Qərbi Azərbaycan İcması oktyabrın 11-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in illik “İnsan ölçüsü” üzrə konfransı çərçivəsində “Evə qayıdış: Qaçqınların qayıdış hüququnun təmin edilməsi” mövzusunda tədbir təşkil edib.
İcmadan araz.az-a bildiriblər ki, ATƏT-in iştirakçı dövlətlərinin, beynəlxalq təşkilatların və insan hüquqları sahəsində ixtisaslaşmış QHT-lər və mütəxəssislərin iştirakı ilə keçirilmiş tədbirdə təhlükəsiz və ləyaqətli qayıdışın insan hüquqlarının aliliyinin təmin olunması, dünyada köçkün probleminin davamlı həlli yolu kimi təşviq edilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə moderatorluq edən Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü Pərvanə Vəliyeva ailəsinin Vedibasardan qovulmasının tarixçəsini bölüşüb. O bildirib ki, İcma etnik təmizləmə və qaçqınlıq həyatının ağrılı keçmişini tarixi yaddaşında saxlamaqla bərabər, bölgədə sülhün və inkişafın təmin edilməsinin yolunun qayıdış və barışıqdan keçdiyini qəbul edir.
Tədbirin panel iştirakçısı, Bosniya-Herseqovinada fəaliyyət göstərən “Dostluq körpüləri” qeyri-hökumət təşkilatının nümayəndəsi Erna Yaşareviç özünün qaçqınlıq hekayəsindən bəhs edərək, müharibə və etnik təmizləmənin mülki şəxslərə mənfi təsiri barədə məlumat verib. Xanım Yaşareviç barışığın və sülhün əldə edilməsi üçün ədalətin bərqərar olunmasının zəruriliyini vurğulayıb. Bu mənada o, qayıdış hüququnun təmin edilməsinin vacibliyini qeyd edib və bu sahədə Balkan təcrübəsi haqqında məlumat verib.
Sonra çıxış edən Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov İcmanın fəaliyyətinin məqsədləri, Qayıdış Konsepsiyası və Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə qayıdışı istiqamətində indiyədək həyata keçirilmiş tədbirlər barədə məlumat verib. K. Cəfərov regionda davamlı sülh üçün münasib şəraitin yetişdiyini vurğulayaraq, sülh gündəliyini seçməsi və qovulmuş azərbaycanlıların qayıdışına şərait yaratması üçün Ermənistana çağırış edib.
Qeyd edək ki, Ermənistan tərəfi növbəti dəfə qeyri-konstruktivlik nümayiş etdirərək, İcmanın konfransda iştirakına və sözügedən tədbiri təşkil etməsinə əngəl törətmək üçün uğursuz cəhdlər göstərmişdi.
Qərbi Azərbaycan İcmasının ATƏT-in insan hüquqları sahəsində əsas tədbiri olan “İnsan ölçüsü” üzrə konfransında iştirakı və onun çərçivəsində ayrıca tədbir təşkil etməsi təşkilatın beynəlxalq profilinin artması, qayıdış hüququnun beynəlxalq gündəliyə gətirilməsi baxımından mühüm hadisədir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.