Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Ermənistanın müraciəti üzrə dinləmələr keçirəcək. BƏM-in yaydığı məlumata görə, irqi ayrıseçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyaya uyğun olaraq (Ermənistan Azərbaycana qarşı) 12 oktyabr 2023-cü ildə Məhkəmənin yerləşdiyi Haaqadakı Sülh Sarayında dinləmələr baş tutacaq.
araz.az baki-xeber.com-a istinadən xəbər verir ki, dnləmələr Ermənistanın müvəqqəti tədbirlərin görülməsi ilə bağlı müraciətinə həsr olunacaq.
Hər iki tərəf öz şifahi arqumentlərini təqdim edəcək.
Qeyd edək ki, Ermənistan bununla bağlı 28 sentyabr tarixində BƏM-ə müraciət edib.
Məlumat üçün bildirək ki, Ermənistanın 10 bənddən ibarət olan absurd müraciətində yer alan iddialar tamamilə əsassızdır. Müraciətdə “Azərbaycan İrqi Ayrıseçkiliyin Aradan Qaldırılması üzrə Komitə qarşısında öhdəliklərinin pozulmasına gətirib çıxara biləcək hər hansı tədbir görməkdən çəkinməlidir” kimi absurd ifadə yer alıb. Burada eyni zamanda “etnik təmizləmə”dən, guya Qarabağdan erməni əhalinin “qovulması”ndan dəm vurulur. Bu kimi cəfəngiyatlarla yanaşı, Azərbaycandan “tələb” edilir ki, (?) Qarabağdan dövlət qurumlarını, hərbi, polis qüvvələrini çıxarsın. Burada BQXK fəaliyyətinə, BMT və başqa beynəlxalq qurumların missiyanın Qarabağa səfərinə şərait yaradılması, Qarabağda yaşayan ermənilərin qaz və elektrik enerjisinin tam bərpasına kömək etməsi kimi istəklər də irəli sürülüb. Ermənistanın irəli sürdüyü ən cəfəng tələblərdən biri isə Bakıda barələrində cinayət işi açılan separatçılarla bağlıdır. Cəfəng müraciətdə “Azərbaycan Qarabağın “keçmiş” “siyasi nümayəndələrinə və ya hərbi qulluqçularına” qarşı cəza tədbirləri görməkdən çəkinməlidir”, eləcə də “erməni soyqırımı” ilə bağlı “abidələr”i “saxlamalıdır” kimi əsassız, icrası mümkünsüz məsələlər yer alıb. Ermənistanın tələbləri heç bir beynəlxalq hüquqi normativə söykənmir və bu səbəbdən onun icrası mümkünsüzdür.
- “Ermənistan bu cəfəng iddilalarla məsələni daha da siyasiləşdirmək istəyir”
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Bakı-Xəbər”ə şərhində Ermənistanın əsassız iddialarının yer aldığı maddələrin hamısını bir-bir təhlil etdi, Ermənistanın haqsız olduğunu və bununla Azərbaycanın daxili işlərinə qarışdığını dedi. “Məsələ burasındadır ki, Ermənistanın Beynəlxalq Məhkəməyə müraciət etməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır. Bu müraciət Azərbaycanın daxili işinə qarışmaqla bağlı bir çox məsələləri özündə ehtiva edir. Birincisi, bu müraciətin qəbuledilməzliyi ilə bağlı məhkəmə qərar qəbul etməlidir. Bu, Azərbaycanın daxili məsələləridir. İkincisi, Azərbaycan ayrıseçkiliyin bütün növlərinin aradan qaldırılması ilə bağlı konvensiyaya qoşulub və bu konvensiya ilə bağlı mütəmadi olaraq hesabatlar təqdim edir, hər hansı bir normanın pozulması prosesi baş verməyib. Amma Ermənistan Respublikası tərəfindən Azərbaycanın bu irqi ayrıseçkiliyin aradan qaldırııması ilə bağlı konvensiyasının əksər normalarını pozulub. Çünki azərbaycanlı əhali Ermənistandan kütləvi deportasiyaya məruz qalıb, məhz azərbaycanlı olduqlarına görə onların bir çoxu öldürülüb. Eyni zamanda Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində Azərbaycanın daxilində 1 miyona yaxın şəxs evindən-eşiyindən didərgin düşüb, onların mülkiyyət hüquqları məhv edilib, kütləvi şəkildə öldürülüblər. Yəni həm kütləvi etnik təmizləmə, həm məcburi köçürmə baş verib. Üçüncü tərəfdən isə Azərbaycanın bütün maddi – mənəvi irsi məhv edilib, Azərbaycanın kimliyi ilə bağlı tarixi abidələr, məscidlər həm Ermənistan ərazisində, həm də işğal dövründə bizim toraqlarda yerlə-yeksan edilib, minlərlə eksponat oğurlanıb aparılıb. Azərbaycanda irqi ayrıseçkiliklə bağlı heç bir hərəkətə yol verilməyib.
Onların ikinci absurd iddiasına gəlincə, Azərbaycan tərəfindən Azərbaycan ərazisində yaşayan etnik ermənilərin hər hansı formadasa məcburi köçürülməsi prosesi baş verməyib, onlar öz arzu və istəkləri ilə Qarabağ ərazisini tərk ediblər. Azərbaycan hökuməti tərəfindən dəfələrlə onlara reinteqrasiya təklif olunub və onların həyatları, yaşamaları üçün heç bir təhlükə olmadığı bəyan edilib. Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı hökumət ən ali səviyyədə işçi qrupu yaradıb, həmçinin erməni sakinlərin nümayəndələri ilə görüşlər keçirilib, müzakirələr aparılıb, onların bütün hüquqlarının Azərbaycan konstitusiyası ilə təmin ediləcəyinə təminat verilib. Hazırda xeyli sayda etnik erməni Qarabağ ərazisində yaşamağa davam edir. Azərbaycan vətəndaşlığını qəbul edə biləcək, qanunlarımıza tabe olan bütün etik ermənilərin yaşamasına, geri qayıtmasına təminat verir. Təbii, ancaq o şəxslər ki, orda doğulub boya-başa çatıblar, başqa ölkənin vətəndaşları deyillər. Azərbaycan ərazisini tərk edən etnik ermənilərin bəlkə də yüz faizi Ermənistan pasportuna malik olan şəxslərdir. Bu amili də xüsusi qeyd etmək lazımdır. Azərbaycan ikili ölkə vətəndaşlığını qəbul etmir” – deyə bildirən Ə.Nuriyev qeyd etdi ki, Ermənistanın Qarabağdan gedən ermənilərlə bağlı irəli sürdüyü iddia da tam əsassızdır. O qeyd etdi ki, BMT-nin birinci missiyası da Qarabağda ermənilərə qarşı heç bir zorakılıq olmadığını, yaşayış yerlərinə, mülki obyektlərə heç bir ziyan dəymədiyini xüsusi olaraq vurğulayıb: “Heç bir problem olmadığı halda Ermənistan bu cəfəng iddilalarla məsələni daha da siyasiləşdirmək istəyir. İnanmıram ki, beynəlxalq məhkəmə Ermənistanın bu əsassız iddiaları ilə bağlı hansısa qərar qəbul etsin”.
Ermənistanın digər iddiasına gəlincə, Ə.Nuriyev “Ermənistanın bu tələbi də cəfəngiyatdır, əsassız tələbdir və bu heç cür beynəlxalq məhkəmə tərəfindən qəbul edilə bilməz. Çünki Azərbaycan BMT, Ermənistan və bütün dünya tərəfindən tanınmış öz ərazisində dövlət qurumlarının fəaliyyətini, konstitusion quruluşunu bərpa etmək istiqamətində addımlar atıb. Orada polisin, təhlükəsizlik qüvvələrinin olması Azərbaycanın qanuni, legitim hüququdur. Ona görə də, Ermənistanın bu iddiası da absurddur. Ermənistanın bu istiqamətdə Azərbaycanın daxili işlərinə müdaxiləsinin hər zaman şahidi olmuşuq. Ermənistan büdcəsindən hər il Qarabağda xuntanın saxlanılmasına 400 milyon dollara yaxın birbaşa vəsait ödənilirdi. Bu isə orada qanunsuz silahlı birləşmələrin saxlanmasına, konstitusiya quruluşu əleyhinə olan strukturların yenilənməsinə xərclənib. Bu da birbaşa Azərbaycanın daxili işlərinə qarışmaqdı və qəbil edilə bilməz. Azərbaycanın öz istənilən ərazisində polis və hərbi qüvvələr yerləşdirməsi suveren hüququdur. Digər iddiaları beynəlxalq missiya ilə bağlıdır. Bir neçə gün əvvəl BMT-nin xüsusi missiyası Qarabağda olub. BMT oktyabrın 9-da da Qarabağa missiya göndərib. Bütün bu qurumlar Azərbaycanın dövlət və hakimiyyət orqanları ilə əlaqəli şəkildə işləməlidir. Azərbaycanın ərazisi BMT-yə açıqdır və onlar gəlib burada missiya aparırlar. Missiyanın ora gəlməsi bir daha bunu təsdiqlədi. Azərbaycanda bununla bağlı bir problem yoxdur. BMT gəlib yoxlayıb gedir. Azərbaycanın BMT-də xüsusi daimi nümayəndəliyi var”.
Azərbaycanın BQXK-nın Qarabağdakı nümayəndələrinin fəlaiyyətinə də şərait yaratdığını deyən Ə.Nuriyev qeyfd etdi ki, baş verən partlayış zamanı biz bunu müşahidə etdik. Qarabağdakı ermənilərin yüksək səviyyədə kommunal xidmətlə təmin edildiyini deyən Ə.Nuriyev bildirdi ki, Azərbaycan onlara böyük qayğı göstərir.
Qarabağdakı separatçı xuntanın liderlərinin və nümayəndələrinin saxlanılmasına Ermənistanın münasibətinə gəlincə, “bu “siyasi və hərbi rəhbərlik” Azərbaycan əhalisinə qarşı etnik təmizləmə həyata keçirib, kütləvi qətllər törədiblər. Xocalı, Meşəli soyqırımları baş verib, kütləvi məzarlıqlar aşkarlanıb, Gəncə, Bərdə kimi şəhərlərimiz bombalanıb. Bu qatilləri, caniləri cinayət məsuliyyətinə cəlb etmişik. O canilər illərlə Azərbaycan ərazisini talan ediblər, insanlarımızı, şəhərlərimizi, təbiətimizi, mədəni abidələrimizi genosidə məruz qoyublar, kütləvi terror aktları həyata keçiriblər. Bizim minlərlə şəhidimiz var. Mülki insanlarımız öldürülüb . Ona görə bu canilər günahkrdır. O günahkarların bir çoxu Ermənistan ərazisində gizlənib. Ermənistan Sarkisyanı, Köçəryanı və başqalarını Azərbaycana təhvil verməlidir və onlar üzərində ədalət məhkəməsi qurulmalıdır. Onlar öz etdiklərinin cəzasını almalıdır”.
Digər iddialara gəlincə, Ə.Nuriyev qeyd etdi ki, qondarma “soyqırım”la bağlı heç bir “abidə” bizim ərazidə qala bilməz, əks halda bu cəfəngiyat separatizmin alovlanmasına səbəb ola bilər. Ermənilər bizim soydaşlarımıza, vətəndaşlarımıza qarşı soyqırım həyata keçirib, biz onları “soyqırım”a məruz qoymamışıq. Ona görə də bütün qondarma “soyqırımı” xatırladan nəsnələr sökülməlidir.
Tarix-mədəniyyət abidələrinə gəlincə, Azərbaycan dövləti bütün ölkə ərazisində onları bərpa edib qoruyur. Qarabağda xunta rejiminin yaratdığı saxta reyestrin “saxlanması” tələbinə gəlincə, müsahibmiz bunun da absurd olduğunu bildirdi: “Separatçıların yaratdığı bu “reyestr” heç zaman tanına bilməz. Bu qanunsuzdur. Onların heç birinə hüquqi mənbə kimi istinad edilə bilməz. Bu, xunta rejimi liderlərinin cinayətlərini ifşa edir.
Sonuncu qondarma tələblərinə gəlincə, biz beynəlxalq məhkəmə tərəfindən belə bir qərarın qəbul edilməsini mümkünsüz hesab edirik” – deyən müsahibimiz qeyd etdi ki, Azərbaycan Ermənistanın bu əsassız iddiaları qarşısında öz faktlarını, dəlilərini ortaya qoyacaq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.