Türkiyədə bir neçə şəhərdə Fələstinə dəstək şüarları səsləndirirlər. İslam dünyasının hazırda mühafizəçisi olan Türkiyənin köməyinə çox dövlətin ehtiyacı var. Lakin bu küçələrə çıxanlar unudurlar ki, məhz Fələstin Türkiyənin idaərçiliyindən çıxmaq üçün ingilis və fransızların əli ilə minlərlə türk əsgərin həyatına son qoyub. Osmanlı arxivində aparılan araşdırmalara əsasən, Fələsətin, Suriya, Hicaz, Yəməndə 400.000 türk əsgər həyatını itirib.

araz.az Kult.az-a istinadən xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev 7 oktyabrda HƏMAS-ın İsrailə hücumu ilə başlayan müharibə haqda qeyd edib.

O bildirib ki, Səlahəddin Əyyubidən sonra, Sultan Səlim zamanında – 1517-ci ildə Qüds və Fələstin torpaqları Osmanlının ərazisinə daxil olub:

“Osmanlının bölgədəki varlığı sülh və sabitliyin qaynağı idi. 1915-1918-ci illərdə türk ordusu bölgədə olan müharibələr və xəyanətlər üzündən ərazini tərk etdi. Birinci Dünya müharibəsi zamanı Osmanlı ordusu Yəməndə, Hicazda, Fələstində, Suriyada xəyanət nəticəsində arxadan ağır zərbələr alaraq məğlub oldu. Hətta Fələstin üçün bayraq da hazırladılar. Müəllifi ingilis və fransız diplomatlar idi. O zaman Yaxın Şərqin bölüməsi üzrə görəvləndirilən fransız generalı Jorj Piko (George Picot) və ingilis diplomatı Mark Saykes (Mark Sykes) “Saykes-Piko Anlaşması” əsasında Fələstin bayrağı yaradıb və ərəbləri türklərə qarşı qoymağın təməlini atdılar. Bu bayrağın pan-ərəbizm işarəsi olduğunu bildirirlər, lakin əslində bu bayraq birbaşa türklərə qarşı hazırlanmışdır.

1916-1922-ci illərdə Böyük Britaniyanın Baş naziri olmuş Devid Lloyd Corc ilə Osmanlı İmperiyası tarixində əhəmiyyətli rol oynamış hərbçi və siyasi xadim Ənvər Paşa arasında gizli bir müqavilə olub. Həmin müqavilə hazırda Londonda (“Lordlar Evi Sənəd Bürosu – Beaverbrook Kolleksiyası – Lloyd George Araşdırmaları F-6-1- Sənədləri I-16 (b)”) saxlanılır və orda yazılır:

“Müqaviləyə görə, Ərəbistan müstəqil olacaq. Ermənistan və Suriya Osmanlı İmperiyası daxilində muxtar bir status qazanacaq: Mesopotamiya və Fələstin Misir kimi müharibədən əvvəl Osmanlı hakimiyyəti altına girəcək, ancaq ingilislərin himayəsində olacaq: Çanaqqaladan keçmək azadlığı təmin ediləcək”.

Lakin fələstinli ərəblər buna razı olmadılar. Osmanlı İmperiyası muxtar status verib, zamanla Fələstini müstəqil dövlət, Qüdsi isə onun paytaxtı edəcəkdi. Bu isə regionda birdəfəlik ərəb-yəhudi savaşına son qoyacaqdı. Lakin türklərin deyil, fələstinlilər ingilis-fransızların himayəsinə sığındılar və nəticəsi də göz önündədir”.

Alim vurğulayıb ki, Osmanlı dövlətinin Fələstində 1917-1918-ci illərdə ingilislər qarşısında ağır məğlubiyyətə uğramasının əsas səbəbkarlarından biri Şərif Hüseynin üsyançı ərəb silahlıları idi:

“Şərif Hüseyn döyüş zamanı minlərcə türk əsgərinin arxadan vurulmasında cavabdeh olan insandır. Özünü Məhəmməd Peyğəmbər (s.ə.s) nəslindən olduğunu bildirən biri idi. Buna sübut olaraq həmin döyüşlərdə şəhid olan 50 mindən çox türk əsgərinin Qüdsdə, Qəzzada və digər yerlərdə toplu məzarlığını göstərmək olar. Bu zaman Amerikadan gəlmiş yüzlərlə erməni muzdlu Fələstinin Osmanlıdan ayrılması üçün döyüşürdü.

Fələstində başlanan bu üsyan Qafqazda erməni dövlətinin yaranmasına da səbəb oldu. Onlar üsyan qaldırıb müstəqil olmasını istəyən zaman ermənilər də özlərinə dövlət istəməyə başladı. Nəticədə 9 min kvadrat kilometrdə yaranan bir kiçik federativ erməni dövləti Azərbaycanın böyük ərazilərini işğal elədi.

Hətta 2021-ci ildə İsrailin Baş naziri Benyamin Netanyahu Birinci Dünya müharibəsi zamanı Fələstin torpaqlarının Osmanlı hakimiyyətindən çıxdığını xüsusi qeyd edib. Bu ərəblər, xüsusilə fələstinlilər Türkiyədən indi kömək istəyirlər.

11 dekabr 1917-ci ildə Britaniya generalı Edmund Allenbi (Birinci Vikont) Qüdsə şəhərin Həzrəti İbrahim qapısından daxil olaraq təslim açarını alıb. Bu gündən etibarən 400 ildən çox Osmanlının idarəçiliyində olan Qüds itirildi. Onda fələstinlilər, ərəblər Osmanlıya yardım əvəzinə, onu arxadan vururdular. İndi öz əlləri ilə verdikləri torpaqları geri almaq üçün qovduqları, öldürdükləri türklərdən kömək istəyirlər. Hansı üzlə?”

Z.Əliyev Qüdsün Osmanlı dövrünə aid fotosunu da təqdim edib:

“Fotoda görünür ki, Osmalı-türk hakimiyyəti dövründə Fələstin, Qüds necə gözəl inkişaf edirdi və təhlükəsizlik necə təmin edilirdi. İndi isə xəyanət etdikləri dövlətdən, türk millətindən kömək istəyən fələstinlilərin sabah yenə türklərə xəyanət etməyəcəyinə kim zəmanət verə bilər?”

araz.az xəbər portalı.

araz.az xəbər portalı.