Abşeron və Binəqədi rayonlarının torpaq sahələrinin müəyyən bir hissəsinin ayrılıb Sumqayt şəhərinə verilməsinin səbəbləri məlum olub.

araz.az Mia.az-a istinadən  xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Trend-ə açıqlamasında bildirib ki, bu ərazilərin Sumqayıta verilməsi reallıqdan irəli gəlir.

“Sumqayıtın daha da genişlənməsi, əhali sayının artması, burada bir sıra dövlət proqramlarının, layihələrinin həyata keçirilməsi bunu zərurətə çevirirdi. Bu gün Sumqayıt Azərbaycanın ən inkişaf edən şəhərlərindən biridir, burada bir çox beynəlxalq əhəmiyyətli tədbirlər həyata keçirilir, layihələr icra olunur, müəyyən iri müəssisələr, şirkətlər fəaliyyətə başlayıb.

Belə olan halda Sumqayıtın ərazisinin genişlənməsinə, əlavə torpaqların verilməsinə ehtiyac var idi”, – deyə komitə sədri bildirib.

O əlavə edib ki, həmin ərazilərdə yaşayan sakinlər yenidən qeydiyyata alınmalıdır və onların sənədlərində düzəliş edilməlidir.

“Sözsüz ki, bunun üçün əvvəldən tədbirlər planlaşdırılıb və müvafiq orqanlara tapşırıqlar verilib”, – deyə T.Rzayev qeyd edib.

Qeyd edək ki, Milli Məclisin Regional məsələlər komitəsinin oktyabrın 3-də keçirilən iclasında “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi deputatların müzakirəsinə təqdim edilib.

Dəyişikliyə əsasən, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Binəqədi qəsəbəsi ərazisindən 1213 hektar torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.

Digər dəyişikliyə əsasən, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 hektar və 2223,67 hektar torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.