Bakı-Sumqayıt yolunda avtobus zolağının çəkilməsinə başlanılıb.
araz.az xəbər verir ki, zolağın yolun “Şamaxinka” adlanan ərazidən Masazır dairəsinədək olan hissəsini əhatə edəcəyi bildirilir.
Artıq yolun böyük hissəsində xüsusi zolağın çəkilişi başa çatdırılıb.
İşlər tam başa çatdıqdan sonra avtobus zolağına daxil olan minik avtomobilləri inzibati qaydada cərimələnəcək.
Qeyd edək ki, Bakı-Sumqayıt yoluna avtobus zolağının çəkilməsi xeyli vaxt idi müzakirə edilirdi. Bu yolda yüzlərlə iritutumlu avtobusun tıxacda qalması etirazlara səbəb olurdu.
***
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məsələ ilə bağlı məlumat yayıb.
“Bakı-Sumqayıt şosesində (Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus zolağı təşkil edilir.
Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun üfüqi nişanlanma xətləri çəkilir və yol nişanları quraşdırılır.
Qeyd olunan yol sahəsindən gün ərzində ümumilikdə 37 müntəzəm marşrut xətti fəaliyyət göstərir. Zolağın tələbinə əməl etməklə 140.000-ə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradılacaq”, – məlumatda qeyd olunub.
araz.az xəbər portalı.