Regionda, eləcə də dünyada siyasətlə maraqlanan hər kəs bilir ki, Səudiyyə Ərəbistanı dövlət olaraq yaranışından bəri ingilislərin, ABŞ-ın patronajlığı altındadır.
ABŞ sırf bu dövlətin rəhbərlərinin xətrinə dəyməsin deyə, bütün dünyadan demokratiya və insan haqlarına riayət tələb etdiyi halda, ər-Riyaddan nə azad seçki, nə də insan haqlarına hörmət tələb edir.
Səudiyyə Ərəbistanı sırf ABŞ-a güvəndiyi üçün regionun qüdrətli dövlətlərinə – Türkiyə və İrana zaman-zaman dirsək göstərir, dil çıxardır, söz atır, saymazlıq edir və s.
İsrail ortadakı İngiltərə və ABŞ himayəsi faktorunu nəzərə alır deyə, Səudiyyə Ərəbistanını o biri ərəb dövlətlərindən fərqləndirir.
Elə Səudiyyə kralları da həmişə ABŞ faktoruna görə onun regiondakı ən böyük müttəfiqi olan İsrailin Fələstin siyasəti xüsusunda neytral xətt tutur, çox zaman susur, bəzən dillənmək zorunda qalanda da qəlb qırmayacaq bəyanatlar verir.
ABŞ Səudiyyə Ərəbistanına tükənməz və hüdudsuz sərvətinə – neftinə, neftdən gələn milyardlarına görə hörmət qoyur.
Ər-Riyaddakı kral və saysız şahzadələr də anlayırlar ki, ABŞ-ın himayəsi olmasa, regionda işi ağır olar, qurdlar süfrəsində yemə çevrilər, ailə monarxiyasını əmin-amanlıqla davam etdirə bilməzlər.
Hər halda bu ərazidə yaşayan şeyx ailələri yüz illər boyunca güclü dövlətlərin əlinin altında yaşadıqlarını unutmayıblar.
Ona görə də onlar indiki böyük dövlətlərin ərkyana münasibətinə dözürlər, çünki ölkənin sərvətlərinin böyük hissəsi yenə də özlərinə qalır, şahzadələrin, şeyxzadələrin rifahına, əyləncəsinə, təhsilinə sərf olunur.
Ancaq görün, ABŞ prezidenti Donald Tramp öz bəyanatları ilə vəziyyəti hansı həddə çatdırıbsa, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ona qarşı söz deyir, ölkəsinin Amerika dəstəyindən asılı olması barədə Trampın bəyanatını düzgün hesab etmir.
Tramp deyib ki, Səudiyyə Ərəbistanı ABŞ-ın köməyi olmadan iki həftədən çox davam gətirə bilməz.
ABŞ prezidentinin sözlərində bir qədər həqiqət ola bilər, amma bu, o demək deyil ki, Səudiyyə Ərəbistanı kimi dövlət gerçəkdən də iki həftəyə çökər.
Məsələni qəlizləşdirən məqam odur ki, şahzadə Məhəmməd bin Salman da ranqından böyük danışıb və belə bir söz deyib: “Prezident Barak Obama 8 il ərzində Səudiyyə Ərəbistanı və ümumilikdə bütün Yaxın Şərqin əleyhinə fəaliyyət göstərsə də, biz öz maraqlarımızı qoruya bildik”.
Onun da xasiyyəti belədir. Bundan əvvəl Səudiyyə Ərəbistanına dost əli uzadan, krala böyük hörmət qoyan, onu “krallar kimi” ağırlayan Türkiyəyə də dil uzatmışdı. Belə görünür ki, şahzadə çox qürurludur və heç kəsin qabağında başıaşağı durmaq istəmir.
Elə ona görə də o, Trampın krala qoyduğu minnəti də tənqid edib: “Biz hesab edirik ki, Birləşmiş Ştatlardan aldığımız bütün silahların pulunu ödəmişik, onlar bizə havayı çatmayıb”.
Şahzadə bunu da düz deyir. ABŞ 2018-ci ildə Səudiyyə Ərəbistanına 15 milyard dollar dəyərində zenit-raket kompleksi satıb. “Sırıyıb” da demək olar. Çünki bu alqı-satqıda ABŞ tərəfi daha maraqlı idi.
Həmin vaxtlar ABŞ-ın daha dəqiqi, Donald Trampın özünü dövlət başçısından çox, reketlər kimi apardığına dair dünya mediasında da yazılar çıxmışdı.
Son hadisə göstərir ki, o, hakimiyyətə gəldiyi gündən elan etdiyi şüara (“hər şey Amerika üçün”) və yeritdiyi siyasətə (bütün dövlətləri ABŞ-ın qarşısında borclu çıxarmaq) sadiqdir.
Ən maraqlısı odur ki, Tramp bu yolda irəlilərkən, dost-düşmən, rəqib-müttəfiq fərqi qoymur, hamını dalayır. Bundan əvvəl o, Türkiyə, Kanada, Almaniya, İngiltərə kimi müttəfiqlərini də incitmişdi.
Bəs bu haraya qədər davam edəcək? Doğrudanmı bu adam ABŞ kimi nəhəng, güclü dövləti dünyada təklətdirəcək?
Proses bu istiqamətdə gedir. Əgər Səudiyyə Ərəbistanı kimi dövlətin rəhbərləri də dilə gəlir, Ağ Evlə söz güləşdirməyə qalxırlarsa, demək, ABŞ indən belə bu sayaq təpkilərlə çox üzləşəcək. Bu adam impiçment edilməsə, bütün dünya ABŞ-a qarşı üsyana qalxacaq.
Xalid KAZIMLI
araz.az xəbər portalı.