Qərbi Azərbaycan İcması ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin 2023-cü il 6 oktyabr tarixli açıqlamasını yersiz hesab edir.
Bu barədə araz.az-a Qərbi Azərbaycan İcmasından bildirilib.
“Bəyanatın ruhundan görünür ki, ATƏT özünün kif basmış, tarixin arxivinə getmiş yanaşmasından hələ də tam xilas olmayıb. B.Osmaninin diqqətinə çatdırırıq ki, Azərbaycan ərazisində “Stepanakert” adlı bir ərazi yoxdur.
ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycanla “Yerdə beynəlxalq mövcudluq üçün müzakirələr davam etməlidir” tonunda danışması istehza doğurur. “Müstəqil beynəlxalq müşahidə missiyası”ndan dəm vuran nazir, hiss olunur ki, bəzi anti-Azərbaycan dairələrin təsirinə düşüb.
“Mübahisələrin güc yolu ilə həlli qəbuledilməzdir” deyən ATƏT nəyə görə 30 il ərzində Ermənistanın Azərbaycan ərazilərinin işğalını, etnik təmizləmə siyasətini pisləməyib?
Ermənilərin qayıdışı, onların hüquq və təhlükəsizliyinin qorunmasının Azərbaycanın məsuliyyəti olmasından danışan B.Osmaniyə sual vermək istərdik ki, bəs, Ermənistan necə, deportasiya etdiyi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməməlidir?
Əminik ki, ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycan cəmiyyətində ATƏT-in imici barədə kifayət qədər məlumatlıdır və bu mənada, onu öz açıqlamalarında diqqətli və məsuliyyətli olmağa çağırırıq”, – deyə Qərbi Azərbaycan İcmasından bildirilib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.