Millət vəkili Fazil Mustafa “Yeni Sabah”a müsahibə verib.
araz.az həmin müsahibəni təqdim edir:
– Qarabağda küçələrdən birinə erməni hüquq müdafiəçisi Georgi Vanyanın adının verilməsini təklif etdiniz. Amma bu təşəbbüsünüz ciddi müzakirələrə səbəb oldu. Təklifi verəndə bu cür sərt reaksiyaları gözləyirdinizmi?
– Bizim verdiyimiz təkliflə bağlı sərt yox, ağılsız və mənasız reaksiyalar verildi. İstər bəzi siyasi partiya təmsilçiləri, istərsə bəzi jurnalistlər məntiqi əsaslandırılmamış fikirlər söylədilər. Biz konseptual bir neçə məqalə yazdıq və burada da erməni məsələsi ilə bağlı atacağımız addımları təklif etdik. Bu təklifdir, baxıb bunun əsasında fikir bildirə bilərsiniz, amma təkliflərin arasından birini – Vanyanın adına küçə verilməsini götürüb tək onun haqda danışmaq, savadsız formada, sifariş verilmiş üslubda qaralama kampaniyası aparmaq düzgün deyil.
Biz təklifdə dedik ki, ermənilərin yaşadığı küçəyə sülhsevər bir erməninin adını verməliyik ki, islah olsunlar. Görsünlər ki, biz sülhsevər erməni ilə terrorçu ermənini fərqləndiririk. Əgər sən erməniyə bir küçə adı belə vermirsənsə, onda niyə təklif edirsən ki, ermənilər ora qayıtsın? İnteqrasiya üçün nələrsə təklif etməliyik, bunun da bir neçəsini mən dedim. Təkliflərim qaldı arxa planda, bəsit, ağılları ancaq küçə səviyyəsində düşünməyə çatanlar, yalnız küçə məsələsindən yapışdılar. Mən fikrimdə qalıram və israrlıyam.
– Bəziləri dedi ki, antiterror əməliyyatlarından çox qısa müddət keçib və şəhidlərin 40-ı hələ çıxmayıb…
– Şəhid adının spikulasiya edilməsi Azərbaycandakı çox böyük mənəvi düşüklüyün göstəricisidir. Şəhid hamımızın başının tacıdır və onların xatirəsini hər zaman uca tutmalıyıq. Amma bu o demək deyil ki, Azərbaycan heç bir problemini həll etməsin. Şəhidlərin 40-ı çıxmayıbsa, onda biz niyə dövlət səviyyəsində erməniləri çağırırıq ki, qayıtsınlar? Niyə onlara təminat veririk? Onda gözləyək şəhidlərin 40-ı çıxsın sonra edək də…
– Sizcə, bu təklifi səsləndirmək üçün bir müddət gözləmək olmazdımı?
– Bunu gözləyək, həmin vaxta kimi də ölkəmiz əleyhinə 10 qətnamə qəbul olunsun?! Biz bu təminatı verəndən sonra ölkəyə hücumlar dayandı, xaricdən gələcək olan sənədlər dayandı, hamısı masanın kənarında gözləyirdi. Şəhidlər məsələsini bura qatmağın nə mənası var?! Biz Qarabağı azad etmişik, qalib dövlətik. Qalib dövlət kimi məğlub olmuş, miskin vəziyyətdə olan erməninin xarici siyasətdə təzyiqlərini azaltmaq üçün təkliflərimizi verməliyik. Sabah erməni bələdiyyə seçkisi keçirəcək, biz şəhidlərin ruhunu əsas götürüb deyəcəyik ki, siz seçki edə bilməzsiniz? Yaxud onlar parlamentdə seçkilərdə iştirak etməlidir, deyəcəyik ki, yox gəlməyin? Belə məntiqsiz mülahizə olarmı? Sizə Qarabağın azadlığı lazımdır, yoxsa hansısa məsələdən həzz almaq? Biz həzzi Qarabağın azadlığından aldıq.
Cılız insanlar xırda məsələlərin üzərində düşünməklə, bu məsələlərə istiqaməti yönəltməklə Azərbaycanın gələcəyini gözləyən insanların təşəbbüsünün qarşısını alırlar. Bu nə deməkdir? Bir erməni bizim üçün çalışıb, bizim üçün ölübsə, onun haqqını verməyək? O qədər pis azərbaycanlı olub ki, xaricdə bizə daha da zərər verib. Biz pis azərbaycanlını nümunə gətirmirik ki, hər zaman yaxşını nümunə kimi göstəririk. Biz 5 milyonluq terrorçu xalqın içindən çıxan 1-2 ermənini sülhsevər obrazında verəndə bütövlükdə xalqa qarşı fobiya daşımadığımızı göstəririk. Heç olmasa, ölkə başçısının çıxışlarına baxın, öyrənin. Ölkə Prezidenti deyib ki, biz Qarabağdakı terrorçuları, separatçıları cəzalandırırıq, onları lənətləyirik, bizim sadə xalqla heç bir problemimiz yoxdur. Prezident şəhidi də, qazını də düşünür, amma o, eyni zamanda, dövlətin ali maraqlarını, ölkəyə qarşı edilən hücumların zərərsizləşdirilməsini də düşünür.
– Siz bu müzakirələrin sifarişli olduğunu düşünürsünüz?
– Belə vəziyyətdə populizmə, bu cür cılız, səviyyəsiz mövzu müzakirəsinə getmək açıq-aşkar sifarişli xarakter daşıyır. Biz nəyin hansı mənbədən gəldiyini yaxşı bilirik. Guya təklif bunların hamısının eyni vaxtda heysiyyatına toxundu…
Burada fəlakətli heç nə yoxdur. Təkliflə razı deyilsənsə, de ki, mən bununla razı deyiləm. Bu, təhqir etmək, söyüş söymək üçün mövzudur? Mən sadəcə təklif vermişəm. Özü də deyirlər ki, təklif Milli Məclisdə verilib. Mən Vanyanla bağlı təklifi Milli Məclisdə verməmişəm. Hamısı bu cür yazır, çünki sifariş gəlib ki, tənqid edin, onlar da heç yazını oxumadan başlayıblar tənqidə və təhqirə. Bu, sifarişi yerinə yetirmək üçün atılan addımlardır, bunun hardan qaynaqlandığını da yaxşı bilirəm, amma biz Azərbaycanın ali mövqeyi üçün nə lazımdırsa, qaragüruha baxmadan ortaya qoyacağıq. Çünki vətənin məsuliyyəti onu düşünən insanların çiynindədir. Şəhidə də, qaziyə də ən çox dəyər verənlərin sırasında biz dayanırıq. Şəhidin adından sui-istifadə edib duyğu sömürüsü edərək Azərbaycanın zərbə altında qalmasına yol verəcək zehniyyətə sahib deyilik. Təklifdən sonra ağıllı adamların birindən belə irad eşitmədim. Onların hamısı dedi ki, bu, məntiqli, doğru istiqamətdə atılan addımdır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.