Araz.az xəbər verir ki, son zamanlar Azərbaycan dilinin orfoqrafiya qaydalarının yeni layihəsi ilə bağlı cəmiyyətdə fərqli fikirlər səsləndirilir, müzakirələr aparılır. Əgər yeni Orfoqrafiya qaydaları tətbiq edilərsə, Azərbaycan dilində 60-dan çox sözün yazılışı dəyişə bilər. Bu da bir çoxlarının narazılığına səbəb olub. Prosesi dilin dəyişilməsi, xarab olması və ya edam edilməsi kimi qiymətləndirənlər çoxdur.
Yeni dəyişikliklər həqiqətən də dilimizin edamına səbəb ola bilərmi?
Dövlət Dil Komissiyasının üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Buludxan Xəlilov Modern.az-a açıqlamasında deyib ki, səsləndirilən fikirlər yanlışdır:
“Orfoqrafiya qaydaları dili tənzimləyir. Qaydalar dildəki hərc-mərcliyin, sözlərin yazılışındakı qeyri-elmiliyin aradan götürülməsinə xidmət edir. 60 sözü bir qaydaya salmaq dili niyə edam etməlidir ki? Dildə qaydasızlıq, sistemsizlik yaradan amillər dilin edamına səbəb ola bilər. Bəzən qeyri-peşəkarlar məntiqi olmayan fikirlərlə cəmiyyətdə yanlış rəy yaratmaq, insanları çaşdırmaq istəyirlər. Orfoqrafiya islahatları ilə bağlı da bu qəbildən olan bir qrup insan yanlış fikirlərin yaranmasına səbəb olurlar. Bu qaydaların böyük əksəriyyəti oturuşmuş qaydalardır. Sadəcə bir neçə qaydalarda – “əsgər” sözünün “əskər” kimi yazılması, qoşa “y” samitli sözlərin yazılışı ilə bağlı – dəyişikliklər var. Lakin cəmiyyət hər hansı bir elmi prinsipi məntiqli formada təhlil etmək, elmi mütəxəssislərin, dilçilərin rəyini nəzərə almaq əvəzinə, hərə öz düşüncəsi baxımından məsələlərə yanaşır və bu da çaşqınlığa səbəb olur. Düşünürəm ki, 69 maddəli Orfoqrafiya qaydaları hər kəs tərəfindən diqqətlə oxunsa, ciddi dəyişkənliyin olmadığını görərlər. Bunların hamısı Azərbaycan dilində sözlərin düzgün yazılışına xidmət edən prinsiplərdir”.
B.Xəlilov qeyd edib ki, cəmiyyətin hər bir düşüncəsini Orfoqrafiya qaydalarına tətbiq edə bilməzlər:
“Bəzən deyirlər ki, bu islahatlar niyə indiyə qədər edilmirdi? Dil canlı orqanizmdir və o da nə vaxtsa xəstələnə bilər. Dildə də sözlərin yazılışında normalaşma, cilalanma, qaydaya düşmə prosesi hər zaman gedir və gedəcək. Əgər bu gün cilalanma prosesinə ehtiyac hiss olunursa, peşəkarlar bunu həll edirlər. Orfoqrafiya qaydalarını yeniləmək mövcud qaydaların başdan dəyişilməsi demək deyil. Nəzərdə tutulan islahat əslində 69 maddənin cüzi hissəsini əhatə edən məsələlərdir. Təəssüf ki, bir qism insanlar, daha çox qeyri-peşəkarlar qorxuducu, təhlükəli cümlələrlə rəy yaratmaq istəyirlər. Orfoqrafiya Komissiyasının təqdim etdiyi 69 maddənin hamısı mütəxəssislər tərəfindən müəyyən edilib və burada peşəkarlıq var. Ümumiyyətlə yeniliklərlə bağlı insanlar adətən aqressiya nümayiş etdirir və köhnə vərdişlərindən əl çəkmək istəmirlər. Orfoqrafiya qaydalarını qəbul etməmək xatirinə danışırlar, fikir irəli sürürlər. Amma qeyd etdiyim kimi qaydaları analiz etsələr, ciddi dəyişkənliyin olmadığını görərlər”.
Dövlət Dil Komissiyasının üzvlərindən biri, xalq yazıçısı Mövlud Süleymanlı islahatları normal qiymətləndirir:
“Hər halda islahat hər zaman, hər yerdə yaxşı bir şeydir. Bu, ağıllı adamların əlində, ümidində olsa, islahatları tətbiq etmək mümkündür. Bizim məntiqli dəyişikliyə həmişə ehtiyacımız var. Dəyişiklik irəli getmək deməkdir. Necə ki, su axıb özünü təmizləyir, bu da belədir. 60 nədir ki?
Vaxt bizi gözləmir, hər şey zamandan asılıdır. Atalar sözü var: Hər şey vaxta baxar, vaxt heç nəyə baxmaz. Yəni dil problemi çox ciddi məsələdir. Bu baxımdan dil istiqamətində də düşünülməli, iş görülməlidir. Bir yerdə əl-ələ verib nələrsə etməliyik, amma ağıllı şəkildə”.
araz.az xəbər portalı.