Qərbi Azərbaycan İcmasının (QAİ) Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov Cenevrədə icmanın nümayəndəsi qismində BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsində Ermənistanın dövri hesabatının təqdimatı sessiyasında iştirak edib.

İcmanın mətbuat xidmətindən araz.az-a bildirilib ki, QAİ-nin nümayəndəsi icmanın alternativ hesabatını təqdim edib. Qərbi Azərbaycan İcmasının hesabatında Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparmasından və geri qayıtmaq hüququ da daxil olmaqla onların İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt ilə qorunan hüquqlarını sistematik şəkildə pozması halları barədə məlumat verilir.

K.Cəfərov səfər zamanı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının və “Cenevrə Geostrateji Observatoriyası” təşkilatının məsul şəxsləri ilə görüşlər keçirib. Görüşlərdə Ermənistandan azərbaycanlıların qovulması barədə məlumat verilib, onların beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq geri qayıdış hüquqlarının təmin edilməsinin zəruriliyindən bəhs edilib.

O, Qərbi Azərbaycan İcması barədə də məlumat verərək təşkilatın tarixçəsi, fəaliyyət məqsədləri, o cümlədən bu ilin əvvəlində qəbul etdiyi Qayıdış Konsepsiyasından bəhs edib. Kamal Cəfərov İcmanın repatriasiya və reinteqrasiya məqsədləri olduğunu, bu sahədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ilə əməkdaşlığın əhəmiyyətinin Qayıdış Konsepsiyasında da vurğulandığını dilə gətirib. K.Cəfərov UNHCR-ın İcma ilə əməkdaşlığa başlanması, Bakı ofisi ilə həyata keçirilən təmasları xatırladaraq bu əməkdaşlığın davam etməsindən məmnunluq duyulduğunu bildirib.

K.Cəfərov, həmçinin BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığını Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları ilə yaxından məşğul olmağa çağırıb.

Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər və insan hüquqları və humanitar hüquq mövzusunda əməkdaşlıq imkanları müzakirə edilib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.