmur?
Onu da qeyd edək ki, 160 saylı avtobus xəttindən indiyə qədər xeyli sayda sərnişin şikayətlənib. Bu hadisədən sonra da sərnişinlər bildirdilər ki, 160 saylı avtobusun sürücüləri demək olar ki, heç bir qaydaya məhəl qoymayıb, nəqliyyat vasitəsini kobud şəkildə idarə edirlər.
Bakı Nəqliyyat Agentliyindən (BNA) “Yeni Müsavat”a bildirildi ki, 160 nömrəli avtobus xətti bu ilin avqust ayından etibarən müsabiqəyə çıxarılıb və indiyə qədər də müsabiqədədir. Qeyd olunub ki, sürücülərin işə qəbulunu daşıma şirkətləri həyata keçirirlər və bu prosesdə BNA iştirak edə bilmir…
BNA-nın hələ bu ilin avqust ayında “Yeni Müsavat”a göndərdiyi məlumatda bildirilmişdi ki, 300 ədəd yeni avtobusun alınıb gətirilməsi ilə bağlı tender gedir. Bu avtobuslar gəldikdən sonra avtobus xətlərində də yenilənmələr olacaq. Ekspertlər bildirirlər ki, xüsusilə də Bakıətrafı ərazilərə işləyən avtobuslarda vəziyyət daha acınacaqlıdır. Bu avtobusların sürücüləri işə götürülən daşıma şirkətləri tərəfindən elementar testlərdən keçirilmir, sağlamlıqları yoxlanılmır.
“Yeni Müsavat”a danışan nəqliyyat eksperti İlqar Hüseynov söylədi ki, sürücülərin yoxlanması yalnız sənəd üzərində, qeydiyyat xatirinə aparılmamalıdır: “Dünya təcrübəsində sürücülər psixoloji, narkoloji və alkoqolla bağlı testlərdən keçirilir. Söhbət yalnız bu testlərdən də getmir. Eyni zamanda sürücülər bütünlüklə tibbi müayinədən keçirilməlidir. Ürək qüsuru olan şəxsi də işə götürürlər. Bu adam avtobusu sürdüyü yerdə ürəyi tutar, böyük faciəyə səbəb ola bilər. Azərbaycanda sürücülərin işə qəbulu zamanı bu prosedurların heç biri həyata keçirilmir. İşə götürülən sürücülərin yaş göstəricisi də nəzərə alınmalıdır. Azərbaycanda kifayət qədər sürücülük vəsiqəsi olan insanlar var, ancaq onların böyük əksəriyyətinin fiziki, sağlamlıq durumları bu nəqliyyat vasitəsini idarə etməyə imkan vermir. Şirkətlər də öz üzərlərində olan məsuliyyəti dərk etmədən onları işə qəbul edirlər.
Eyni zamanda məsafə məsələsi də burada önəmlidir. Elə sürücülər var ki, onlar yalnız şəhərdaxili sürücülüklə məşğul olmağa razılaşırlar. Xüsusən də Bakı kəndlərinə işləyən sürücülərin böyük əksəriyyəti şirkətlər tərəfindən kortəbii surətdə işə qəbul olunub. Sürücünün dosyesi olmalıdır və onun daha əvvəlki fəaliyyəti, qayda pozuntularına qədər bütün statistik məlumatları orada əks edilməlidir. Sürücünü işə götürən şirkət də bu bazaya baxıb, öz qərarını verməlidir. Bizdə baxırsan ki, sürücülük vəsiqəsində müvafiq kateqoriyası olmayan insanları belə, avtobus sürücüsü kimi işə götürürlər. Bu, faciəvi haldır. Daşımanı həyata keçirən şirkətlərdə vətəndaşlara qarşı eqoist münasibət var. Şirkət rəhbəri oliqarxlara söykənib arxayın şəkildə kimi gəldi sürücü kimi işə götürür. Onun üçün əsas olan həmin marşrut xəttinin işləməsidir”.
Ekspert BNA-nın işə götürmə ilə bağlı müəyyən kriteriyalar müəyyənləşdirdiyini xatırlatdı: “Ancaq işçiləri işə götürmə prosesini birbaşa şirkətlərin üzərinə atır. Sanki məsuliyyətdən yayınır. Əslində isə fərqli prosedur tətbiq edilməlidir. Hesab edirəm ki, işə götürmə ilə bağlı tender elan edilməli, məsələn, 5 sürücü yerinə rəqabət olmalıdır. Tenderin qalibi olan şəxsi işə qəbul eləmək lazımdır. Tenderin qiymətləndirilməsi prosesində Dövlət Yol Polisinin əməkdaşı da iştirak etməlidir. Burada bir məsələ var ki, sürücülərin əmək haqqı da kifayət qədər aşağıdır. Ona görə də sürücülər tenderlərdə iştirak etməkdə maraqlı olmurlar. Yalnız sürücü olmağa razılaşanlar, işsiz qalıb, son şans kimi bu işə müraciət edənlərdir. Ümumilikdə isə məsələ ilə bağlı problem çox dərindir. Ona görə də burada yeni bir struktur yaradılmalı, bu struktur işə götürməni həyata keçirməlidir. Çox təəssüf ki, bu kimi qəzalardan sonra irəli sürdüyümüz təkliflərə diqqət ayrılmır. Nəticədə bu cür ciddi qəzalar baş verir”.
Əli RAİS,
“Yeni Müsavat”
araz.az xəbər portalı.