Bəzən başqa birinin kartına pul göndərəkən kart nömrəsini səhv yaza bilərik. Məbləğ kiçik olanda vətəndaşlar pulun geri qaytarılması üçün banka müraciət etmirlər.
Lakin məbləğ çox olanda isə bu hal vətəndaşları narahat edir. Belə bir hal baş verəndə nə etmək lazımdır? Bu pulu geri qaytarmaq mümkündürmü?
araz.az bildirir ki, hüquqşünas Əkrəm Həsənov Banco.az-a açıqlamasında, səhvən başqasının kartına pul göndərəndə birinci növbədə vətəndaş öz bankına müraciət etməli olduğunu qeyd edib:
“Vətəndaşın öz bankı da pul köçürülən kartın hansı banka aid olduğunu müəyyən edib, həmin banka müraciət etməlidir ki, səhv ödəniş həyata keçirilib. Bundan sonra da həmin bank öz müştərisinə bildirməlidir ki, sizin kartınıza səhvən vəsait daxil olub.
Həmin şəxs razılıq verdiyi halda, bank pulu geri qaytarmalıdır. Lakin şəxs razılıq verməyə də bilər. Bu halda isə artıq vətəndaş məhkəməyə müraciət etməlidir. Çünki başqa yol yoxdur. Buna da Mülki Məcəllədə əsasız varlanma deyilir”.
Qeyd edək ki, Mülki Məcəllənin (MM) 1091.1-ci maddəsinə əsasən şəxs (varlanmış şəxs) heç bir hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etdikdə əsassız varlanmış hesab olunur. Əsassız varlanma o zaman olur ki, şəxsin varlanması üçün hansısa qanuni əsas və ya müqavilə əsası olmur.
Hüquqşünasın sözlərinə görə, məhkəmə əsasında pulun geri qaytarılması haqqında iddia verilməlidir: “Lakin burada da bir problem var. Bu bank sirri olduğu üçün vətəndaş pulun kimin hesabına getdiyini bilməyəcək. Çünki pul gedən şəxsin bankı onun adını açıqlaya bilməz. Bu halda isə faktiki olaraq vəsaitin səhvən köçürüldüyü bankı məhkəməyə vermək olar. Bu zaman məhkəmə banka həmin hesabın kimə aid olmasını bilmək üçün sorğu verəcək. Bundan sonra həmin şəxsdən pulu geri istəyəcəklər”.
Son olaraq qeyd edək ki, bu kimi hallarla hər kəs qarşılaşa bilər. Lakin bunun qarşısını almaq da mümkündür. Belə ki, pul göndərəkən diqqətli olmaq lazımdır. Xüsusilə, böyük məbləğli köçürmələrdə. Çünki, hüquqşünasın da qeyd etdiyi kimi vətəndaş əgər pulu səhv göndərirsə, geri qaytarma prossesi uzanır. Qarşı tərəf vəsaiti qaytarmadığı halda, pulun geri qaytarılması məhkəmənin qərarından asılı olaraq aylarla davam edə bilər.
Buna görə də, onlayn pul köçürmələri edərkən qarşı tərəfdən aldığınız kartın 16 rəqəmli nömrəsinin düzgünlüyünə diqqət etmək lazımdır. Əməliyyatı ödəniş terminalları vasitəsilə həyata keçirirsizsə, bu zaman 16 rəqəmlə yanaşı, pul göndərdiyiniz şəxsin ad və soyadının ilk hərflərinə də diqqət edə bilərsiniz.
Həmçinin, yüksək məbləğli köçürmələri, bir dəfəyə deyil, bir neçə dəfəyə də göndərə bilərsiniz. /banco.az/
araz.az xəbər portalı.
araz.az xəbər portalı.