Ermənistanın məğlub edilməsi və qondarma rejimin məhv edilməsi hələ proseslərin sona çatması demək deyil. Qarabağın işğaldan azad edilməsi qədər Ermənistanla bağlı vacib strateji plana sahib olmalıyıq. Söhbət nədən gedir? Ermənistan regional və qlobal layihələrə qoşularaq, inkişaf strategiyasını ortaya qoyacaq. Bəs, bizə güclü Ermənistan lazımdırmı? Azərbaycan Qarabağı geri qaytarmayana qədər Ermənistanın heç bir regional layihədə iştirak edə bilməyəcini dəfələrlə bəyan etmişdi. Artıq Qarabağ problemi tarixə qovuşur. Bəs, Ermənistana hansı həcmdə şans vermək məcburiyyətində qalacağıq?!
Bu gün məğlub olan Ermənistanın gələcəkdə inkişaf edərək güclü iqtisadiyyata və orduya sahib olmasının qarşısını almaq üçün uzaq hədəflərə hesablanan stratetegiyadan istifadə etməliyik. Azərbaycanın bundan sonrakı əsas hədəflərindən biri Ermənistanın inkişafının sadəcə kiçik bir ipdən asılı olmasını təmin etmək siyasəti olmalıdır. Yüz il bundan öncə Ermənistan Azərbaycanın sərvətləri hesabına dirçəlməyə başlamışdı. Həmin vaxt Ermənistan dövləti SSRİ-nin tərkibində olan respublika kimi (ittifaq ölkələr kimi) Azərbaycandan faydalanmaq imkanı qazanmışdısa, indi də Azərbaycanın təşəbbüsləri ilə regional və qlobal layihələrə qoşulmaqla, inkişafa nail ola bilər. Azərbaycanın imkanlarından faydalanaraq, inkişaf yolu keçən Ermənistan daha sonra torpaq iddialarını ortaya qoymuşdu. Eyni səhvə yol versək, azacıq zəifləsək və gələcəkdə Ermənistan-Rusiya münasibətləri də pozitiv mərhələyə qədəm qoysa, o zaman yenidən eyni ssenarinin qurbanına çevrilə bilərik.
Təbii ki, bu gün gərginləşən Rusiya-Ermənistan münasibətlərinin bu məsələdə İrəvana hansı həcmdə güzəşt edəcəyimizin əsas barometrlərindən biri olacaq. Rusiya bundan sonrakı proseslərdə də əsas açar rolunu oynayacaq.
Ermənistana yerləşən ABŞ İrana yaxın bir yerdə daha bir istinad nöqtəsi əldə etmiş oldu. Qarabağ problemindən sonra növbəti məsələnin – Zəngəzur dəhlizinin mürəkkəb oyun qaydaları qarşıdadır. Daha sığortalı davranmalıyıq.
Ermənistan öz iqtisadiyyatını regional layihələrə qoşulmaqla, dirçəltməyə çalışacaq. İrəvanda sabitlik əldə ediləndən sonra qərbyönümlü Paşinyan bir müddət sonra müxtəlif sahələr üzrə ABŞ və Fransa təcrübəsini ölkəyə idxal edəcək. Ermənistan ordusu NATO ordu sisteminin komponent və təcrübələrinə yiyələnməyə çalışacaq və bu məsələ hazırda əsas prioritet kimi qarşıya qoyulub. Bəli, həqiqətən də Ermənistanın inkişafı üçün Qarabağ problemindən xilas olmaq lazım idi. Paşinyan bunu ciddi şəkildə dərk edirdi.
Dünyada kiçik dövlətlərin böyük dövlətlər tərəfindən “udulması” (kiçik və qonşu ölkənin asılı və zəif halda saxlanılması) təcrübəsi geniş yayılıb. Ermənistanı “udmağı” bacarmalıyıq…
Qısası, bizə güclü Ermənistan lazım deyil…
Samir FEYRUZOV.
araz.az xəbər portalı.