Əhəd Məmmədli: “Potensial qaliblər bəllidir, məğlublar isə itkilərini azalda bilərlər“

araz.az baki-xeber.com-a istinadən xəbər verir ki, Azərbaycan Zəngəzur dəhlizinin tezliklə açılmasında təkid etsə də, Ermənistan real addımlar atmaqdan boyun qaçırır. İrəvan müxtəlif bəhanələrlə prosesi ləngitməyə çalışır. Əslində Zəngəzur dəhlizinin geosiyasi və iqtisadi əhəmiyyəti bütün region ölkələrinə bəllidir.

Hər kəsə məlumdur ki, dəhlizin açılması Ermənistanın 44 günlük müharibədən sonra düşdüyü acınacaqlı vəziyyətdən yeganə çıxış yoludur. Lakin görünən odur ki, işğalçı ölkə bu şansı hələ də düzgün qiymətləndirməyi bacarmır.

Bəs, qonşu ölkələrin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi necədir? Rusiya, Türkiyə və Azərbaycan birgə səyləri ilə dəhlizi açdıra bilərmi?

İş burasındadır  ki, əksər region ölkələrinin Zəngəzur dəhlizi layihəsinə münasibəti müsbətdir. İran və Rusiyanın burada konkret maraqları var. Ancaq bu maraqlar Ermənistanın mövqeyi ilə ziddiyət təşkil edir. Beləliklə, dəhlizin reallaşmasını hələ görə bilmirik. Zəngəzur dəhlizinin reallaşmasında Türkiyənin və Rusiyanın da mövqeyi qətidir. Zəngəzur dəhlizi layihəsini əsla qəbul etməyən və bu layihəyə hazırda maneələr yaratmaq üçün bütün vasitələrdən istifadə edən rəsmi Tehranın mövqeyi də yanlışdır, çünki məhz bu marşrut Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan və İranın nəqliyyat infrastrukturlarını birəşdirəcək. Nəticədə İran yeni, genişmiqyaslı regional layihələrə ciddi investisiyalar və gəlirlər imkanlarına yiyələnəcək.

Layihə həyata keçəcəyi təqdirdə Türkiyənin Azərbaycan vasitəsilə Xəzər dənizinə və Orta Asiyaya quru daşımaları marşrutuna yiyələnməsinin önəmli geosiyasi sonuclara səbəb olacağını anlayan Tehran bölgədəki təsir imkanlarını itirməmək, daha dəqiq olsaq, Ermənistana təzyiq rıçaqlarından məhrum olmamaq üçün “Zəngəzur qırmızı cizgimizdir” təki aqressiv narrativlərini fasiləsiz yayır.

Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Zəngəzur dəhlizinin açılmasında yalnız region ölkələri deyil, eyni zamanda Böyük Britaniya və Çinin də marağı var: “Buna konkret şəkildə etiraz edən İrandır. Hesab edirəm ki, adıçəkilən üç ölkə Ermənistanı buna məcbur edə bilər. Çünki Ermənistan çətin vəziyyətə düşüb. Paşinyan çalışır ki, əlində olan ərazini qorusun. Bilir ki, hansısa təxribata meylli olarsa, Ermənistanın varlığı sual altına düşə bilər. Gözləmək olmaz, hər üç ölkə addım-addım Ermənistana təzyiqləri artırmaqla buna nail ola bilər. Prezident İlham Əliyev bu yaxınlarda “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı növbəti dəfə Zəngəzur dəhlizi məsələsinə toxunub. Dövlət başçısı bildirib ki, Zəngəzur dəhlizi açılmasa, sülhdən danışmaq çətin olacaq, Azərbaycanın Ermənistanla normal qonşuluğa yönəlmiş səyləri boşa çıxacaq.

Ukraynadakı hərbi əməliyyatlara görə kollektiv Qərbin çox sərt və genişmiqyaslı sanksiyalarına məruz qaldığından iqtisadiyyatında ağır problemlər yaranmış Rusiya üçün Zəngəzur dəhlizi Türkiyəyə, oradan da dünya bazarlarına çıxış baxımından həddən ziyadə böyük önəm daşıyan layihədir. Məhz bu səbəbdən Rusiya üçün sözügedən layihənin baş tutması Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması prosesindən də böyük əhəmiyyət kəsb edir.

Zəngəzur dəhlizi layihəsi indi çox böyük stavkalara malik geosiyasi oyuna çevrilib. Potensial qaliblər bəllidir, məğlublar isə itkilərini azalda bilərlər“.

Xatırladaq ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatında öz əksini tapıb. 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatda da Zəngəzur dəhlizinin istifadəyə verilməsinə razılıq ifadə olunub. Lakin Ermənistan tərəfi, 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Zəngəzur dəhlizinin açılması istiqamətində səy göstərmir, zaman-zaman ziddiyyətli mövqe nümayiş etdirir.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.