Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla bu müsahibəni, araz.az xəbər portalı da, dəyərli oxucularına təqdim edir:
– Cümşüd bəy, Ermənistanın Rusiyaya qarşı davranışları pik həddə çatıb. Kremlin nəhayət İrəvana reaksiyası necə olacaq?
– Ermənistanın son davranışları artıq konkret mövqeyə keçib. Nikol Paşinyan ağlına nə gəlir ona korluq vermir. Ona görə də, Paşinyanın davranışlarından nəsə gözləmək olmur. Amma Ermənistan daxilində Azərbaycan həqiqətlərini danışa bilən səslər çoxalıb. Əvvəl bir-iki nəfər danışırdısa, artıq bu, kütləvi hal almağa başlayır. Hazırda erməni cəmiyyətində “Daşnaksutyun” və Rusiyaya qarşı ciddi ittihamlar var. Paşinyan isə Rusiyanın təşkil etdiyi toplantıdan imtina etməklə yanaşı rus sülhməramlılarını da qəbul etməyəcəyini açıqlayır. O, rus sülhməramlıları ilə bağlı məsələni Azərbaycanın öhdəsinə buraxır.
– İndi belə fikirlər səslənir ki, guya Azərbaycan Qranada görüşlərinə qatılsaydı, bu ilin sonuna kimi sülh sazişi imzalana bilərdi…
– Əslində burada Azərbaycanlıq bir iş yox idi. Bu, Fransanın Azərbaycana yaratmaq istədiyi problemlə bağlıdır. Azərbaycan dövləti ustalıqla bu məsələni neytrallaşırdı. Beləliklə də Ermənistan və onu dəstəkləyən qüvvələr çətin vəziyyətə düşdü. Ona görə də, erməni tərəfi Rusiyadan bu olanların heyfini çıxmağa çalışır. Amma bütün bunların fonunda Rusiyanın Ermənistana qarşı mövqeyi tam dəyişməyib. Əgər Azərbaycan Ermənistanın Rusiyaya davrandığı kimi davransa idi, çoxdan burada özü üçün bir cəbhə açmışdı. Görünən odur ki, Rusiya hələ də özünün Qafqaz siyasəti üçün Ermənistanı dəyənək statusunda görür.
– İsrail-Fələstin qarşıdurması fonunda Ermənistan və İranın davranışları bəllidir. Prosesin Cənubi Qafqaza ötürülməsi ilə bağlı fikirlər tirajlanır. Bu nə dərəcədə məntiqlidir?
– Bu gün İran və Ermənistan çox yanlış yol seçib. İsraili İran və Ermənistanın əl çalanları məğlub edə bilməyəcək. Hazırda İsrail özünün təhlükəsizliyi ilə bağlı məsələləri icra edir. Çünki məqsəd Qəzza məsələsinə son qoymaqdır. 1972-ci ildən bəri “HƏMAS” və digər terror qrupları İsrail üçün problemlər yaradırdı. Ona görə də, İsrail üçün beynəlxalq mexanizmin yaradılması vacib idi. Burada məsələ kökündən həll ediləcək. Bu günə kimi Fələstin-İsrail problemlərini ortaya çıxaran İran və “Asala” erməni terror təşkilatı olub. İsrail Qəzza problemini həll etdikdən sonra proseslərin Cənubi Qafqaza deyil, İrana sıçramaq ehtimalları var. İran bir qədər də artıq-əskik davransa, ABŞ-ın donanması Aralıq dənizinin Qərb sahillərindədir, istənilən vaxt ABŞ İranı vura bilər. Çünki ABŞ-ın İranı parçalamaq layihəsi 2025-ci ildə başa çatmalıdır. Ona görə də, hadisələrin öncədən proqnozlaşdırılmadığını demək o qədər də məntiqli görünmür.
– Zəngəzur dəhlizi ilə bağlı proseslər artıq bəlli bir səviyyədə açıq müzakirə edilir. Azərbaycan Naxçıvanla birbaşa kommunikasiyaların qurulmasında israrını nümayiş etdirir. Belə olan halda İran üzərindən yolun açılma ehtimalını necə dəyərləndirirsiniz?
– İran üzərindən yolun açılması heç də təsadüfi deyil. Azərbaycan çox ağıllı bir gediş etdi. Çünki İran bütün hallarda bu işə maneə olurdu. Azərbaycanın illik yük dövriyyəsi 35-40 milyon tona yaxındır. Ona görə də, tək Zəngəzur dəhlizi ilə bu yüklərin daşınmasını çatdırmaq mümkün olmayacaq. Bu, yaxın gələcək üçün edilən proqnozdur. Azərbaycanın 2030-cu illə bağlı strateji hədəfləri var. Tranzit ölkə kimi Azərbaycan Zəngəzur dəhlizi və İran üzərindən yüklərin daşınmasının Orta Dəhlizin açılması maraqlarına uyğun olduğu qənaətindədir. Bu, əslində İranın da maraqlarına uyğundur. Amma İran bunu istədi-istəmədi Zəngəzur dəhlizi açılacaq. BMT-nin tövsiyəsi ilə Zəngəzura 65-75 min azərbaycanlının köçürülməsinə razılıq verilib. Eyni zamanda Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə Azərbaycana vurduğu ziyana görə 100 milyarddan artıq təzminat ödəməlidir. İndiki halda bu ölkənin bütün var-dövləti heç 50 milyard etmir. Belə olan halda Ermənistan Zəngəzuru bu təzminatın qarşılığında Azərbaycana təhvil verməlidir. Vaxtilə Almaniya digər ölkələrə vurduğu ziyanın qarşılığını məhz bu cür ödəyib. Belə bir presedent var. Amma erməni tərəfi tək Zəngəzura vurduğu ziyanı ödəyə bilməyəcək. Bunun üzərində Göyçə də Azərbaycana təhvil verilməlidir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.