corek89

Son bir ayda Azərbaycanda unun qiyməti bahalaşıb.

araz.az xəbər verir ki, topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində 1 manata yaxın artım olub.

Qeyd edək ki, Azərbaycanda unun topdansatışı ilə 23 şirkət və bir fərdi sahibkar məşğul olur. Əksər satış mərkəzlərində qiymət artımı qeydə alınıb.

Unun bahalaşması çörəyin qiymətinə necə təsir edəcək?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, il ərzində unun qiymətində daimi olaraq dəyişikliklər baş verir.

“Statistikaya nəzər salsaq, ötən ilin dekabr ayından etibarən unun qiymətində ucuzlaşma müşahidə olunurdu. Lakin avqust ayından etibarən buğdanın qiymətindən asılı olaraq unun da qiymətində bahalaşma qeydə alınıb”.

Ekspert qeyd edib ki, Azərbaycan idxala bağlı ölkədir.

“Ümumi olaraq ölkəmizdə il ərzində 3,9 milyon ton taxıl istehlak edilir. Bunun ortalama olaraq 1,9 milyon tonunu Azərbaycan özü istehsal edir. Geri qalan hissəsi isə idxaldır”.

E.Səfərli qeyd edib ki, hazırda Azərbaycanın kifayət qədər taxıl ehtiyatı var.

“Hazırda unun qiymətinin qalxması ölkəmizdə çörəyin qiymətinə təsir etməyəcək. Amma unun bahalaşması tendensiyası davam edərsə, onda çörəyin qiyməti bahalaşa bilər”, – deyə o qeyd edib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.