Əli günahsız azərbaycanlıların qanına batmış Arayik Arutyunyan vəkilindən oxumaq üçün kitab istəyib.
Hə, vallah!
Arayik deyib ki, saxlanma şəraitindən razıdır. “İçəri”də günü pis keçmir. Gündə üç dəfə isti yeməklə təmin olunur, vaxtlı-vaxtında əyin başını dəyişir, təzə, keyfiyyətli paltarlar geyinir.
Düz deyir!
O gün digər terrorçubaşının – səhv etmirəmsə, Bako Saakyanın əynində bir köynək gördüm. Əminəm ki, o əclaf hətta qondarma respublikanın “prezidenti” olanda da belə keyfiyyətli paltar geyinməyib. İyirmi beş ilin jurnalistiyəm, mən özüm o cür brend malı ancaq vitrində görmüşəm…
Qukasyan da, Vardanyan da yağ-bal içərisində yaşayır. Vaqif Xaçaturyan müalicə olunmaq üçün İrəvana gedəndə saxlanılmışdı. Atası həbs olunanda qızı tumanını başına atmışdı ki, vəziyyəti ağırdır, azərbaycanlılar onu dərhal azad etməsələr, bir-iki günə öləcək. Dünən məhkəmə zalından çəkilmiş videogörüntülərə baxdım: dəyyusun yanağından yağ damır…
Biz hüquqi dövlətdə yaşayırıq. Bu canilərin cəzasını insanlar yox, qanunlar verəcək. Əminəm ki, layiq olduqları cəzanı alacaqlar!
Xaçaturyan vələdüzinanın məhkəmədə necə göz yaşı axıtdığını gördünüzmü? Əsl erməni xarakteridir. Bunlar yaradılışdan belədir; zəifin qabağında şir, güclünün qabağında tülkü olurlar.
Biz tərəfdə Araik kimi adamlar haqda belə deyirdilər: tülküdən 3 gün əvvəl doğulub. Xankəndidə özünü terrorçu kimi aparan, 2020-ci ildə gecəyarısı Gəncədə yaşayış binasının vurulmasını əmr edən, onlarla insanı gözüyaşlı qoyan bu əclaf indi kitaboxuyan çıxıb. Adamın sifətində terrorçulara xas olan cizgilərin hamısı həkk olunub, üzündən qatillik yağır, amma təcridxanada kitab davası edir. Ay əclaf, kitab oxuyan adam yaşayış binasını raketlə vurdurub 10-a yaxın uşağı yetim qoyarmı? Ömür boyu silah tutan əllərə kitab tutmaq yaraşmır. Sənə yaraşan qandaldır, qandal!
Qandın?!
Seymur VERDİZADƏ.
araz.az xəbər portalı.