qiricilar11

Rusiyanın Suriya rejiminə S-300 zenit-raket kompleksləri verməsinə cavab olaraq ABŞ İsrailə öz Hərbi Hava Qüvvələrinin sərəncamından təcili qaydada beşinci nəsil F-35 qırıcıları göndərir.

Virtualaz.org xəbər verir ki, bunu İsrailin hərbi-kəşfiyyat dairələrinə yaxın “DEBKA” portalı bildirir.

Məlumata görə Suriya rejiminə S-300 raketlərinin verilməsindən sonra Vaşinqtonla Təl-Əviv arasında bir neçə gün intensiv məsləhətləşmələr olub. Baş nazir Benyamin Netanyahu və prezident Donald Tramp qərara alıblar ki, Suriyada strateji vəziyyətin dəyişməsinə cavab olaraq bəzi təxirəsalınmaz addımlar atılmalıdır.

 

Hərbi qaynaqlar bildiriblər ki, İsrail Hərbi Hava Qüvvələrinin F-35 qırıcıları ilə gücləndirilməsi qərara alınıb. İsrail HHQ artıq belə qırıcıların bir eskadrilyasına malikdir, belə görünür ki, söhbət daha bir neçə F-35 qırıcısının göndərilməsindən gedir. Məlumatda deyilir ki, F-35 qırıcıları dərhal İsrailə göndəriləcək, bu təyyarələr ABŞ HHQ-nin silahlanmasından götürüləcək. Bu, ABŞ-ın Rusiyanın gedişini təkrarlamasıdır. Rusiya Suriyaya cəmi iki həftə ərzində iki batareya S-300 komplekslərini (cəmi 49 texnika) göndərmək üçün onları öz ordusunun silahlanmasından götürmüşdü.

 

“DEBKA” bildirir ki, bundan əlavə Tramp administrasiyası Səudiyyə Ərəbistanı vəliəhdi Muhammed bin Salmanı və Birləşmiş Ərəb Əmirliklərinin şahzadəsi Muhammed bin Zayedi Körfəzə bir eskadrilya F-35 qırıcısının göndəriləcəyi barədə xəbərdar edib. Eskadrilya Əbu-Dabidəki “ə-Dafra” aviabazasında yerləşdiriləcək. Mənbələr deyiblər ki, bu cür miqyasda cəmləşmə ABŞ və İsrailin Suriyada S-300 komplekslərinə qarşı mübarizə aparmağa hazırlaşdığını göstərir.

İsrailin “Ordu Radiosu” isə bildirir ki, Suriyadakı bundan sonrakı əməliyyatlarda F-35İ “Adir” qırıcıları tətbiq olunacaq. Bu qərar Suriyanın S-300 zenit-raket kompleksləri almasından sonra qəbul edilib. İsrail Hərbi Hava Qüvvələrindəki mənbə deyib ki, yaranmış situasiya ilə əlaqədar Suriyadakı əməliyyatlarda F-35 qırıcılarının tətbiq edilməsini artırmaq qərara alınıb.

 

İsrail hökumətinin yüksək vəzifəli nümayəndəsinin bildirdiyinə görə Rusiyanın Suriyaya S-300 kompleksləri verməsini şişirtmək lazım deyil. Çünki Suriyanın Hava hücumundan müdafiə sistemi beşinci nəsil qırıcılarla keçilə, S-300 batareyaları isə yerdə məhv edilə bilər. Regional əməkdaşlıq naziri və İsrail hökumətinin hərbi-siyasi kabinetinin üzvü Tsaxi Haneqbi jurnalistlərə bildirib ki, S-300 raketləri İsrail aviasiyasını dayandıra bilməz. “Bizim HHQ-nin əməliyyat imkanları elədir ki, S-300 batareyaları aviasiyanın fəaliyyət sərbəstliyini məhdudlaşdırmır”-nazir deyib.

Haneqbi əlavə edib: “Bilirsiniz ki, İsrailin stels-qırıcıları var, dünyanın ən yaxşı təyyarələrinə malikdir. Bu batareyalar onları hətta görmək imkanında da deyil”.

İsrail KİV-ləri qeyd edir ki, yəhudi dövlətinin hava qüvvələrinin təyyarəçiləri S-300 və digər bu kimi sistemlərin dəf edilməsi üzərində çoxdan işləyir. Bu sahədə dönüş hələ 2008-ci ildə əldə edilib. İsrail və Yunanıstan Krit adası üzərində birgə təlimlər keçirib. Həmin təlimlər zamanı İsrail Yunanıstanın S-300 komplekslərinin radarlarına yüzlərlə qırıcı “atıb”, nəticədə həmin sistemlərin zəif nöqtlərini müəyyən edə bilib. Habelə İsrail təyyarəçiləri 2015-ci ildə Yunanıstanda keçirilən təlimlərdə də S-300 komplekslərinin dəf edilməsini sınaqdan keçiriblər.

 

Haneqbi qeyd edib ki, Rusiya çoxdan Suriyada özünün S-300 komplekslərini yerləşdirib və bu səbəbən həmin sistemlərin imkanları Suriya üzərində əməliyyatların planlaşdırılması zamanı nəzərə alınır.

“Biz suriyalılara dəfələrlə izah etmişik ki, İranın Suriya ərazisində möhkəmlənməsinə yol verə bilmərik. Bir neçə ay əvvəl Suriyanın raket batareyalarını yerində məhv etmişik və ümid edirəm ki, onlar gələcəkdə bizi təhdid etməyə cəhd göstərməyəcəklər”-nazir bildirib.

Beləliklə, indi İsrailin Suriyaya növbəti hava zərbələrini gözləmək lazımdır və bu, F-35 qırıcılarının S-300 kompleksləri ilə ilk birbaşa döyüşü olacaq.

Xatırladaq ki, İsrail aviasiyasının Suriyaya növbəti aviazərbələrinin birində Suriyanın hava hücumundan müdafiə qüvvələrinin sağa-sola atdıqları çoxsaylı S-200 raketlərindən biri Rusiyanın İl-20 kəşfiyyat təyyarəsini vurub. Rusiya bu insidentə görə İsraili günahlandırıb və cavab olaraq Suriyanı S-300 kompleksləri ilə təchiz edəcəyini bildirib.

araz.az xəbər portalı.