araz.az baki-xeber.com-a istinadən xəbər verir ki, ABŞ-ın İrəvan-Bakı münasibətlərində yeganə məqsədi Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyi təmin etməkdir. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovun “BMT Nizamnaməsinin prinsiplərinə tam şəkildə riayət etmək və qarşılıqlı əlaqə – beynəlxalq sülhün, sabitliyin açarıdır” adlı məqaləsində yer alan fikirlərinə münasibət bildirərkən deyib.
Miller vurğulayıb ki, ABŞ hökumətinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında yeganə məqsədi Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyin təmin edilməsidir. Dövlət Departamentinin rəsmisi onu da əlavə edib ki, ABŞ həmçinin Qarabağ əhalisinin humanitar ehtiyaclarının və hüquqlarının müdafiəsini təmin etməkdə maraqlıdır. Qeyd edək ki, daha əvvəl Lavrovun səsləndirdiyi iddiya əsasən, ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda qeyri-stabillik toxumu səpməyə davam edir. O əlavə edib ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Cənubi Qafqaz regionunda dinc həyatın bərqərar olmasına töhfəsini verməyə hazırdır. Bütün bunlar Cənubi Qafqazda ABŞ və Rusiya ziddiyyətlərinin yenidən alovlanmaqda olduğunu göstərir. Hazırda bu güclər regionda çəkişmə predmetində ərazi olaraq Ermənistanı seçiblər. Görünən budur ki, ABŞ və Avropa İttifaqı Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaqda israrlıdırlar. Avropa Parlamentinin Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri, deputat Marina Kalyurand bu fonda qeyd edir: “Ermənistanın Avropa İttifaqının dəstəyinə indi həmişəkindən daha çox ehtiyacı var”. Onun sözlərinə görə, böhrandan çıxmaq üçün Ermənistana Avropa İttifaqının həm maliyyə, həm də siyasi dəstəyi lazımdır. Avropa İttifaqının Ermənistana təhlükəsizlik təminatı verməyə nə dərəcədə hazır olması məsələsinə gəlincə, Kalyurand qeyd edir ki, bu, Ermənistan rəhbərliyinə ünvanlanmalı olan sualdır, bir çox qərarları Ermənistanın özü verməlidir: “Yardıma gəlincə, bəli, mən hesab edirəm ki, Ermənistan bu gün böhranın öhdəsindən gəlmək üçün Avropa İttifaqının dəstəyinə, o cümlədən siyasi, maliyyə dəstəyinə həmişəkindən daha çox ehtiyac duyur. Mən çox şadam ki, Avropa İttifaqı artıq dəstək verir, ilk qərar qəbul edilib, kömək üçün vəsait ayrılır. Təhlükəsizlik təminatlarına gəlincə, bu, daha çox Ermənistanın məsələsidir. Ermənistan bu gün KTMT-nin üzvüdür. Ermənistan Rusiya qüvvələri ilə əməkdaşlıq etdiyi halda təhlükəsizlik sahəsində Avropa İttifaqı ilə necə əməkdaşlıq edə bilər?”. Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı, erməni general Qaqik Melkonyan da bildirir ki, ölkəsi Rusiya ilə yollarını ayırıb Qərbə üz tutur: “Düzdür, “Rusiya strukturlarından çıxmaq üçün vaxt lazımdır. Gürcüstan iki muxtar dövləti itirərək rus buxovlarından xilas olub. Rusiya Federasiyasına arxalanaraq, onların Qarabağda ancaq müşahidəçi olduqlarını gördük. Qarabağı itirdik. Rusiya Azərbaycana yumşaq şəkildə kömək etdi. Qarabağı itirdikdən sonra Ermənistan hələ də təhlükə altındadır. Rus xalqı bizim dostumuzdur, amma Rusiya hökuməti yox. Roma Statutunun və Ermənistan-Fransa hərbi əməkdaşlığının ratifikasiyası müxalifəti və Rusiyanı komaya salıb”.
Təbii ki, Kreml baş verənlərdən, Ermənistanın Qərbə meyllənməsindən ciddi narahatdır. Onsuz da Roma Statutunun ratifikasiyasından sonra Rusiya ilə gərginləşən münasibətlər pik həddə çatmaq üzrədir. Rusiyanın siyasi elitası Ermənistanın son hərəkətindən çox narazıdır. Artıq Rusiyanın bir sıra siyasi ekspertləri şərhlər verərək Ermənistan dövlətinin silinəcəyini, bu ölkədə Ukrayna ssenarisinin təkrarlanacağını bildirirlər. Rusiyalı hərbi ekspert Aleksandr Xramçixin bildirib ki, Ermənistanı yeni geosiyasi oyunlara qoşmaq üçün Qərb yeni planlar hazırlayır: “İndi Fransa Ermənistana silah verməklə Cənubi Qafqazda özünün təsir dairəsini yaratmağa çalışır. Fransızlar özlərinin istehsalı olmayan silahları çətin ki, Ermənistana sata bilsinlər. Eyni zamanda, fransızlar indi Ukraynaya verməyə silahlarının olmamasından şikayətlənir. Maraqlıdır, bir tərəfdən silah satmağa hazırlaşırlar, digər tərəfdən isə silahlarının olmamasından gileylənirlər. Ermənistan həmişə şikayət edib ki, Qərb KTMT-nin üzvü olduğu üçün ona silah satmır. İndi nə baş verdi, Ermənistan KTMT-dən çıxdı? Deməli, KTMT İrəvana Qərbdən silah tədarük görməyə heç bir maneə yaratmır. Fransa Ermənistanla hərbi texnikanın tədarükü ilə bağlı müqavilə imzalamağa hazırdır. Amma Fransadan alınan silahlar Ermənistan silahlı qüvvələrində effektli olmayacaq”. Xramçixin Ermənistanın silah arsenalındakı sovet, rus, İran və Hindistan silah növlərinin ahəngdar işləyəcəyinə şübhə ilə yanaşır: “Buna baxmayaraq, ölkələr bir-birindən silah alır. Ən çox silah idxal edən Misirdir. Onlar 10-dan çox ölkədən silah alır və çox güclü orduya malikdirlər. Amma müxtəlif ölkələrdən alınan silahlar modifikasiya edilir”. Türkiyədən olan ekspert Abdullah Ağar isə məsələni belə şərh edir: “Ermənistan Rusiyadan çox asılıdır və bu asılılıqdan Moskva müxtəlif yollarla istifadə edə bilər. Amma Ermənistan da öz asılılıqlarından qurtulmağa meyllidir və bu məqamda həll yolunu Fransa, Avropa İttifaqı və ABŞ-la əməkdaşlıqda görə bilər. Bu çox gərgin, çox təhlükəlidir. Region müharibədən təsirlənir. Yəni Ermənistan bunu tarazlaya bilərmi? Bundan o qədər də əmin deyiləm. Çünki Rusiya kimi bir ölkəni öz qarşısına almaq ortaya çıxacaq risqlərlə, birgə hərəkətlərlə üzləşmək kimi bir nəticə ortaya çıxaracaq. O zaman bir sual verməliyik: Fransa, Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı real vaxtda çəkindirici təsir göstərə bilərmi? Açığı, mən hesab edirəm ki, bu çox asan deyil. Başqa sözlə desək, Rusiya real vaxtda təsirini ortaya qoyarkən, Ermənistanın əməkdaşlıq etdiyi Fransa, Avropa İttifaqı və ya ABŞ üçün bu təsirə cavab vermək çətin görünür. Buna cəhd etsələr, bölgə çox istiləşəcək və gərginlik artacaq”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.