İbrahim Rüstəmli: “Üzü qışa doğru getdikcə, onların gizlənmək imkanı məhdudlaşacaq”
“Bu gün ərazilərin quldur dəstələrindən təmizlənməsi prosesi gedir. Bizdə olan məlumatlara görə, hələ ərazimizdə gizlənməyə davam edən müəyyən qruplar mövcuddur”. Bunu Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən deyib.
Ölkə başçısının sözlərinə görə, bir sutkadan da az davam edən tədbirlər nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərksilah edildi: “10-15 min nəfərlik çoxminli kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu. Bütün tədbirlər 24 saatdan da az davam etdi. Bu müddət Ermənistanın qanunsuz hərbi birləşmələrinin tam şəkildə demoralizasiyası və mahiyyət etibarilə, təslim olması üçün kifayət etdi. Bu gün ərazilərin quldur dəstələrindən təmizlənməsi prosesi gedir. Bizdə olan məlumatlara görə, hələ ərazimizdə gizlənməyə davam edən müəyyən qruplar mövcuddur. Sentyabrın 20-dən sonra Qarabağda hərbi təxribatlar törədildi. Ərazi kifayət qədər böyükdür, dağlıqdır, meşəlikdir, buna görə də bizə ərazini quldur birləşmələrindən tamamilə təmizləmək üçün vaxt lazım olacaq”.
- “Soyuqlar düşəndən sonra ağacların yarpaqları töküləcək və həmin quldurların gizlənmək şansı əvvəlki kimi olmayacaq”
araz.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən hərbi ekspert İbrahim Rüstəmlinin fikrincə, Prezident bununla çox vacib məqama toxundu: “Ölkə başçısı nə dediyini çox yaxşı bilir. Biz nəzərə almalıyıq ki, 30 il ərazilərimiz işğal altında qaldı. Bu müddət ərzində Ermənistan Qarabağa xeyli silah-sursat daşıyıb. 44 günlük Vətən müharibəsində ərazilərimizin böyük hissəsini azad etsək də, 2 il ərzində yenə qanunsuz olaraq Qarabağa silahlar daşınırdı. Özü də müxtəlif yollarla. Ancaq aprelin 23-də Laçın sərhəd-nəzarət məntəqəsində postumuz qurulandan sonra bunun qarşısı birdəfəlik alındı. Ən nəhayət sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirlərindən sonra separatçılar təslim oldular. Onların illərlə bura daşıdıqları silah-sursat, hərbi texnika müsadirə olunur. Ancaq bütün bunlar o demək deyil ki, bütün silahlar müsadirə olunub və qanunsuz hərbi birləşmələrin hamısı silahı yerə qoyub. Erməni əhalisinin böyük hissəsi Qarabağı tərk etsə də, oranın təbiətindən, relyefindən istifadə edib gizlənən qruplar var. Prezidentimiz ciddi informasiyalara malik olmasa bunu deməz. Çünki ərazinin relyefi dağlıq və meşəlikdir. Bu da imkan verir ki, həmin quldurlar bir müddət gizlənə bilsinlər. Ancaq havalar üzü qışa doğru getdikcə, onların bu imkanı məhdlaşacaq. Soyuqlar düşəcək və ən başlıcası ağacların yarpaqları töküləndən sonra həmin quldurların gizlənmək şansı əvvəlki kimi olmayacaq. Üstəlik, ərazilər nəzarətimizə keçdiyi üçün orada arama fəaliyyəti aparılır. Aramalara PUA-lar da cəlb ediləndən sonra işlər sürətlənə bilər. Bir sözlə, erməni quldurlar öz məqsədlərinə çata bilməyəcəklər”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.