Rəsmi olaraq Bakı şəhərinin 12 rayonu var. Amma və lakin həmin rayonlardan bəziləri gözdən uzaq olduqları kimi könüldən də uzaq olublar. Bir çox hallarda həmin rayonların mərkəzləri də daxil olmaqla, qəsəbələr əyalətdəki yaşayış məntəqələrini xatırladıb. Müstəqilliyin ilk illərində hökm sürən vəziyyət bir neçə rayonda bu gün də davam etməkdədir.

araz.az aztoday.az-a istinadən xəbər verir ki, həmin etinasızlıq burulğanında üzən rayonlardan biri də Suraxanı rayonudur. Onu da xatırlatmaq gərəkdir ki, bu rayonun bəxti heç vaxt gətirməyib. Sovet dövründə gürcü bolşeviki Serqo Orconikidzenin adını daşıyan bu rayon şəhərkənarı olduğu üçün inkisafdan geri qalırdı. Ancaq ən azından Hövsan, Qaraçuxur, Yeni Günəşli qəsəbələrində təmizlik və səliqəlilik baxımından abadlılığı ilə seçilirdisə, sovet dağılandan sonra nə cəbhəçilərin dövründə sabiq AMİP-çinin, sonrakı məşhur YAP-çının dövründə üzü gülüb. Belə ki, Hacıbala Abutalıbov Suraxanıya gəlib, bir neçə heykəl qoyub, park salıb, özünü reklam edib yüksək vəzifəyə gedib. Ondan sonra gələn Natiq Mehdiyev, İlqar Abbasov isə torpaqların satışı, qanunsuz evlərin tikintisindən pul qazanmaqdan başqa, heç bir iş görməyiblər.
Həmin ənənəni çox bərbad şəkildə Əziz Əzizov davam etdirir. “Bərbad şəkildə” ona görə deyirik ki, İlqar Abbasovun dövründə heç olmasa, gözdən uzaq qəsəbələr baxımsız, boş torpaqlar elə unudulmuş kimi qalmışdı. Əzizov gələndən sonra rayonda boş qalan ərazilərdə “yağışdan sonra çıxan göbələklər” kimi bir neçə günün içində çoxsaylı obyektlər ortaya çıxmağa başladı. Həmin obyektlər indi sovet vaxtındakı gecəqonduların inşası sürəti ilə bir gecədə tikilir. Sakinlər gecə yatır səhər dururlar ki, binanın qabağında obyekt tikilib, damında tamamlama işləri gedir.

Sakinlərin AzToday.az-a ünvanladığı şikayət məktublarında Hövsan, Yeni Suraxanı qəsəbələrində durumun daha ağır olduğunu görmək olur. Məsələn, Hövsanda az qala xarabalığa çevrilən həyətləri, illərdir yaşayış olan massivlərdə yolları abadlaşdırmaq əvəzinə Əziz Əzizov binaların həyətlərində qanunsuz olaraq obyekt tikintisinə icazə verir. Onsuz da istismar müddətini başa vurmuş binaların zirzəmilərində də eyni vəziyyət daha acınacaqlı şəkildə davam edir. Bu günlərdə qəsəbənin Hafiz Quliyev küçəsində yerləşən 24-cü binanın əsas sütunlarının sökülməsinə görə şikayətçilərin media orqanlarına üz tutması və əlaqədar orqanların da heç bir ciddi tədbir görməməsi bunu bir daha sübut edir.

Bir neçə il bundan qabaq, daha doğrusu, E.Əzizovun vəzifəyə transfer olduğu 2019-cu ilin sonundan bəri mediada ciddi müzakirələrə səbəb olan və indi də baş alıb gedən “obyekt tikintisi bumu” Hövsanda tam sürətlə davam edir. Vəziyyət o həddə gəlib çatıb ki, hətta “Hacıbalanın yadigarı” olan məşhur “Yeddi gözəl” parkının onsuz da kiçik olan ərazisi zəbt edilərək, orada da obyektin tikintisinə icazə verilib!

Hövsanda ən acınacaqlı vəziyyət isə qəsəbənin əsas küçəsi sayılan İlqar Əhlimanov küçəsindədir. Bu küçə boyu obyektlərin sayının durmadan artması bir tərəfə, Əziz Əzizov gələndən neçə ildir ki, səkilərin qanunsuz ticarətlə məşğul olan meyvə satanların oylağına çevrilməsi başqa dərddir. Bunun nəticəsində həmin ərazidə nəqliyyatın və insanların gediş-gəlişinə maneə yaradılmaqla yanaşı, sözün əsl mənasında antisanitariya hökm sürür. Bu barədə televiziya kanalları və digər media qurumları dəfələrlə xəbər yayımlasalar da, Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən heç bir tədbir görülmür. Tədbir görülmürsə, deməli, burada da hansısa gizli səbəb var(???). Sual olunur: Suraxanı icra başçısı obyekt inşası və küçə ticarətindən nə qazanır?

Onu da deyək ki, Əziz müəllim təhsil şöbələrinin ləğv olunduğunu fürsət bilərək, özünü rayon təhsil şöbəsinin müdiri kimi aparır. Belə ki, rayonun problemləri ilə başını yormaq istəməyən icra başçısı özünü reklam etmək üçün məktəblərə üz tutmaqla, direktorları təltif etməklə məşğuldur. Deyəsən, icra başçısı unudub ki, əvvəllər olduğu kimi, məktəblərin direktorları daha icra başçılarının xeyir-duası ilə təyin olunmur.

Göründüyü kimi, icra başçısı təyin olunandan sonra Suraxanının problemləri birə beş artsa da, öz işini buraxıb özünüreklamla məşğul olan Əziz Əzizovu hansısa “gizli əl” himayə etdiyi üçün barəsində yekun “fərman” imzalanmır. Suraxanı sakinləri isə hələ də ümidlərini üzməyiblər və yaxın günlərdə dövlət başçısı tərəfindən həmin fərmanın imzalanmasını intizarla gözləyirlər.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.