Elm və təhsil naziri Emin Əmrullayev Tibb Təhsili üzrə Beynəlxalq Konfransda Qarabağ Universitetinin modelinin hazırlandığı söyləyib. O bildirib ki, bu universitet yəqin ki, Ağdamda tikiləcək.
Bəs yeni yaradılacaq Qarabağ Universitetinin təhsil sistemində hansı dəyişikliklərin olacağı gözlənilir?
araz.az xəbər verir ki, bu barədə təhsil eksperti Elmin Nuri “MediaPost”a bildirib ki, sözügedən universitetdə dövrün əsas ixtisasları, tələbləri olan İT istiqaməti, mühəndislik, digər kriteriyalar da tədris olunacaq.
O qeyd edib ki, istər təhsilin keyfiyyətinə görə, istər ərazi və kəmiyyət ölçülərinə görə Qarabağ Universiteti xüsusi diqqət mərkəzində olacaq:
“Qarabağ universiteti barəsində hələ lap əvvəldən müəyyən işartılar var idi. Bu gün Qarabağda ayrıca bir dövlət universitetinin yaradılması və onun Qarabağ Universiteti deyə adlandırılması çox böyük göstəricidir. Təhsil dövlətçilik siyasətinin əsas vuran qolu, təməl nöqtələrindən biri olub. Məsələnin bir neçə rakursdan faydaları var: birincisi, dövlətçiliyə dəstək rakursundan; ikincisi azad olunmuş Qarabağ adının təhsil seqmentində də var olduğunu göstərmək; üçüncüsü isə tədrisin keyfiyyəti rakursundan. Qarabağ Universiteti, bəlkə də, Azərbaycanın xüsusi təhsil göstəricilərinə malik olan ən böyük ali təhsil müəssisəsi olacaq. Nazir tibb təhsil konfransında olduğuna görə, orada yalnız tibb təhsili barəsində danışıb. Amma həmin universitetdə dövrün əsas ixtisaslarından olan İT istiqaməti, mühəndislik, digər kriteriyalar da tədris olunacaq”.
Ekspertin sözlərinə görə, ölkəmizin bütün böyük universitetlərinin hamısı Bakıdadır, regionlardakı universitetlərimiz isə paytaxtdakılara nisbətən müəyyən qədər kölgədə qalır:
“Amma Qarabağ Universitetində beynəlxalq təhsil standartlarına cavab verən kampus, elmi heyət, laboratoriya, infrastruktur və digər lazımi hər şeyin öz əksini tapacağına inanıram”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.