Rusiya Dövlət Dumasının MDB ölkələri, avrasiya inteqrasiyası və soydaşları ilə əlaqələri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin bu gün, bir neçə saat əvvəl ruposters.ru. saytına Azərbaycan dövlət başçısı İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında təmas xəttində gərginliyin aradan qaldırılması yolları haqqında Düşənbədəki şifahi razılaşmasına münasibət bildirərkən aşağıdakı fikirləri bəyan edib: ”Azərbaycan prezidenti İlham Əliyevə etibar etməyə dəyməz. Azərbaycanın real siyasəti deyilənlərdən kardinal şəkildə fərqlənir. Bu gün Azərbaycan rəhbərliyi kompromiss istəmir, silahlanmanın, hərbi büdcəni yüksəltməyin, hərbi hədə-qorxunu artırmağın hesabına öz bildiyini əldə etmək istəyir. Biz bu işdə qəti olaraq maraqlı deyilik. Ona görə də mənim və kolleqalarımın bütün cəhdləri, çalışmaları Dağlıq Qarabağda müharibənin yenidən başlanmasına imkan verməməkdir. Və bu məsələlərdə bizim rəqibimiz müharibədən həddən çox danışan Azərbaycanın rəhbərliyi və siyasi dairələridir. Onu da vurğulamaq istəyirəm ki, bu müharibə, Azərbaycanın özünün dağılması ilə nəticələnə bilər. Bu, heç də olmaq istədiyi elə bir sabit ölkə də deyil.
Azərbaycan başqa bəzi şərq dövlətləri kimi, görüntü yaradır ki, guya siyasət aparır. Onun apardığı siyasətlə, bizim o siyasət haqqında nə düşündüyümüz arasında böyük fərq var” – Rusiya deputatı belə deyib.
Bax, maskalanmamış, əsil Rusiya siyasəti budur! İndiyədək Azərbaycana münasibətdə Rusiya hansı siyasəti aparıbsa, bu gündən sonra da hansı siyasət aparacaqsa tam aydın şəkildə bir daha bizə bəyan edildi. Danışan Rusiyanın çox rəsmi bir şəxsidir. Rusiya parlamenti komitə sədrinin müavini Konstantin Zatulin Azərbaycanı, onun dövlət başçısını hədəfə alan bəyanatla çıxış edib. Bu qəbulolunmazdır!
Azərbaycan Xarici İşlər Nazirliyi dərhal Rusiyanın Azərbaycandakı səfirini dəvət etməli, Dövlət Dumasının üzvü, komitə sədrinin müavini Konstantin Zatulinin dəfələrlə Azərbaycanı aşağılayan fikirlərini xatırladıb, bu günkü bəyanatına etiraz etməli, dövlətlərarası münasibətlərdəki qarşılıqlı etimada birbaşa zərər vurduğu və Azərbaycan dövlət başçısını hədəfə alan ifadələr işlətdiyinə görə etirazını bildirib, nota təqdim etməlidir!
Rusiyanın Azərbaycana Qarabağ məsələsində yardım edəcəyinə ümid bəsləyənlər bilsinlər ki, Zatulin növbəti dəfə Rusiyanın üzdə görünən “təbəssümlü” siyasətini deyil, əsl rus ayısı siyasətinin məğzini göstərdi. Özü də Rusiya prezidentinin Azərbaycana səfərinin həftəsi çıxan kimi. Heç soyumaya qoymadı, erməni dostlarına, dost Ermənistana xəbər yolladı ki, heç narahat olmayın, Azərbaycanın sülh danışıqlarına aldanmayın, sizə nə qədər lazımdırsa biz də silah verəcəyik, sizi müdafiə edəcəyik.
Zatulin Azərbaycan müharibə etdiyi halda dolayısı yolla Rusiyanın onu darmadağın edəcəyini xüsusi vurğulayıb. Hələ utanmadan da bildirib ki, “Azərbaycan elə də sabit ölkə deyil”. Zatulin bu qeyri-sabitlik məsələsini burdakı beşinci kalona ünvanlayıb, onlara arxayınlıqla deyib, rus deputat orden-medal verdiklərinə güvənir, Rusiya qanunverici orqanın vəzifəli şəxsi Azərbaycanın gələcəyini onun ölkəsinin arzuladığı formada görmək istədiyini dilə gətirib. KTMT təbliğatını aparanlar davam etsinlər təbliğat işlərində. Bu ümidlə yaşayanlar bir daha əmin olsunlar ki, şimaldan günəş doğası, Azərbaycana işıq saçası deyil! İşığımızı özümüzdə axtaraq.
İlham İsmayıl
araz.az xəbər portalı.