Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırmalar aparıb. araz.az Əziz Ələkbərlinin “Qərbi Azərbaycan kəndləri” seriyasından növbəti yazısını təqdim edir.

Qəmərli Gərnibasar mahalının düzənlik hissəsində, İrəvan şəhərindən 28 kilometr cənubda, Gərni çayının solunda, Gərni çayından ayrılan su arxının kənarında, İrəvan-Naxçıvan-Bakı dəmiryol xəttinin və İrəvan-Naxçıvan-Culfa avtomobil yolunun üstündə yerləşən qəsəbə olub. 1961-ci ildən respublika tabeli şəhərdir.

1828-ci ilə qədər kənddə ancaq azərbaycanlılar yaşayıb. 1828-1829-cu illərdə kəndə İranın Xoy və Salmas vilayətlərindən köçürülüb gətirilmiş ermənilər də yerləşdirilib və o vaxtdan 1988-ci ilədək kənd azərbaycanlılarla ermənilərin yanaşı yaşadığı qarışıq yaşayış məntəqəsi olub, sonuncu tarixdə Qəmərlinin bütün azərbaycanlı əhalisi Azərbaycana qovularaq şəhər bütövlükdə erməniləşdirilib.

İvan Şopenin (1832) kitabında Gərnibasar mahalının Qəmərli kəndi kimi qeydə alınıb, kənddə 31 təsərrüfatda 167 nəfər (88 kişi, 79 qadın) azərbaycanlının və az qala iki o qədər – 54 təsərrüfatda 241 nəfər (139 kişi, 102 qadın) İrandan köçürülüb gətirilmiş erməninin yaşadığı göstərilib.

Sonrakı mənbələrdə də kəndin adı Qəmərli kimi yazıya alınıb. Adından da göründüyü kimi, bu toponim eramızdan əvvəl VIII əsrdə, daha dəqiq desək, eramızdan əvvəl 715-ci ildə Urartu çarı I Rusanın ordusunu darmadağın edərək, Qərbi Azərbaycan (indiki “Ermənistan”) ərazisində məskunlaşan Qamər (Kimmer//Kəmər) tayfasının adını yaşadan nadir toponimlərdən biridir.

1873-cü ilin statistikasında Qəmərlinin mülkədar kəndi olduğu, İrəvan şəhərindən 25 verst, Naxçıvan şəhərindən 115,25 verst aralıda yerləşdiyi göstərilib, kənddə 90 təsərrüfatda 563 nəfər (303 kişi, 260 qadın) azərbaycanlı, 178 təsərrüfatda 1.264 nəfər (662 kişi, 602 qadın) erməni qeydə alınıb. Mənbədə 1 məscid, 2 kilsə, 60 dükan, gündəlik bazar, poçt stansiyası və s. inzibati, ictimai və dini obyektlər də siyahıya alınıb.

1886-cı ildə kənddə 99 təsərrüfatda 668 nəfər (388 kişi, 280 qadın) azərbaycanlı, 228 təsərrüfatda 1.416 nəfər (788 kişi, 628 qadın) erməni yaşamışdır.

1886-cı ildə nəşr olunmuş “Zaqafqaziya diyarının dövlət kəndlilərinin vəziyyətinə dair materiallar” toplusunda Aşağı Qəmərli və Yuxarı Qəmərli kəndlərinin birlikdə Yeni Bayazid qəzasındakı Qızıldağ yaylağında, kəndlərdən 60 verst aralıda, 275 desyatin ərazini əhatə edən Qızıldağyurd adlı yurd yeri olduğu və kənd camaatının həmin yaylaq yerindən 30 ildən bəri istifadə etdiyi göstərilib.

Bundan əlavə, Qəmərli (Aşağı Qəmərli kəndi ilə bir yerdə) camaatının kənddən 12 verst aralıda 90 desyatin ərazini əhatə edən Ağqoyunağıl adlı qışlaq yeri olub.

Kənddə yaşayan azərbaycanlıların sayı 1997-ci ildə 757 nəfərə, 1905-ci ildə 870 nəfərə, 1914-cü ildə 835 nəfərə çatıb.

1918-ci ilin əvvəllərində kənd erməni vəhşiliyinin qurbanı olub, bölgədə azərbaycanlıların soyqırımı zamanı Qəmərli kəndinin türk-müsəlman əhalisinə də divan tutulub, onların bir hissəsi qəddarcasına qətlə yetirilib, sağ qalanlar yurd-yuvasından qovulublar.

Bölgədə Sovet hakimiyyəti qurulduqdan, erməni-daşnak hərbi qüvvələri darmadağın edildikdən sonra kəndin qaçqın əhalisinin bir hissəsi geri qayıtmaq imkanı qazanıb, 1922-ci ildə onların sayı 122 nəfər, 1926-cı ildə 248 nəfər, 1931-ci ildə 267 nəfər olub.

Yeri gəlmişkən, 1828-1830-cu illərdə İranın Xoy və Salmas vilayətlərindən köçürülüb gətirilmiş ermənilərin yerləşdirilməsi üçün Qəmərli kəndinin aşağısında yeni kənd salınıb, bu kənd Aşağı Qəmərli adlanıb, bütün statistik mənbələrdə bu kəndə aid göstəricilər Qəmərli kəndinin üstündə verilib. Qəmərli kəndi isə mənbələrdə bəzən Yuxarı Qəmərli kimi də qeydə alınıb. Tədricən bu kəndlər birləşib, 1930-cu ildə isə Aşağı Qəmərli kəndi rəsmi olaraq ləğv edilmiş və Qəmərli qəsəbəsinə qatılıb.

Lakin 1948-1953-cü illərin deportasiyasında kəndin bütün türk-müsəlman əhalisi zorla Azərbaycana köçürülüb, erməni rəhbərliyi bölgə üçün çox mühüm strateji əhəmiyyəti olan bu qədim türk yaşayış məntəqəsinin erməniləşdirilməsinə çalışıb. Lakin az sonra bəzi azərbaycanlı ailələri geri qayıdıb, onlar da 1988-ci il hadisələri zamanı doğma yurdu tərk etməyə məcbur ediliblər.

1945-ci il sentyabrın 4-də Qəmərli qəsəbəsinin və Qəmərli rayonunun adı dəyişdirilərək müvafiq şəkildə Artaşad qəsəbəsi və Artaşad rayonu adlandırılıb.

Azərbaycanda məşhur Qəmərlinski soyadının daşıyıcıları əslən bu yaşayış məntəqəsindəndirlər.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.