Bakının Nizami rayonunda, Neftçilər metrosu ətrafında – yerli sakinlər arasında daha çox “səkkizinci kilometr” kimi tanınan ərazidə – Sovet dövründən yolun hər iki hissəsində şam ağacları olan park olub.
Son yeddi il ərzində ərazidəki yaşıllıqlar yavaş-yavaş yoxa çıxmağa başlayıb və yerində müxtəlif ticarət binaları peyda olub.
Bakının Binəqədi, Nizami, Nəsimi rayonları ərazisindəki hər üç parkda yoxa çıxan ağacların ümumi sahəsi azı 45 min 364 kvadrat metr sahəni əhatə edir ki, bu da təqribən altı Bakı Olimpia stadionu böyüklüyündə ərazi deməkdir.
Google Earth xidmətinin ərazini ölçmə funksiyası göstərir ki, Nizami rayonu ərazisində azı 15 min 650 kvadrat metr ərazidə ağaclar yoxa çıxıb, yerində isə tikinti aparılıb.
BBC News Azərbaycancanın müxbiri Google Earth proqramının köməyi ilə ərazinin 2011-ci ildə, 2015 və 2018-ci ildə olan fotoşəkillərini müqayisə edib.
Oxşar mənzərə paytaxtın Binəqədi rayonu ərazisində də müşahidə olunur. Burada yaşıllıqların yoxa çıxması azı 26 min 910 kvadrat metr ərazini əhatə edib.
Azadlıq Prospekti metro stansiyasının üzərində yerləşən park və yaşıllıqlar ilbəil azalır. Adının çəkilməsini istəməyən və həmin ərazidə mühəndis kimi çalışmış şəxs BBC News Azərbaycancaya deyib ki, ərazidəki ağaclar çıxarılaraq naməlum istiqamətə aparılıb.
“Bizə deyildi ki, ağaclar köçürülür, amma ağacların hara köçürülməsi ilə bağlı heç nə demədilər”, o deyib.
Hazırda həmin ərazidə şadlıq sarayı, restoranlar, yaşayış binası, ticarət mərkəzi və başqa binalar tikilib.
Səkkiz il bundan əvvəl həmin ərazidə olan ağaclar haqqında isə rəsmi qurumlar məlumatlı olmadıqlarını deyirlər.
Bakının Nəsimi rayonu ərazisində yerləşən Atatürk parkında da ağaclar yoxa çıxıb. Atatürk parkında təqribən iki min 804 kvadrat metr ərazini əhatə edib.
Park Gənclik metro stansiyasının girişində yerləşir və prospekt boyunca Ayna Sultanovanın heykəli olan yerə qədər uzanır.
2010-cu ildə ərazidə sıx ağaclıq və bir neçə kiçik kafe fəaliyyət göstərsə də, bu gün həmin ərazidə ağacların yoxa çıxması fonunda kafelər ərazilərini böyüdərək restorana çevriliblər.
Azalan ağaclar haqqında isə rəsmi qurumlar – rayonların icra hakimiyyətləri məlumatsız olduqlarını bildirir.
Yaşıllıqların yoxa çıxması və son on ilin müqayisəli şəkillərilə bağlı rəsmi qurumlar – Ekolologiya vəTəbii Sərvətlər Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Nizami, Binəqədi, Nəsimi rayon icra hakimiyyətləri sualları cavablandırmayıb.
Ekologiya və Təbii sərvətlər nazirliyindən BBC News Azərbaycancaya bildiriblər ki, “nazirlik vaxtaşırı reydlər keçirir, amma adıçəkilən ərazilərə yerli rayon icra hakimiyyətləri nəzarət edir”.
Nazirlik həmin ərazilərdə son səkkiz ildə neçə ağacın kəsilməsi və buna görə nə qədər cərimə tətbiq edilməsi ilə bağlı sualları cavablandırmayıb.
Bakının Nizami, Nəsimi və Binəqədi rayon İcra Hakimiyyətindən isə BBC News Azərbaycancaya ərazilərdəki yaşıllıqlarla bağlı cavab verməyiblər.
Binəqədi İcra Hakimiyyətindən bildiriblər ki, “həmin illərdə paytaxtda aparılan tikinti işlərinə Bakı Şəhər İcra Hakimiyyəti nəzarət edib”.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova BBC News Azərbaycancanın suallarını rəhbərliyə çatdıracağını bildirib, amma iki həftədən çox vaxt keçməsinə baxmayaraq rəhbərlikdən cavab almadığını deyib.
araz.az xəbər portalı.